Onlayn ictimai-siyasi qəzet
21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarına “Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda elmi-praktik təlim təşkil olunub.
Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. O, qeyd edib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. K.Axundova həmçinin, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 9 aprel 2013-cü il tarixli 2837 №-li “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü “Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib, bu sahədə Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırladıb. Bildirib ki, dövlətimizin başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.
Dilçi alim vurğulayıb ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müvafiq qurumlar qarşısında mühüm tələblər qoyur. Qeyd olunub ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Təşkil olunmuş təlimin Dilçilik İnstitutu ilə keçirilməsinin də məqsədi dövlət qulluqçularınının dildən düzgün istifadə qaydalarına və normalara əməl etməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirilməsidir.
T.Şükürlü çıxışında rəsmi-işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər barədə məlumat verib, nümunələrlə fikrini izah edib, eləcə də dövlət qulluqçularının suallarını cavablandırıb.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ