Onlayn ictimai-siyasi qəzet
Ağcabədi rayonunun Kürdlər kəndində təşkil olunan sünnət toyunda başlayan mübahisə ölümlə nəticələnib. Mübahisəyə səbəb məclisdə musiqi sifarişi üstündə olub.
Musavat.com xəbər verir ki, Ramil Muradov həmkəndlisi Zaur Məhərrəmova yumruqla zərbə vuraraq onun ölümünə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Ramil Muradov məclisdə musiqi üstündə əvvəlcə Sabir adlı həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı Sabir ona “maydan” deyib. Tərəflər arasında yumruq davası olub. Sonra məclisdə olanlar hər iki şəxsi sakitləşdirərək oradan uzaqlaşdırıb.
Ramil Muradov qardaşı və qardaşı oğlu ilə məclisdən evə qayıdarkən Zaur Məhərrəmov onun arxasınca gələrək mübahisə edib. Zaur Ramildən qardaşı ilə niyə mübahisə etdiyini, niyə onu söydüyünü soruşub. Ramil isə onun qardaşını söymədiyini deyib.
Mübahisə zamanı Ramil Zaur Məhərrəmovun sifət nahiyyəsinə bir zərbə endirib. Zaur müvazinətini itirərək yerə yıxılıb. Başı asfalt örtüyünə dəyərək ağır xəsarət alıb. Onu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Ramil ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, Zauru öldürmək niyyəti olmayıb. Onun başının asfalta dəyməsini, ölməsini sonradan bilib.
“Məclisdə 5-6 “rumka” araq içmişdim. Sabirlə mübahisəni də o başlatdı. Mənə “maydan” dedi. Bir-birimizə yumruq atdıq. Sonra da bizi oradan çıxardılar. Üzərimdə bıçaq var idi, amma meyvə soymaq üçün çıxarıb stolun üstünə qoymuşdum. Texnikadan istifadə etdiyim üçün mənə bıçaq lazım olurdu. Mən məclisdən çıxanda belə bıçaq stolun üstündə qalmışdı.
Yolda Zaur özü mənim arxamca gəldi. Mən ona qardaşı ilə dalaşmadığımı dedim. Amma mübahisə etməyə davam etdi. Mən idmançı deyiləm. Anidən atılan yumruq idi. Bilməzdim ki, belə olacaq”- deyə Ramil Muradov ifadəsinə əlavə edib.
Suallara cavab verən Ramil mərhumla aralarında əvvəllər ədavət olub-olmamasını belə izah edib: “Ədavətimiz olmayıb. Bir neçə ay əvvəl Zaurun bacısı oğlu mənimlə mübahisə elədi. Ona dedim ki, dayına oxşa. Bu sözü yaxşı mənada demişdim. Yəni, dayısı kimi yaxşı adam olmasını istəmişdim”.
Mərhumun hüquqi varisi, xanımı Aynur Məhərrəmova ifadə verən zaman deyib ki, Ramilin əvvəldən Zaurla ədavəti olub. Bu ədavət də Zaurun bacısı oğlu ilə Ramil arasında yaranan mübahisədən sonra başlayıb.
Zaurun dəmir alətlə vurularaq öldürüldüyünü deyən Aynura Məhərrəmova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib. Həmçinin 10 min manat vəsaitin də təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini istəyib.
Məhkəmə Ramil Muradovu Cianyət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ