İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh yoluna qarşı silah yolu – Hindistan raketləri Ermənistana İran üzərindən göndərəcək

Hindistan və Ermənistanın asanlıqla anlaşmasının, qarşılıqlı münasibətləri, ticarəti intensivləşdirməsinin bir neçə səbəbi var.

Biri odur ki, hər iki dövlət bir-birinə qohumsulanırlar, hansısa tarixi məxəzlərə istinad edərək düşünürlər ki, min illər öncə əcdadları bir arealda yaşayıblar, yaxın olublar. Bu, özlərini qədim sivilizasiyaya aid edən, gah Avropa xalqlarıyla, gah Asiya qıpçaqları ilə, hərdən qədim yunanlarla, çox vaxt isə pers tayfaları ilə qohum çıxan ermənilər üçün o qədər də problem deyil. Onlar işləri aşan hamıyla dost-qohum olmağa çalışırlar.

Bir də bu iki dövləti, xalqı birləşdirən bir cəhət var. O da hər ikisinin müsəlman düşmənlərinin olmasıdır. 1,4 milyard əhaliyə malik Hindistanın dünyada 1 nömrəli düşməni 221 milyonıuq Pakistandır. 3 milyonluq Ermənistan isə 10 milyonluq Azərbaycanla düşmənçilik aparır və bu, 120 ildir ki, davam edir. Azərbaycanla Pakistan dost, müttəfiq olduğu üçün Hindistan da özünə borc bilir ki, düşməninin düşməni ilə dost olsun.

Ona görə də 2020-ci ildən sonra beynəlxalq və regional mediada vaxtaşırı Ermənistanla Hindistan arasında silah ticarətinə dair xəbərlər yayılır.

Ötəni ilin noyabrında yayılan xəbərdə bildirilirdi ki, Ermənistan 245 milyon dollarlıq müdafiə müqaviləsi çərçivəsində Hindistandan 41,5 milyon dollar dəyərində pilotsuz uçuş aparatları (PUA) sistemləri alacaq.

Söhbət Hindistanın “Zen Technologies” şirkəti tərəfindən hazırlanmış sistemlərin alınmasından gedirdi. Bu sistemlər dronları aşkarlayıb təsnif edir və rabitə sistemini pozaraq təhlükəni aradan qaldırırlar. Qeyd olunurdu ki, müqavilənin dəyərinə sistemlərlə işləmək üçün hərbi personalın hazırlanması xərcləri də daxildir.

“Zen Technologies” elan etmişdi ki, şirkətin idarə heyəti oktyabrın 8-də Ermənistanda filialın açılmasını təsdiqləyib.

Bundan əvvəl, 2022-ci ilin noyabrında “Indian Economic Times” qəzeti Hindistanın Ermənistana silah tədarükü üçün böyük sifariş aldığını yazıb. Həmin yazıda da qeyd olunurdu ki, yaxın aylarda İrəvana təqribən 245 milyon dollar dəyərində silah-sursatın çatdırılması gözlənilir. Bu silahların içində Hindistan ordusunda xidmətdə olan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri də vardı.

Aydın idi ki, Ermənistan bu silahları o zaman Qarabağdakı separatçı rejim üçün tədarük edir və Azərbaycana qarşı istifadə etməyə düşünür.

Keçən ilin martında Ermənistan və Hindistan ordusunun qərargah rəisləri Edvard Asryan və Anil Çauhan Dehlidə keçirilən görüşdə Ermənistan-Hindistan müdafiə əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etmişdilər.

İndi isə iki ölkə arasında strateji hava yolunun açılması gündəmdədir. Bu, Ermənistanın silahla təmin edilməsi, hərbi gücünün artırılması məqsədini daşıyır və dolayısı ilə Qafqazda uzun zamandan bəri arzulanan sülh üçün zərbə deməkdir. Çünki Ermənistan hərbi baxımdan nə qədər zəifdirsə, bir o qədər “sülhpərvər” olur, arsenalında silahı çox görəndə isə tamahı və iştahı artır, özü barədə yüksək fikirlərə düşür, qəhrəmanlıq dastanları yazmaq qərarına gəlir və regionda vəziyyəti gərginləşdirir.

Məsələni qəlizləşdirən daha bir məqam odur ki, Hindistan və Ermənistan arasında “silah yolu” yalnız İran üzərindən reallaşdırıla bilər. Təbii ki, Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməz və verməyəcək. Heç ola bilməz ki, sülh müqaviləsi imzalanmadan, hətta imzalanandan sonra da hansısa ölkə Ermənistana silahı ölkəmizin səmasından keçirərək daşısın.

Əslində İran da bu planın gerçəkləşməsinə imkan verməməlidir, çünki bu silahlar, ümmətçilik prizmasından götürsək, Azərbaycanın müsəlman əhalisinə tuşlanacaq, İran isə özünü dünyanın hər yerində zülmə məruz qalan müsəlmanların baş pasibanı elan edib, elə bu üzdən də Qəzzada bombardmana məruz qalan Fələstin ərəblərini dəstəkləyir. Həm də onun yaxın münasibətlər qurduğu Ermənistanla müttəfiqliyi müvəqqəti xarakter daşıyır, Ermənistan artıq ABŞ-ın, Avropanın ağuşunda təməlli şəkildə oturub, Avropa İttifaqına, NATO-ya daxil olmaq istəyir. Bu da o deməkdir ki, İranla yarım əsrlik münaqişə münasibətində olan ABŞ və Avropa lazım bildikləri vaxt Ermənistandan İrana qarşı istifadə edəcəklər.

Belə olduqdan sonra bu avantürada Hindistan pul qazanacaq, Ermənistan silah tədarük edəcək, bəs İranın qazancı nə olacaq?

Strateji baxımdan İranın qazancı olmayacaq, əksinə, nə vaxtsa, çox da uzaq olmayan perspektivdə bunun ziyanını çəkəcək. Çünki Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesi gedir, İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə verir və bu, Qafqazda sülhün bərqərarına zidd olmaqla yanaşı, İranın özünə də, yuxarıda dediyimiz kimi, problemlər yaranacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR