İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sənədini Paşinyan imzalamayacaq? – Onda kim...

İki gün öncə sərhəddə bir hərbçimizi yaralamağın qarşılığında 4 erməni muzdlusunun gəbərdilməsi Nikol Paşinyan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyətinə də mesajdır. O anlamda ki, öz başıpozuqlarına, terrorçu-banditlərinə nəhayət, yiyə dursun. Sülh sənədinin imzalanmasına cəmiyyət olaraq əngəl yaratmasın.

Əksinə, Paşinyan hökumətini buna təşviq və məcbur etsin, tələsdirsin. Yoxsa getdikcə şərtlər sərtləşəcək. Bu gün Bakının, Ankaranın təklif etdikləri üçün sabah yalvarmalı olacaqsınız – millət, hakimiyyət olaraq...

Yəni ard-arda yaşanan qanlı insidentlərdən, faciələrdən dərs-ibrət götürmək məsələsi. Təəssüf ki, hələ də xarici havadarların boş vədlərinə inanan, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan Ermənistan, onun iqtidar daxil, siyasi-ictimai qüvvələri heç cür yeganə düz yola çıxa bilmirlər. Belə təəssürat yaranır ki, bu ölkədə ümumiyyətlə Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquqa, normal qonşuluğa əsaslanan əlaqələr qurmağa qadir lider, qüvvə yoxdur.

Bu, əlbəttə ki, erməni xalqının bədbəxtliyidir. Eyni zamanda, öz günahının nəticəsi, xəstə təfəkkürünün acı məhsuludur. Çünki iliyinədək türkofob olan daşnak-terrorçunu, katolikosu da, qismən mötədil düşüncəli ermənini də erməni anaları dünyaya gətirir. Onlar erməni anaların tərbiyəsi, öyüd-nəsihəti ilə böyüyüb. Yerdən çıxmayıblar ki. Nə qədər ki, erməni analar “bizim özgə torpaqlarda nə işimiz var, nə vaxtadək övladlarımızın tabutu gələcək”, deyə haray salmayıb, hər çapdan olan avantüristləri iqnor etməyiblər, o zamanadək bu tayfanın müsibətləri də bitməyəcək!..

Misal üçün, sərhəddəki son insidentlərdın danışan iqtidar deputatlarından biri görün nə sayıqlayır. İddia edir ki, “belə hallar davam edəcək, sülh o zaman olacaq ki, Azərbaycanla Ermənistan arasında hərbi balans yaranacaq”.

Əlbəttə ki, cəfəngiyatdır. 26 illik atəşkəs dövrünün ortalarından etibarən Azərbaycanla Ermənistan arasında faktiki hərbi balans yaranmışdı, onda niyə sülh və ya sülh müqaviləsi mümkün olmurdu? İrəvanın maksimalist tələbləri, yerə-göyə sığmayan ədaları səbəbindən!

Hazırda kapitulyant tərəf Azərbaycandan müqayisə olunmaz dərəcədə zəifdir. Amma sülh sazişindən yayınır, sizcə, hərbi paritet olsa, Ermənistan güclənsə, imzalayar? Cavab az qala, uşağa da aydındır. Əksinə, əmin olun ki, o halda “miatsum” virusu təzədən, daha kəskin şəkil alacaq. Revanşizm “fontan” vuracaq.

Ayrı sözlə, problem heç də hərbi balans məsələsində deyil. Erməni toplumunda “böyük ermənistan” mərəzinin tam sağalmamasında, xroniki vəziyyətdə qalmasındadır...

Odur ki, heç vaxt Ermənistanla hərbi paritet yaranmasına imkan verməməliyik. Yalnız o halda sülh sənədi reallaşa bilər. Və təbii ki, paralel surətdə bu ölkənin iqtisadiyyatı, logistikiası, inkişafı müstəsna olaraq, Azərbaycan və Türkiyədən asılı duruma salınmalıdır ki, “miatsum” residiv verən kimi, iki qardaş dövlətə real təhlükə yaranan kimi öncə Ermənistanı sırf iqtisadi amillər hesabına yerində oturdaq.

Ötə yandan, hərbi balansa nail olan Ermənistan ardınca yüzdə yüz Azərbaycanı üstələməyə və ötüb keçməyə çalışacaq. Hansı məqsədlə? Gərək ki, bu da gün kimi aydındır. Paşinyan hökuməti rekord həcmdə hərbi büdcə ilə (1.4 milyard), imzalanmış milyardlarla dollar hərbi müqavilələrlə, hücum silahlarının alınması ilə boşuna qürrələnmir ki?

Bunlar hələ guya Ermənistanda yumşaq, barışçı qüvvəni təmsil edirlər. Amma bizə nömrə gəlmək istəyirlər. Gör “yumşaq olmayanlar” iqtidara gəlsə, nələr olar? “İlanın ağına da lənət, qarasına da”. Əsas sual isə açıq qalır: Azərbaycanla sülh sənədini Nikol da imzalamayacaqsa, kim imzalayacaq?..

Siyasət şöbəsi
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR