İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişindən sonra müharibəyə hazırlaşmalı - nazirin anonsu

Ceyhun Bayramov niyə “sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil” rəyini cəmiyyətə ötürdü?; 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik sənəd iki ölkə arasında o zaman təməlli sülhü gətirə bilər ki...  

“Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır. 

“Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”.

Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.

Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır".  

Qeyd edək ki, dövlət başçısı bu ayın əvvəlində ADA-da keçirilən beynəlxalq konfransda deyib ki, sülh sazişi 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik sənəddir. 

İrəvan ən yüksək səviyyədə sülh danışıqlarının davamına və sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etsə də, onun erməni cəmiyyətinin üç il əvvəlki altı həftəlik müharibədə, üç ay əvvəlki birsutkalıq antiterror tədbirində məğlubiyyəti tam həzm etməkdə çətinlik çəkdiyi görünür. Ermənistandakı siyasi-filoloji revanşist kəsimlə yanaşı, Paşinyan komandasının bəzi üzvlərinin də leksikonunda son vaxtlar müharibə ritorikası notlarının nəzərə çarpması, məhz “çətin həzmin” fəsadları kimi izah oluna bilər. Bakı ilə sülhə yaxınlaşmasından danışan İrəvan arxada cəbbəxanasını böyütməklə məşğuldur. Əgər Ermənistan, doğrudan da, üçüncü Qarabağ savaşına hazırlaşırsa və onun məqsədi “artsax”ı diriltməkdirsə, bu sevdadan vaz keçməlidir. Çünki onun sülhü seçməkdən savayı şansı yoxdur və düşdüyü durumdan qurtuluşu da yalnız qonşusu ilə sülhə gəlməkdir. O səbəbdən də nazirin sülh sazişindən sonra müharibə riskinin qaldığını deməsi anlaşlandır.

Azər Badamov: Azərbaycan-Özbəkistan dostluğunun genişlənməsi bütün Türk  dünyasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək - AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov Azərbaycanın sülh sənədini yenidən əks tərəfə təqdim etdiyini söylədi: “Sülh müqaviləsinin müzakirəsi də tərəflər hazır variantları bir-birinə ötürməklə düzəlişlər edərək müzakirə edilir. Hal-hazırda Azərbaycan sülh sənədini yenidən Ermənistana ötürüb. Amma Ermənistan da öz növbəsində sənədə baxılmasına aylar sərf etməməli və qısa zaman kəsiyində baxılıb qarşı tərəfə qaytarmalıdır. Belə olan halda daha müsbət nəticələrə nail olmaq olar. Ermənistan ifadə etdiyi pozitiv sözləri işdə də göstərməlidir. Amma təəssüf ki, Ermənistan sözdə sülhdən danışır, əməldə isə yenidən silahlanmaya üstünlük verir. Hətta son vaxtlar Ermənistanda yenidən revanşizmə hazırlaşmaqdan danışanlar da çoxalıb. Ermənistanın bu hərəkətləri vəziyyəti gərginləşdirir və ölkələrarası münasibətlərin formalaşmasına mane olur. Əgər Ermənistan revanşizmi canlandıraraq yenidən ”artsax" uğrunda əməliyyatlara başlanmasına qərar verərsə, bu onların ən böyük faciəsi olacaqdır. Çünki üç il əvvəl 44 gündə və üç ay əvvəl 23 saatda Azərbaycanın gücünü görüblər. İndiki mərhələdə Ermənistan yenidən silahlanmanın əvəzinə yaşadıqları uğursuzluqlardan nəticə çıxarmalıdır. Təbii ki, sülh müqaviləsi tez bir zamanda imzalanarsa regional əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Amma Azərbaycan-Ermənistan münasibətləri qısa zamanda Azərbaycan Gürcüstan münasibətləri səviyyəsinə gələ bilməz. Bunun üçün Ermənistan müəyyən zaman ərzində öz hərəkətləri ilə təhlükəsiz qonşu olduğunu sübut etməlidir. Məhz ondan sonra Ermənistanla qonşuluq münasibətləri geniş spektrdə inkişafa istiqamətlənə bilər. Ermənistan birdəfəlik başa düşməlidir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və qonşuluq münasibətlərinin formalaşdırılması onun gələcəyini ancaq tərəqqiyə apara bilər. Əks halda yenə də təcrid olunmuş vəziyyətdə qalacaqlar və ölkəsi də beynəlxalq güclərin plasdarmasına çevriləcəkdir".

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO | RealMedia.az

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd burada Azərbaycan daxil önəmli ölkələri gələn il gözləyən vacib seçkiləri önə çəkdi: “Gözlənildiyi kimi, 2023-cü ildə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmadı. Tərəflər hər nə qədər sülhdən çox danışsalar da, nəticəyə gətirəcək heç nə görmürük. Ermənistan 2020-ci il 10 noyabr tarixindən bu günə qədər vaxt qazanmaq üçün çabalayıb və özünə tərəfdaşlar axtarıb. Bu müddətdə Ermənistan Avropa İttifaqını, xüsusilə Fransanı Azərbaycana qarşı qoya bildi və arsenalını gücləndirməklə məşğuldur. İlk başda alınan silahların müdafiə xarakterli olduğunu bilirdik. Məsələ ondadır ki, Ermənistan artıq hücum silahları da sifariş edir. Qısa mənzilli ballistik raket belə almağa yaxındır. Dolayısı ilə Ermənistan sülhdən daha çox təhlükəsizliyini, bəlkə də yeni müharibəni düşünür. Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasındakı müharibə Azərbaycan ərazisində baş verib. Ona görə də, sülh müqaviləsi o qədər də önəm kəsb etmir. Azərbaycan tərəfi də bu məsələdəki israrçılığından vaz keçməlidir. Ermənistan yalnız kapitulyasiyaya gedə bilər. Bunun üçün də Azərbaycan tərəfi Qazaxın 7 kəndini və Naxçıvanın Kərki anklavını hərbi yolla işğaldan azad etməlidir. Ermənistan Türkiyə ilə də münasibətləri düzəltmək niyyətində olduğunu deyir, ancaq konstitusiyasını dəyişdirməklə bağlı heç bir addım atmır. İstər Azərbaycana, istərsə də Türkiyəyə Ermənistanın torpaq iddiası konstitusiyalarında qeyd olunub. Ola bilsin ki, Azərbaycan tərəfi regionda sülhün olmasını istəyir. Ona görə bu qədər israr edir. Ancaq nəzərə almaq lazımdır ki, bu regionda müharibəni də, sülhü də region ölkələri yox, regionda maraqları olan ölkələr həll edir. Hesab edirəm ki, rəsmi Moskva belə sülhün olmasını istəmir. Heç digər tərəflər də. Sülh istəyən bütün tərəflər öz maraqlarının təmin olunduğu sülhü istəyir. 2024-cü ildə önəmli ölkələrdə prezident seçkiləri keçiriləcək. Azərbaycan və Rusiya vaxt baxımından öndədir. Əgər 2024-cü ildə sülh müqaviləsi imzalanacaqsa, bu ABŞ-dakı seçkilər ərəfəsində ola bilər. Bu isə Moskvanın diktəsi ilə baş tuta bilər. Necə ki, 44 günlük müharibə ABŞ-dakı seçkilər ərəfəsində başladılmışdı. Regionda gərginliyin azalacağı gözlənilmir. Hesab edirəm ki, sülh imzalansa belə, müharibəyə hazırlaşmaqda fayda var. Dünyada baş verənlər onu göstərir ki, Ermənistana görə yox, dövlətin təhlükəsizliyi üçün müharibəyə hazır olmaq lazımdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR