İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh olmasa, Türkiyə sərhədləri açmayacaq - Ermənistan dalana dirənib

Sərhədlərin açılması və münasibətlərin normallaşmasına dair Türkiyənin Ermənistanla danışıqlarda təmsilçisi Serdar Kılıçla bir neçə dəfə görüşən Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan AŞPA-da Azərbaycana qarşı səs verənlər sırasındadır. Bu faktın özü Rubinyanın timsalında Ermənistanın qeyri-səmimi olduğunu bir daha sübut edir. Üzdə sülh, münasibətlərin normallaşmasına tərəfdar kimi çıxış edən Rubinyan, əməldə gərginliyin saxlanması və sülh razılaşmasından uzaqlaşmağa yönələn xəttin tərəfdarıdır. Yəqin ki, Türkiyə də bu məqamı nəzərə alacaq. Qərbin bu layihəni irəli sürməsi vaxtilə Sürix prosesində olduğu kimi, bir məqsəd güdür – Azərbaycanla Türkiyənin gündəliklərini bir-birindən ayırmaq. İndi də eyni xətt götürülüb.

Mirzoyanın “biz sərhədin açılmasına hazırıq, amma Türkiyə qərar vermir” açıqlaması da qardaş ölkənin bu planın mahiyyətindən xəbərdar olduğunu göstərir.

Millət vəkili Vüqar İskəndərov Musavat.com-a açıqlamasında bildirib ki, dünyada Azərbaycan və Türkiyə kimi bütün telləri bir-birinə bağlı iki dövlətin tapılması mümkün deyil. O qeyd edib ki, biz yalnız eyni köklər - dil, din yox, bütün tellərlə bağlıyıq:

16788604835906812344_1200x630.jpg (231 KB)

"Bu qardaşlıq, bu birlik əbədiyyən qorunub saxlanacaq. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə  sərhədlərini bağladı. Bununla da qardaşlıq nümunəsini ortaya qoydu. Azərbaycan qələbə qazanıb, suverenliyini tam bərpa edib. Lakin Ermənistanın yarıtmaz, qeyri-rasional siyasəti ucbatından hələ ki sülh danışıqlarında ləngimə var. Hələ də müstəqil olmayan Ermənistan havadarlarının və ağalarının diktəsi ilə sülh gündəliyinin pozulması üçün siyasi manipulyasiyalar edir. Türkiyə tərəfinin sərhədlərin açılması ilə baglı mövqeyi bəllidir - sülh müqaviləsi imzalanmasa, bölgəyə dayanıqlı sülh və tərəqqi gəlməsə, sərhədlər bağlı qalacaq. Danışıqlar paralel başladı. Ermənistan sərhədlərin açılması, sülhün imzalanması üçün addımlar atıldığını söyləsə də, biz bunu yalnız sözdə gördük. İlk növbədə Ermənistan Konstitusiyasındakı ərazi iddiaları götürülməlidir. Rubinyan arzularını  bildirə bilər, Mirzoyan özünün fikrində Türkiyə-Ermənistan danışıqlarının dalana dirəndiyini, Azərbaycan olmadan bu məsələni həll edə biləcəyini düşünür. Lakin rəsmi Ankara hər zaman detalın müzakirə olunduğunu, eyni qərarların verildiyini bildirib. Bu onu deməyə əsas verir ki, Ermənistan xam xəyallara düşməməlidir. Ermənistan-Türkiyə sərhədinin açılması sülh müqaviləsinin bağlanmasından asılıdır. Əminik ki, Türkiyə sonuna kimi Azərbaycanın yanında olacaq. Ermənistan prosesin sürətlənməsi üçün çalışmalı, real addımlar atmalıdır. Yalnız bu halda  münasibətlər normallaşa bilər. Qazanan həm də Ermənistan olacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, onların inkişafı Azərbaycan və Türkiyədən asılıdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR