Onlayn ictimai-siyasi qəzet
Rəsmi İrəvan özünü sülhpərvər göstərmək üçün min dona girir; Azərbaycanı günahlandıran qarşı tərəf yekun sənədi imzalamamaqdan ötrü revanşistlərə meydan verir; ekspertlərdən Paşinyan rejimini ifşa edən faktlar və maraqlı təhlillər
Azərbaycanda seçki prosesi başlayıb və həlledici mərhələyə sayılı günlər qalıb. Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcək. Bütün dünyada belə bir norma var ki, bir sıra dövlətlərarası proseslər, müzakirələr həmin müddətdə müvəqqəti təxirə salınır.
Hazırda Azərbaycan üçün ən aktual məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Məlumdur ki, son olaraq Azərbaycan dekabrın əvvəllərində Ermənistana yenilənmiş təkliflər yollayıb. Ancaq İrəvan hələ buna cavab verməyib. Hərçənd İrəvandan ziddiyyətli mövqelər gəlməkdədir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında iddia edib ki, Azərbaycan sülh müqaviləsinə münasibəti barədə ziddiyyətli fikir səsləndirib. “Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”, - Mirzoyan iddia edib. Onun sözlərinə görə, Ermənistan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. Nazir əlavə edib ki, növbəti təkliflər paketində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi İrəvanın dəfələrlə səsləndirdiyi bir sıra prinsiplərə əsaslanmalıdır. “Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb olunan məsələdir. Və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir”, - Mirzoyan bildirib. O qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir. Onun sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik gələcək təcavüz və eskalasiya üçün əsas ola bilər.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Azərbaycana çatdırıb. Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib. O iddia edib ki, Bakıdan hələ cavab yoxdur. Azərbaycanın təqdim etdiyi təkliflərə 70 gündən artıq müddətdə cavab verməyən Ermənistan özünə bəraət qazandırmaqdan və prosesi uzatmaqdan ötrü çeşidli yalanlar uydurur. Üstəlik, Nikol Paşinyanın sülh müqaviləsinin detallarını müxalifətə göndərməsi və radikalları da meydana dəvət etməsi əslində status-kvonun saxlanmasına xidmət edən siyasi manevrdən başqa bir şey deyil. Üstəlik, Qarabağdakı xunta rejiminin sonuncu başçısı Samvel Şahramanyanın imzaladığı “fərman”ı geri oxuması, kilsəbaşı Qareginin “artsax” uğrunda mübarizə çağırışı revanşistlərin yenidən baş qaldırmasının bariz nümunəsidir. Belə olduğu təqdirdə sülh prosesinin rentabelliliyinə ümid azalır. Düzdür, yanvarın sonlarında sərhəd komissiyalarının yenidən görüşəcəyi barədə məlumat var, amma bu komissiyaların əvvəlki görüşü hansısa nəticə ilə yadda qalmayıb.
Bu arada, sülh müzakirələrinin, ümumiyyətlə, 7 fevraladək aktiv fazaya keçməyəcəyinə dair iddialar var. Bunlar əsaslıdırmı? Seçki bu məsələyə təsir edirmi? Yoxsa prosesi tormozlayan məhz Ermənistanın qeyri-müəyyənliyi, xarici təsir dairələrinin məngənəsindən çıxa bilməməsidir?
Sahib Məmmədov
Hüquq müdafiəçisi, ekspert Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əlbəttə, istənilən seçki prosesi, o cümlədən dövlət başçısının seçilməsi hər bir dövlət üçün mühüm siyasi hadisədir və seçki kampaniyası dövrü və seçkilər bu halda istənilən dövlətdə ən mühüm və vacib tədbir hesab olunur: “Bununla belə, Azərbaycanda başlanmış növbədənkənar prezident seçkisi Ermənistanla olan sülh danışıqları prosesinin səngiməsinə gətirməyəcək. Prosesin ləngiməsi, heç bir halda Azərbaycan tərəfi ilə bağlı deyil. Azərbaycanda Qarabağ məsələsi ilə bağlı fikir ayrılığı yoxdur. İstənilən halda Azərbaycan tərəfinin mövqeyi dəyişməz olaraq qalır. İndiki halda sülh danışıqlarında baş verən tərəddüdlər, ləngimələr, əvvəlki vədlərdən geri çəkilmələr, danışıqlarda qeyri-stabil mövqe nümayişi Ermənistana aiddir. Bu baxımdan, yaxın vaxtlarda prosesdə hər hansı ləngimə və ya prosesin dayanması halı baş verərsə, bu, Ermənistanın və Ermənistana təsir imkanı olan dövlətlərin və qüvvələrin günahı sayılmalıdır”. S.Məmmədov bildirdi ki, dəfələrlə qeyd etdiyimiz kimi, biz Ermənistan tərəfindən bəzi pozitiv açıqlamalardan başqa hələ ki real heç nə görmürük: “Ermənistan sülh danışıqları prosesi dövründə hələlik ciddi və real addımlar atmayıb. Zəngəzur dəhlizi ilə Azərbaycan yüklərinin, sərnişinlərin yoxlamadan keçməsi istiqamətində heç bir pozitiv addım yoxdur, sərhədlərin delmitasiyası ilə bağlı hər hansı müsbət addım yoxdur. Əksinə, məntiqsiz və ağılabatamayan təkliflər irəli sürülür bəzən. Məsələn, şərti sərhəddin hər iki tərəfindən qoşun birləşmələrinin "güzgü qaydası" ilə geriyə dislokasiyası kimi uyğun olmayan təkliflər səslənir. Digər tərəfdən isə Azərbaycana qarşı düşmən mövqeli fəaliyyətlər daha da sürəkli xarakter alıb. Fransa və ABŞ-ın Azərbaycana qarşı yönələn son addımları da sülh proseslərinin müsbət istiqamətdə getməsinə ciddi əngəllər yaratmaqdadır. Yekun olaraq bir daha qeyd edirəm ki, Azərbaycan tərəfindən dəyişən heç nə müşahidə etmirik. O cümlədən davam edən siyasi kampaniyanın - seçki prosesinin danışıqlara hər hansı təsiri də müşahidə edilmir. Azərbaycan tərəfindən problem yoxdur".
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı da qeyd etdi ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi danışıqlar prosesini arxa plana atmayıb: “Əlbəttə, müqavilənin imzalanması ölkədə yeni prezidentin seçilməsindən sonraya qala bilər. Ermənistanla Azərbaycan arasında sülh müzakirələri yeni başlanmayıb və ötən müddət ərzində müəyyən danışıqlar prosesi aparılıb. Azərbaycan təkliflərini verib. Bunları müzakirə edib, cavab vermək yerinə, şahidik ki, Ermənistan həmin sülh sazişinin hansı mərkəzdə, Amerikadamı, Avropadamı, Rusiyadamı imzalanması ilə bağlı manupulyalar etdi və Azərbaycan haqlı olaraq danışıqların təyin olunduğu Brüssel və Qrenadaya getmədi. İmzanın atılmasının məkanla bir əlaqəsinin olmadığı ikili danışıqlar və əsirlərin dəyişdirilməsi ilə nəticələnən görüş zamanı ortaya çıxdı. İndi anlaşılır ki, ən yaxşı variant bəlkə elə ikili danışıqlardır. Vasitəçi kimi çıxış edən beynəlxalq qurum və ya ölkə dərhal öz maraqlarını ortaya qoymalı olur. Bu da müqavilənin bağlanmasını uzatmaq istəyən tərəfə manipulyasiya imkanı verir. Ermənistan ona göndərilən təklifləri adam kimi müzakirə edib, ortaya bir sənəd qoymur ki, ona əsasən hansısa irəliləyiş olsun. Ermənistan özünü müqaviləni bağlamağa hazır tərəf kimi qələmə verir, amma hələ də qəbul edilməsi mümkün olmayan məsələləri müzakirəyə çıxarmaq istəyir. Gözü onun-bunun ağzındadır, Amerikanın, Fransanın və Avropadakı hansısa liderin nə deyəcəyini gözləyir və bu qeyri-müəyyənlik sülh prosesini uzadır. Dövlətin başında olan şəxs isə o qədər qeyri-ciddidir ki, bu gün atdığı addımı, dediyi sözü iki gün sonra inkar edir”.
Yuxarıda qeyd etdiyimiz kimi, erməni kilsəsi yenə aranı qarışdırmağa çalışır. Separatçılar da ara-sıra fəallaşır. Bu, Paşinyanın oyunları, sülhü uzatmaq niyyəti sayıla bilərmi? Və ayın sonlarında sərhəd komissiyaları görüşüb hansısa anlaşma əldə edə bilərmi? Bu arada ABŞ yenə danışıqlarda təşəbbüslə çıxış etmək istəyir. Vaşinqton nəyəsə nail ola bilərmi? Ya Rusiya faktoru buna imkan verməz?
Qafar Çaxmaqlı: “Erməni kilsəsinin elə ciddi çəkisi yoxdur. Yeni il axşamı Eçmiədzin katolikosunun təbrik çıxışını İctimai TV-də verməyiblər. Qaregin istəyib ki, Paşinyandan öncə onun müraciəti verilsin. Ancaq qoymayıblar, indi kilsə bundan narazıdır, zatən keçən ilin sonlarına yaxın katolikos II Qaregin Paşinyanın istefasını tələb etmişdi və bu mənada müxalifətlə eyni sıradadır. Ölkədəki nə parlament müxalifətinin, nə də küçə müxalifətinin elə güclü resursları yoxdur ki, Paşinyan və onun təmsil etdiyi siyasi gücə qarşı gedə bilsin. Paşinyan özü istəsə, sülh sazişini imzalaya bilər. O, indi özü bunu uzatmaq üçün variantlar fikirləşir. Çünki elan etdiyi ərazi bütövlüyü prinsipi işləməyə bilər və Azərbaycan rəsmi olaraq Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisini tanıdığını dilə gətirməyib və sərhədlərin demarkasiya və delimitasiyası sonraya qalacaqsa, bağlanan müqavilənin Ermənistan açısından heç bir mənası olmayacaq. Ermənistanda siyasi elita belə düşünməkdədir və bu, Paşinyanı bir daha fikirləşməyə sövq edir. Ona görə də qərarlı addım ata bilmir. Vaşinqtonun təşəbbüsləri yeni deyil və o, başladığı işi davam etdirmək istəyir. Amma Rusiya boş durmayacaq və Ermənistana təsir imkanlarını işə salacaq. Bu işi uzadacaq və sonda ikili əlaqələrin ən yaxşı variant olması ortaya çıxacaq...”
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə xatırlatdı ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər əldə olunub: “Sülh müqaviləsinə maneə yaradacaq bir sıra detallar müqavilə imzalanandan sonra masaya çıxarılacaq və razılaşma əldə olunacaq. Təbii, Azərbaycan tərəfi çalışırdı ki, 2023-də müqavilə bağlansın. Amma Ermənistan tərəfi prosesi yubadırdı. Prosesdə Vaşinqton və Türkiyə var. ABŞ çalışır ki, Vaşinqtonda görüş keçirilsin və müqavilə bağlansın”.
Ekspert hesab edir ki, Azərbaycan tələsməməlidir: “Məhz prezident seçkisindən sonra Azərbaycan üçün daha əlverişli vəziyyət yaranacaq. Təbii ki, Ermənistan tərəfi Azərbaycanın növbəti təkliflərinə cavab yollayıb. Düşünürəm ki, Nikol Paşinyan hakimiyyəti reallıqları qəbul etmək məcburiyyətində qalıb. Azərbaycanla normal şəkildə prosesi davam etdirəcək. Müəyyən fikir ayrılıqları var ki, Azərbaycan 7 fevrala kimi bəzi məsələlərin həllinə çalışır. Çünki Ermənistan tərəfinin bəzi absurd təklifləri var və onlar neytrallaşdırılacaq. Zəngəzurdan maneəsiz giriş-çıxışa Ermənistan razı deyil. İrəvan qoşunların güzgü prinsipi ilə geri çəkilməsini irəli sürür. Şübhəsiz ki, Ermənistan bu iddialarından geri çəkiləcək və seçkilərdən sonra yazda sülh müqaviləsinin bağlanması reallaşa bilər. Ermənistan xaricdən idarə olunur. ABŞ və Avropa İttifaqı da bilir ki, sülhün əldə edilməməsi Ermənistanın əleyhinədir. Ona görə də prosesdə aktivlik olacaq”.
E.PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ