İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsində “18-ci bənd” iddiası - əslində necədir...

Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sənədinin əksər hissəsinin razılaşdırıldığı məlumdur. Dekabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov bu mövzuda danışarkən artıq layihənin preambula hissəsi və 17 bəndindən 15-i ilə bağlı tərəflər arasında konsensus əldə olunduğunu bildirib.

Təxminən bir həftə sonra - dekabrın 18-də isə Prezident İlham Əliyev rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində yerdə qalan və razılaşdırılmamış iki bəndin mahiyyətini açıqlayıb. Bunlar - beynəlxalq səviyyədə qarşılıqlı iddialardan imtina və iki ölkə sərhədində üçüncü dövlətin hərbi qüvvəsinin olmaması ilə bağlı öhdəliklərdir.

Erməni nəşri “Qraparak” isə hansısa “18-ci bənd”in də mövcudluğunu ehtimal edib.  

“Hakimiyyət 300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı sülh müqaviləsinin mətnində birmənalı ifadə olmadığını iddia etsə də, orada sırf bunu nəzərdə tutan ritorika yer alır və bununla bağlı Paşinyanla Əliyev arasında razılaşmanın olduğu göz qabağındadır”, - qəzet iddia edib.

Ardınca isə yazır: “Sənəddə deyilir ki, ”beynəlxalq hüquqa görə, tərəflər dini, irqi və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinə təminat verir. Milliyyətindən asılı olmayaraq, onların mədəni hüquqları, dini varlıqları təmin edilməlidir". Yəni sətiraltı məna belədir ki, azərbaycanlılar Ermənistana gəlsələr, onları sıxışdırmağa cəsarət etmə. Mənbələrimiz onu da bildirir ki, Paşinyan Əliyevin bu tələbini ən azı bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib və bunu hakim partiyanın bəzi üzvlərinin əleyhinə olduğu yeganə məqam saymaq olar".

Nəşrə görə, “bu məqam hələ də qaldığı üçün hakim qüvvə istisna etmir ki, daxili etirazçılar komandadan təcrid olunacaq və ya onların səsi çıxmasın deyə, qarşılarına kompromatlar qoyulacaq”.

Erməni nəşri niyə təlaşlanıb? Lap tutaq ki, sənəd mətnində belə bir ifadə yer alır. Bunun nəyi pisdir? Özünü “demokratik” sayan Ermənistan təməl insan haqlarının təminatı ilə bağlı nə üçün rahatsız olmalıdır? Üstəlik, söhbət hər iki tərəfin eyni öhdəliyindən, yəni həm də nə vaxtsa Azərbaycana qayıtmaq istəyəcək keçmiş erməni vətəndaşlarımızdan gedir.             

Görəsən, ümumiyyətlə, sülh sənədi mətnindən Azərbaycan və Ermənistanda nə qədər adamın xəbəri, məlumatı ola bilər?

Bu qələbə Sizin haqqınızdı!" - Fikrət Yusifov

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında birmənalı şəkildə bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarına qarşı öz konstitusiyasındakı təhdidi aradan qaldırmayınca, sülh müqaviləsi imzalanmayacaq: “Azərbaycan Ermənistanla bağlanacaq sülh müqaviləsinin əsas şərtlərini artıq çoxdandır ki, ortaya qoyub. Bununla bağlı ölkə rəhbəri də dəfələrlə mövqeyini bəyan edib. Ermənistan Azərbaycan torpaqlarına qarşı öz konstitusiyasındakı təhdidi aradan qaldırmayınca, sülh müqaviləsi imzalanmayacaq. Yerdə qalan bütün məsələlər ətrafında razılığa gəlmək mümkündür. Ermənistanın bizim sərhədlərdə yerləşdirdiyi qərbin ”binokl müşahidəçiləri"nin çıxıb getməsi barədə razılıq əldə etmək də bir o qədər mürəkkəb məsələ deyil. Yəni bununla bağlı razılıq əldə olunan kimi Ermənistan onları yola salacaqdır. Ermənistan hakimiyyəti üçün əsas problem konstitusiyada dəyişikliyin edilməsidir. Çünki bu ölkədə separatçı qüvvələr öz mövqelərini dəyişmək niyyətində deyillər. Həmin qüvvələr bu gün azlıqda olsalar da konstitusiyadan erməni ideologiyasının fəlsəfəsini təşkil edən və özgə torpaqları hesabına “böyük ermənistan” yaratmağı nəzərdə tutan  bir müddəanın çıxarılmasına qarşı çıxış edəcəklər və buna maksimum müqavimət göstərəcəklər. Ermənistan hakimiyyətinin qorxduğu da budur. Konstitusiyada belə bir dəyişikliyə razı olmayan separatçı qüvvələr Rusiya tərəfindən Paşinyan hakimiyyətini devirmək üçün istifadə edilə bilər. Elə bu səbəbdəndir ki, baş nazir Nikol Paşinyan bu dəyişikliyin 2027-ci ildə baş tuta biləcəyi barədə fikirlər səsləndirir. Və deməli, o vaxta qədər də sülh müqaviləsi olmayacaq. Bu müqavilə dəfələrlə dediyimiz kimi daha çox Ermənistana lazımdır. Kommunikasiyaların bağlı olduğu bir şəraitdə Ermənistan daha çox itkilərlə üzləşir.

Azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması isə bu gün bizim ali hədəfimizdir. Hesab edirəm ki, bu qayıdışın hüquqi əsaslarının sülh müqaviləsində hər hansı bir formada əks olunması mütləqdir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında mütləq mənada zəruri dəyişikliklər etməlidir: “Bu dəyişikliklər olmadan sülh sazişinin imzalanması mümkün deyil. Bu il bu mövzuda çox danışılıb, həm Ermənistan tərəfindən, həm də Ermənistan hakimiyyəti tərəfindən. Hətta baş nazir Nikol Paşinyan bildirib ki, ilin sonuna qədər sülh sazişi imzalana bilər. Amma mən o zaman da optimist deyildim. İlin sonuna 3 gün qalıb. Aydındır ki, bu müddətdə sülh sazişinin imzalanması mümkün deyil, Paşinyan zəruri addımları atmadı, üzərinə düşəni etmədi.  Gələn il üçün müəyyən ümidlər var ki, bəlkə Paşinyan Konstitusiyada zəruri dəyişikliklər etsin. Doğrudur ki, sülh sazişinin mətninin 90%-i, başqa sözlə, 17 bəndin 15-i razılaşdırılıb. Lakin əsas düyün nöqtəsi yerdə qalan bəndlərdədir. Məsələn, Minsk Qrupundan birgə imtina məsələsi və digər həll olunmamış məqamlar qalır. Bu istiqamətdə də müəyyən irəliləyişlər var. Paşinyan İlham Əliyevin təklifini qəbul etməyə hazırdır. Minsk qrupu defakto yoxdur. Məncə, Minsk qrupundan birgə imtina qərarı gələn il veriləcək. Bundan başqa, Azərbaycanın bir tələbi də var ki, Ermənistandakı müşahidəçi missiya ləğv edilməlidir. Bunu gərəksiz sayırıq. Onlar sərhəddən, Ermənistandan çıxarılmalıdır, çünki onların mövcudluğu orada gərginlik yaradır. Hər dəfə hansısa dövlətin başçısı gəlib binokl vasitəsilə Azərbaycan ərazisinə baxır. Bu da gərginliyi artırır. Sərhədlər müəyyənləşdirilir və bu missiya da öz aktuallığını itirir. Görünür ki, Paşinyan bunu da qəbul etməyə hazırdır. Onun bir açıqlaması da oldu ki, sərhədlər müəyyənləşdirildikcə Ermənistanın müşahidəçilərə ehtiyacı olmayacaq. Bu məsələ də ümumi olaraq həll oluna bilər. Bundan başqa, Azərbaycanın Zəngəzura geri dönüşünə, Qərbi Zəngəzura dönüşü məsələsinə gəlincə, bu sazişindən kənardadır. Bundan erməni müxalifət qüvvələri, media orqanları Paşinyana qarşı istifadə edirlər. Bəli, bizim istəklərimizdən biri odur ki, azərbaycanlılar tarixi torpaqlarına qayıtsınlar. Lakin İlham Əliyevin də mövqeyi belədir ki, biz azərbaycanlılar öz torpaqlarımıza top-tüfənglə qayıtmayacağıq, dinc şəkildə qayıdacağıq, yəni biz orada yaşamaq istəyirik. Həmin azərbaycanlılar Ermənistan vətəndaşlığını da qəbul edə bilərlər, amma bir şərtlə ki, onların hüquqları, təhlükəsizlikləri təmin olunsun. Eyni şeyi Qarabağ erməniləri üçün də deyirik. Onlar da Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyirlərsə, qayıda bilərlər. Lakin onlar bunu istəmirlər. Özləri bilərlər. Amma azərbaycanlıların Ermənistana qayıdışı mümkündür. Amma bu sülh sazişinin mətnində yoxdur. Sadəcə erməni müxalif qüvvələri bundan Paşinyana qarşı istifadə edərək, onun mövqeyini zəiflətməyə çalışırlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR