Onlayn ictimai-siyasi qəzet
Finlandiya Prezidenti Aleksander Stubb bəyan edib ki, əgər Rusiya atəşkəs rejimini qəbul etməsə və ya pozsa, sərt sanksiya mexanizmi işə salınmalıdır.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu cür tədbirlər ABŞ-da da hazırlanır.
"Biz bu barədə Prezident Tramp və senator Lindsi Qrem ilə danışmışıq. Onlar sanksiyalar paketi hazırlayıblar və Qrem təxminən 50 senatorun dəstəyi ilə yaxın vaxtlarda bunu ABŞ-da irəli sürəcək", – deyə Stubb bildirib.
Məsələ ilə bağlı ABŞ Prezidentinə sual ünvanlanıb və o, bu sanksiyalara münasibətini açıqlayıb. Stubbun sözlərinə görə, "Qrem və Tramp arasında yaxın münasibətlər var. Əlbəttə ki, senator Qremin bütün planları həyata keçirilməyəcək. Amma mənə elə gəlir ki, ABŞ-da da səbr tükənir. Mən bunu müsbət hal kimi qiymətləndirirəm".
Finlandiya lideri həmçinin bəzi təklif olunan sanksiyalarla tanış olduğunu vurğulayıb və əgər onlar hazırkı formada qəbul edilərsə, "biz kifayət qədər irəli gedəcəyik", – deyə əlavə edib.
Stubb qeyd edib ki, Trampın Rusiyaya qarşı səbrinin tükəndiyini hiss edir. "O, Rusiyanın hərəkətlərindən, onun intriqalarından və atəşkəsi uzatmasından olduqca narazıdır. Mən özüm də izah etməyə çalışdım ki, bu, Rusiya üçün adi davranışdır – əvvəl razılaşırlar, sonra yenidən şərtlər irəli sürürlər", – deyə Finlandiya Prezidenti bildirib.
O, Trampa açıq şəkildə bildirib ki, Rusiya yalnız gücü anlayır və buna görə də sanksiyalar və dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadə edilməsi vacibdir.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ