Onlayn ictimai-siyasi qəzet
“Barbarossa əməliyyatı”nın uzandığını anlayan III Reyxin reyxs-kansleri Adolf Hitler Kremldəki əsas rəqibini öldürmək üçün planlar qurmağa başlayıb. Bu məqsədə çatmaq üçün 1942-ci ilin martında SSRİ-nin arxa cəbhəsində təxribat və kəşfiyyat üçün yaradılmış “Zeppelin” təşkilatı cəlb edilib. Amma belə mühüm və çətin işi yerinə yetirmək üçün xüsusi insan lazım olub və qısa müddət ərzində bu şəxs tapılıb - Şilo Petr İvanoviç.
Qəhrəmanlıqdan casusluğa bir addım
Ehtimal edilir ki, müharibədən əvvəl cinayət keçmişini gizlətmək üçün Şilo soyadını Tavrin olaraq dəyişdirib. İddialara görə, o, üç dəfə məhkum olunub və hər üçündə də həbsdən qaçıb. Lakin müharibəyə çağırıldıqdan sonra o, hərbçi yoldaşları arasında fərqlənib.
1942-ci il mayın 12-də Tavrin 1196-cı piyada alayının 2-ci pulemyot rotasının komandiri təyin edilib. Bir müddət sonra adı medal üçün təqdim edilən Şilonu Dövlət Təhlükəsizlik Komitəsinin leytenantı Vasilyev yanına çağırıb.
Soyadı ilə bağlı suallardan narahat olan keçmiş məhkum həbs ediləcəyindən qorxaraq almanların tərəfinə keçib. Rəsmi versiyaya görə, leytenant Tavrin mayın 29-dan 30-na keçən gecə iki əsgəri ilə Rjev rayonuna kəşfiyyata göndərilsə də, ertəsi gün nasistlərə təslim olub.
Düzdür, bu versiyanı təsdiq edən heç bir sənəd qorunmayıb. Çox güman ki, Şilo-Tavrin döyüş mühafizəsi zamanı, yoxlama bəhanəsi ilə səngərdən kənara çıxıb və sadəcə gecə qaranlığında qeybə çəkilərək almanların tərəfinə keçib. O, tezliklə Letzendəki hərbi əsir düşərgəsinə aparılıb və orada almanlara parlaq tərcümeyi-halı haqqında danışıb. Guya o, bolşeviklər tərəfindən repressiyaya məruz qalan çar zabitinin nəslindəndir, özü də üç dəfə məhkum olunub. O, dərhal almanlarla əməkdaşlıq etmək və müharibədə onlara kömək etmək arzusunu bildirib.
Özünü “yaxşı tələbə” kimi göstərən Şilo-Tavrin digər namizədlər arasından “xüsusi tapşırığı” yerinə yetirmək üçün seçilib və təlimini başa vurduqdan sonra imperiya təhlükəsizlik baş idarəsində müsahibə üçün Berlinə, daha sonra Pskova “Zeppelin” təşkilatının qərargahına göndərilib. Pskovda ona dəqiq atəş açmağı, təqibdən yayınmağı və maneələri dəf etməyi öyrədiblər. Daha sonra o, əməliyyatda köməklik edəcək “həyat yoldaşı” Lidiya Yakovlevna Bobriklə tanış olub.
Planlaşdırılan əməliyyatı uğurla həyata keçirmək üçün Tavrin saxta sənədlərlə 1-ci Baltik cəbhəsinin 39-cu ordusunun SMERŞ əks-kəşfiyyat şöbəsinin rəis müavini olub. O, düşərgədə almanlar tərəfindən məhkum edilmiş general-mayor İvan Şepetovdan alınan, Sovet İttifaqı Qəhrəmanı fəxri adını müşayiət edən gerçək “Qızıl ulduz” medalı və “Lenin” ordeni ilə təmin olunub.
Mükafat sənədləri ilə yanaşı, Almaniya kəşfiyyatı ona hətta Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi ilə bağlı saxta qəzet də təqdim edib. Tavrinin ortağı da eyni ssenari ilə inzibati xidmətin kiçik leytenantı Lidiya Yakovlevna Şilova olub.
Tapşırığı yerinə yetirmək üçün Tavrinə 300 metrdən təxminən 40 mm qalınlığında zirehli lövhəni deşən xüsusi hazırlanmış kiçik qumbaraatan verilib. Ələ bərkidilən silah gizli daşımaq üçün mükəmməl olub. Eyni zamanda casus partlayıcı, zəhərli patronları olan “Webley & Scott” tapançası və radio ilə idarə olunan mina ilə təchiz edilib.
Təsadüfən ifşa edilən mükəmməl plan
Ər-arvad missiyanı rahat yerinə yetirməsi üçün uçacaqları təyyarəyə sovet istehsalı “M-72” motosikleti də qoyulub. Plana əsasən qolu xüsusi olaraq gipslənən Tavrin yaralı zabit kimi görünərək Moskvaya gedib antisovet zabitlərlə görüşməli, Stalinin iştirakı edəcəyi təntənəli qəbulda olmalı idi.
Oradan Stalini öldürmək mümkün olmasaydı, agent hədəfi partiyanın yuxarı rəhbərliyindən kiməsə, məsələn, Beriya, Molotov və ya Kaqanoviçlə dəyişə bilərdi.
Odur ki, “Arado Ar 232” təyyarəsi agenti və onun yoldaşını avadanlıqla birlikdə Vyazma-Rjev xəttinə çatdırıb. Lakin uçuş zamanı diversantların olduğu təyyarə vurulub və günorta saat 1-də Smolensk vilayətində Yakovlevo kəndi yaxınlığında təcili eniş edib.
Tavrin və “həyat yoldaşı” tapşırığı yerinə yetirmək üçün dərhal motosikletə minib yola düşüblər. Lakin onlar uzağa getməyə macal tapmayıblar. Polis baş leytenantı Vetrov tərəfindən saxlanılan Tavrin onu xüsusilə vacib sənədlərlə dolu zərf daşıdığına əmin etsə də, leytenant onun görünüşünə və sənədlərinə şübhə ilə yanaşıb.
Nəticədə təxribatçı tabe olmağa və şöbəyə doğru irəliləməyə məcbur olub. Təyyarənin ekipajı tezliklə tapılıb və qısa müddət ərzində məhv edilib.
“Duman əməliyyatı”
Tavrin və Lidiya qısa sorğu-sualdan sonra olanların hamısını danışıblar və hər ikisi sovet əks-kəşfiyyatı ilə əməkdaşlığa razılaşıb. Bununla da sovet xüsusi xidmət orqanlarının “Duman” adlı əməliyyatı başlayıb.
Stalinə qarşı növbəti sui-qəsd cəhdlərinin qarşısını almaq və almanların SSRİ-dəki casuslarını ifşası üçün Tavrin nasistlərə guya tapşırığı yerinə yetirməkdə davam etdiyini bildirib. Alınan məlumat əsasında bir sıra alman təxribat qruplarını zərərsizləşdirmək mümkün olub. Nəhayət, nasistlərin “mərkəzi” 1945-ci ilin aprelində əlaqəni dayandırıb.
Müharibədən sonra hər iki şəxs bir müddət həbsdə saxlanılıblar. Hətta bir neçə il Tavrin və Lidiya Berlinə radioqramlar ötürsə də, mesajları cavabsız qalıb. Görünür, SSRİ Xalq Daxili İşlər Komissarlığı əvvəlcə sağ qalan alman kəşfiyyatçılarından və ya Qərb kəşfiyyat xidmətlərinin əməkdaşlarından birinin onlarla əlaqə saxlaya biləcəyinə inanıb. Bu da baş vermədiyi təqdirdə ər-arvad ölüm hökmünə məhkum olunub.
İlkin Nəcəf
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ