İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalin feldmarşalı, Bayden isə oğlunu…

ABŞ Prezidenti Co Bayden oğlu Hanteri əfv edib. Onun bununla bağlı bəyanatında deyilir:

“Bu gün mən oğlum Hanterin əfv edilməsi haqqında fərman imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Nazirliyinin qərarlarına müdaxilə etməyəcəyimə söz verdim və oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını seyr edərkən belə sözümü tutdum”.

Prezidentin sözlərinə görə, Hanter onun oğlu olduğuna görə təqiblərə məruz qalıb.

“Hanteri sındırmağa çalışaraq, məni sındırmağa cəhd etdilər. Ona fərqli münasibət göstərildiyi aydındır. Oğlumla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi.

Bütün karyeram boyu sadə bir prinsipə əməl etmişəm: Amerika xalqına sadəcə həqiqəti deyin. Onlar ədalətli olacaqlar. Mən ədliyyə sisteminə inanıram, amma kobud siyasət bu prosesə təsir edib və ədalətin pozulmasına gətirib çıxarıb. Bu həftə sonu bu qərarı verdikdən sonra onu təxirə salmağın mənası yox idi. Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə belə qərara gəldiyini anlayacaqlar”, - deyə bəyanatda bildirilir. 

 ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezident Co Baydenin öz oğlu Hanteri əfv etmək qərarını “sui-istifadə” və ədalət qaydalarının pozulması adlandırıb.

“Hanterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına (2021-ci il yanvarın 6-da Kapitoliyə basqın etməkdə təqsirləndirilən vətəndaşlar) şamil edilirmi? Bu, sui-istifadə və ədalətin pozulmasıdır!",-Tramp sosial şəbəkədə yazıb.

Bir sıra respublikaçı qanunvericilər də prezidentin oğlunu əfv etməsindən hiddətləndiklərini bildiriblər.

Nümayəndlər Palatasının üzvü  Jeyms Komer X sosial mediada bildirib ki, prezident ailəsinin korrupsiya fəaliyyəti haqqında əvvəldən axıra qədər yalan danışıb: "O, nəinki yalandan oğlunun xarici biznes tərəfdaşları ilə görüşmədiyini və oğlunun heç bir səhv etmədiyini iddia etdi, həm də Hanter Baydeni əfv etməyəcəyini deyərək yalan danışdı" .

Nümayəndələr Palatasının digər  üzvü Marcori Teylor Qrin sosial mediada "Co Bayden sona qədər yalançı və ikiüzlüdür",-deyə yazıb.

Senator Ron Conson Fox News-da deyib ki, demokratiyada həqiqətən də ikili ədalət sistemi mövcuddur. Biri demokratları müdafiə edir, digəri isə onların siyasi rəqiblərinə qarşı silahlanıb.

Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə andlılar məhkəməsi tərəfindən təqsirli bilinib.

O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi.

Çingiz Qənizadə: “Vətəndaşın məsuliyyətli olması əsas şərtdir”

Mövzu ilə bağlı Musavat.com-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirir ki, prezidentin maliyyə cinayətlərində 9 maddə ilə ittiham olunan oğlunu əfv etməsi xalqa deyil, ailə üzvülərinə xidmətdir. Bu baxımdan Bayden əgər uzaqgörən siyasətçi olsaydı, bu yanlış addımı atmamalıydı.

İosif Stalin öz əsgər oğlunu feldmarşalla dəyişməkdən imtina edir və deyir ki, o, əsgəri feldmarşalla dəyişmir. Bu, həmin dövr idi ki, Stalinin  qılıncının dalı da, qabağı da kəsirdi. O, oğlunu geri qaytarsaydı, heç kim ona irad tuta bilməzdi. Bayden isə qanunları cinayətkar oğluna qurban verdi. Ona görə də birinci şəxslər üçün bu, təqdirəlayiq hal deyil. Bayden oğlunu hər-hansısa ailə-məişət zəminində baş verən hadisədə bağışlasaydı, anlaşılan olardı. Lakin ABŞ kimi bir ölkədə vergi cinayətlərinə görə bir şəxsin əfv edilməsi başa düşülən deyil. Bu baxımdan Trampın Baydeni qınaması normal və yerinə düşəndir. Baydenin bu hərəkəti isə ABŞ qanunlarına arxa çevirməkdir”.  

Ç. Qənizadə deyir ki, Bayden hakimiyyəti təhvil verməyə az qalmış atdığı bir sıra addımları ilə Trampa “yük” qoyub getmək istəyir:

“Trampa bu yükdən azad olunmaq üçün xeyli zaman tələb olunacaq. Bayden bilirdi ki, Tramp onun oğlunu əfv etməyəcək. Buna görə də oğlunu tələsik əfv etdi. 

Trampın isə əfv edəcəyi insanlar 2021-ci ildə Kapitoliyə basqın etməkdə təqsirləndirilən vətəndaşlar olacaq. Doğurdan da ictimai-siyasi proseslərdə həbs edilənlərin önə çəkilməsi dövlətin marağında olur və birinci şəxsin humanistliyini irəli sürür.

Bayden böyük siyasətçi deyil, elə olsaydı,  hakimiyyətdə olduğu dövrlərdə belə ciddi səhvlər buraxmazdı”. 

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR