İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin "cürdək mafiyası" - şüşədən milyonlar qazananların hiylələri

Spirtli içkini sevən SSRİ vətəndaşları şüşə cürdəkləri (butulka) müəyyən yerlərə fəal şəkildə təhvil veriblər. Qazandıqları pul böyük sərvət gətirməsə də, yenə də zəhmətə dəyib. Amma cürdəkləri qəbul edənlər əsl “kral” olublar, çünki onlar hətta fabrik direktorlarından qat-qat çox qazanıblar.

Statistikaya görə, SSRİ-də təkrar istifadə edilə bilən qablar ümumi istehlakın 85% -ni təşkil edib. Güman etmək olar ki, Sovet İttifaqı vətəndaşları şüurlu istehlakın tərəfdarları və ekologiyanın müdafiəçiləri olublar, lakin bunun arxasında maddi maraq dayanıb. Sadəcə olaraq, cürdəkləri qaytarmaq son dərəcə sərfəli olub.

Şüşələri toplama məntəqələrinə hamı gətirib - pionerlərdən tutmuş mühəndislərə qədər. Müəssisələr yenidən onlardan istifadə ediblər. Beləliklə, təkərin çarxı çevrilib - istehlakçıdan zavoda. Onların arasında isə bundan daha çox qazanc əldə edənlər dayanıb.

cur-6.jpeg (210 KB)

Belə məntəqələr 1960-cı illərdə açılıb və on il sonra şüşə qabların dövriyyəsi gəlirli bir işə çevrilib. Bu barədə hətta ədəbiyyatda da yazılıb. Məsələn, cürdəklərin qaytarılması “Fanni Kaplan, ya da dissidentlər” əsərində, eləcə də uşaqlar üçün “Deniskinin hekayəsi” kitabında qeyd edilib.

SSRİ-də şüşə qablarda satılan məhsullara qabın dəyəri də daxil olub. Etiketlərdə dəqiq məbləğ göstərilib - şərabda 10%, araqda - 5%, pivədə - 50%. Limonadın cürdəyi 12 qəpiyə, araq və kefirin qabı 15 qəpiyə, şərabınkı isə 17 qəpiyə alınıb.

Yalnız cürdək qayıdışları ilə məşğul olanlar və bütün boş vaxtlarını buna həsr edənlər ayda 100-dən 150 rubla qədər qazanıblar. Halbuki, həkimlər və müəllimlər 165 rubl, fabrik işçisi 120 rubl, həmin zavodun direktoru isə 300 rubl alıb. Odur ki, “cürdək işi” əsl qazanc yeri olub.

cur-3.jpeg (129 KB)

1980-ci illərdə şəhərlərin daxilində bu işə baxanların ayrıca rayonları olub. Yanlış ərazidə axtarışa başlayanların isə bəxti gətirməyib. Aşkarlanan kənar şəxs çox ciddi şəkildə döyülüb, hətta bəzən bu davalar ölümlə nəticələnib. Spirtli içkilərin qiyməti artdıqdan sonra (1981-ci ildə) cürdəklər daha da qiymətli olub.
Kurort şəhərlərində isə xüsusi mafiya fəaliyyət göstərib. Çünki bu şəhərlərin sakinləri qazanc baxımından əhəmiyyət kəsb edib. Kurort şəhərində istirahət edənlər külli miqdarda spirtli içkilər qəbul ediblər və cürdəkləri geri qaytarmağa əhəmiyyət verməyiblər, sadəcə olaraq onları kənara atıblar.

Yalnız bir növbədə cürdək qəbul edən şəxs 100 rubl qazana bilib ki, bu da həmin dövr üçün böyük vəsait hesab olunub. Bir ayda belə bir işçi 1000 rubldan çox vəsait əldə edib və bu, müəssisələrin direktorlarının aldığından bir neçə dəfə çox olub. Hətta cürdək qəbul edənlər artıq altı ay əvvəl özləri üçün yeni yerli avtomobil sifariş ediblər.

cur-5.jpeg (127 KB)

Digər tərəfdən, cürdəklər çox vaxt baqqal mağazalarında qəbul edilib, burada sadə bir mübadilə prosesi həyata keçirilib. Şüşələri təhvil veriblər və kiçik bir əlavə ödəniş üçün eyni növ məhsul alıblar. Təbii ki, almaz və ya balıq mafiyası kim olmasa da, yenə də belə mükəmməl yerdə əyləşmək üçün ancaq yuxarıda “əlaqələrin” olması ilə mümkün olub.

Eyni zamanda bu sahədə çoxlu pul əldə etmək istəyənlər müxtəlif hiylələrə əl atıblar. Qapıya “Cürdək qəbul olunmur” yazısını asan işbazlar arxa qapıdan minnət kimi gətirilən qabları yarı qiymətinə alıblar. Nəticədə qəbul edənlər pulun yarısını ciblərinə qoyublar.

Bəzən belə işçilər sürücülərlə əlbir olub, saxta hesab-fakturalar düzəldiblər. Gəlirləri yarıya bölüblər. Bu halda, ayda bir neçə min rubl qazanmaq və maddi vəziyyətini ciddi şəkildə yaxşılaşdırmaq mümkün olub. Bir çox iş adamları və ya kriminal avtoritetlər karyeralarına cürdək qəbul etməklə başlayıblar.

cur-1.jpeg (178 KB)

Stadionlarda futbol matçlarından sonra şüşə toplayan sadə küçə təmizləyicilərinin sonra özlərinə "Jiquli" və "Volqa" alması haqqında sovet xalqının əfsanələri də yaranıb. 1980-ci illərdə bu sahə kölgə iqtisadiyyatının bir hissəsinə çevrilib.

Lakin bu fəaliyyət növü yalnız 1990-cı illərin sonuna qədər davam edib. Müəssisələrə təkrar xammal almaq sərfəli olmayıb. Bunun üçün onlar konteynerlərin yuyulması və emalı üçün infrastrukturu yeniləməli olublar. Əksinə, yeni qablar almaq daha sərfəli olub. Bundan əlavə, çeşid o qədər genişlənib ki, şüşələri təsnif etmək çətinləşib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR