Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan prezidenti Sadır Japarov mediada və sosial şəbəkələrdə böhtan və təhqirlərə görə cərimələrin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, sənəd fevralın 10-da qüvvəyə minəcək.
Müqavilə məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu cür hərəkətlərə görə vətəndaşlar 20 min som (təxminən 230 dollar), hüquqi şəxslər isə 65 min som (740 dollardan çox) məbləğində cərimələnə bilər. Hüquq-mühafizə orqanları tərəfindən inzibati protokollar tərtib edilərək məhkəməyə təqdim olunacaq.
Sənəd Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi tərəfindən 2024-cü ilin aprelində təklif edilib. İdarədən verilən məlumata görə, dəyişikliklər internetdə və KİV-də təhqiredici və böhtan xarakterli məlumatların yayılması hallarının artması ilə bağlıdır.
Qırğızıstanın ombudsmanı Cəmilə Jamanbayeva bu düzəlişlərin söz azadlığını məhdudlaşdıra biləcəyini bildirərək əleyhinə çıxıb. O, vətəndaşların hüquqlarını qorumaq üçün qanuna yenidən baxılmasında israr edib.
Sənədin qəbulunu şərh edən prezident Sadır Japarov əmin edib ki, ölkədə söz azadlığı qorunur. O, sosial şəbəkə istifadəçilərini və jurnalistləri yalnız təsdiqlənmiş məlumatları yaymağa və əsassız ittihamlardan çəkinməyə çağırıb.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ