İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunu bu səhvlər bitirdi – Mixaylovdan sensasiya

Musavat.com rusiyalı politoloq və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun müsahibəsini təqdim edir:

- Putin 12 il müdafiə naziri vəzifəsini daşıyan Şoyqunu vəzifəsindən azad etdi. Hazırda Rusiyanın Ukraynada hərbi əməliyyat apardığını və Rusiya ordusunun bu istiqamətdə son uğurlarının kifayət qədər olduğunu nəzərə alsaq, Putinin bu addımını necə izah etmək olar?

- Şoyqunun işdən çıxarılması gözlənilirdi. Çünki xüsusi hərbi əməliyyatın başlanğıcında ölkənin müdafiə qabiliyyətinin və ordunun taktiki hərəkətlərinin formalaşdırılmasında aşkar səhvlərə yol verildi. Başlanğıcda ortaya çıxan bir sıra problemlər var idi. Xüsusilə 2023-cü ildə baş verən münaqişəli vəziyyətlərdə. Putini bu qərarı verməyə həm də Şoyqunun ən yaxın adamı Denis İvanovun korrupsiyaya görə həbsi ilə bağlı qalmaqal səbəb olub. Dövlət sirri olan, Müdafiə Nazirliyinin bütün obyektlərini tikib onlara nəzarət edən şəxs korrupsiyaya görə həbs edilib. Düşünürəm ki, bu hekayənin davamı olacaq və görünür, yeni bir adamın vaxtı yetişib. Putinin təklif etdiyi keçmiş baş nazirin müavini Belousov bu yeri tutmağa layiq adamdır. O, əsl rus vətənpərvərdir, heç bir qalmaqalda olmayıb. Şoyqu isə Təhlükəsizlik Şurasının sədri postuna getdi. Bu, yüksək fəxri vəzifədir. Amma faktiki olaraq Müdafiə Nazirliyindən çıxarılıb. İndi Belousov ordunu təmizləyəcək. Onu əsl qələbə ordusuna çevirəcək. Ona müəyyən səlahiyyətlər verilib. Bəli, biz cəbhədə irəliləyiş əldə edirik, lakin Şoyqunun işdən çıxarılması bir çox hərbi birləşmələri ruhlandırdı. İndi hər şey daha sürətli və daha yaxşı getməlidir. Hər halda, hərbi zabitlərin müdafiə nazirinə böyük sualları var idi. İndi bu gərginlik aradan qaldırılıb. İvanovun həbsini hamı gördü, hamı İvanovun kim olduğunu bilir. Və belə bir qərar Müdafiə Nazirliyi ilə müqavilələr bağlayan və indi belə vicdanlı, rus vətənpərvər Belousovun gəlişindən qorxanlar üçün çox gözlənilməz oldu.

- Mülki şəxsin müdafiə idarəsinə rəis təyin edilməsində əsas məqsəd nədir?

- O, hökumətdə çox ciddi addımlar atıb, dövlət xadimidir. Belousovun mülki olmasının isə heç bir rolu yoxdur. Dinləməyi bilən, napoleonizmdən əziyyət çəkməyən insandır. O, ən yaxşı hərbi generalları məsləhətçi kimi çağıracaq və onların köməyi ilə Müdafiə Nazirliyinin böyük boşluqlar olan strukturlarında asayişi bərpa edə biləcək. Onun mülki olması faktına gəlincə, Şoyqu da heç vaxt hərbçi olmayıb. Şoyqu ilə bağlı qalmaqallar cəmiyyətə o qədər təzyiq göstərdi ki, onu Belousovla əvəzləmək qərara alındı.

- Şoyqu Təhlükəsizlik Şurasının katibi təyin edilib, Patruşev isə bu vəzifədən azad edilib. Şoyqu ordu generalı, hərbçidir və Patruşev milli təhlükəsizlik sahəsində kifayət qədər böyük təcrübəyə malik olduğu üçün belə bir qərarı necə izah etmək olar?

- Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin olunmasını izah etmək mənim üçün çətindir. Amma hər halda o, prezidentə kifayət qədər yaxındır və ona görə də bu fəxri vəzifə ona verilib. Patruşevə Rusiya rəhbərliyində eyni dərəcədə şərəfli yer veriləcək. Mən burada heç bir problem görmürəm. Vladimir Putin qəfil hərəkətlər etmir. Uzun müddət komandasında olanları heç vaxt tərk etmir. Bununla da prezidentimiz güc strukturlarında olan insanlarda böyük hörmət oyadır. Bu, çox yaxşı keyfiyyətdir. Çoxları dedi ki, Patruşev yerindədir və bu yerdə qalacaq. Ancaq yaxın gələcəkdə Patruşevin yerləşəcəyi başqa bir yüksək səviyyəli təyinat görsək, təəccüblənmərəm. Belousovun təyinatı Rusiyanın bir çox düşmənləri üçün tamamilə gözlənilməz oldu. İndi onlar Putinin qərarının düzgünlüyünə əmin olacaqlar. Hesab edirəm ki, kimin tənqid etməsindən asılı olmayaraq, prezident Putinin seçimi düzgündür. Əlbəttə, təyinatların əsl səbəblərini bilmirik. Amma hər halda Rusiya prezidenti təəccübləndirməyi bilir./Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR