Onlayn ictimai-siyasi qəzet
Aydın Xan Əbilov: “Boşanmalara yeni yanaşma lazımdır, çünki...”
“Bəzi hallarda "boşanma partiləri’’ təşkil edilir, bu hadisə təmtəraqla qeyd olunur və bu, cəmiyyətdə boşanmaları adi hala çevirmək məqsədi güdür. Bundan əlavə, televiziyalarda boşanmış qadınların dəbdəbəli həyat tərzi nümayiş etdirilir ki, bu da evli qadınlar üçün bir stimula çevrilir və onların ailə həyatına fərqli yanaşmasına gətirib çıxarır".
Bu sözləri sosioloq Üzeyir Şəfiyev boşanmaların artma səbəblərini şərh edərkən deyib (Axar.az).
Onun sözlərinə görə, hazırda boşanmaq üçün müraciət edənlərin 70%-dən çoxu qadındır: “Yerli seriallarda əsas qəhrəmanlar evlilik olmadan uşaq dünyaya gətirir, qeyri-rəsmi nikah və azad münasibətlər normallaşdırılır. Halbuki əvvəlki dövrlərdə cəmiyyət bu cür hallara mənfi yanaşırdı. Bu kimi təbliğatlar ailə dəyərlərinin zəifləməsinə və boşanmaların artmasına səbəb olur”.
Sosioloq ailə institutunun gücləndirilməsi üçün mediada maarifləndirici verilişlərin və sosial təşviqat kampaniyalarının aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, boşanmış insanların yalnız rahat həyat tərzinin deyil, həm də qarşılaşdıqları çətinliklərin göstərilməsi ailə münasibətlərinin qorunmasına töhfə verə bilər.
Qeyd edək ki, boşanma partisi (ing. divorce party) son illərdə dünya üzrə populyarlaşan bir fenomendir. Ənənəvi olaraq, boşanma mənfi və travmatik bir hadisə kimi qəbul edilsə də, bu yeni tendensiya boşanmanı “yeni başlanğıc” kimi qeyd etməyi təşviq edir. Mərasimin mənşəyi tam dəqiq bilinməsə də, 2000-ci illərin əvvəllərində ABŞ-da yayılmağa başladığı qeyd olunur. Xüsusilə Hollivud ulduzlarının və sosial media fenomenlərinin boşanmalarını əyləncə kimi təqdim etmələri bu konsepsiyanı populyarlaşdırıb. Boşanma partiləri ilk dəfə Las-Veqas və Los-Anceles kimi şəhərlərdə təşkil olunub və zamanla Avropa və digər ölkələrə yayılıb.
Bu tendensiya əsasən Qərb ölkələrində, xüsusilə ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada geniş yayılıb. Son illərdə isə Türkiyə, Rusiya və hətta bəzi Asiya ölkələrində də belə tədbirlərin keçirildiyi müşahidə edilir.
Beləliklə, boşanma partisi keçmiş həyat yoldaşından ayrılmağı qeyd etmək üçün təşkil olunan sosial tədbirdir. Adətən bu tədbirlər fərdin yenidən müstəqilliyini qazanmasını, psixoloji rahatlıq tapmasını və yeni həyata başlamasını simvolizə edir.
Bu cür mərasimlərdə simvolik olaraq keçmiş həyat yoldaşına aid əşyaların yandırılması, nikah üzüyünün sındırılması və ya boşanma sənədinin çərçivəyə salınaraq nümayiş etdirilməsi kimi rituallar keçirilir. İştirakçılar yeni başlanğıc və azadlıq mövzusunda müxtəlif şüarlar yazılmış tortlar kəsir, hətta xüsusi geyimlər geyinir. Adətən yaxın dostlar və ailə üzvləri iştirak edir, bəzən hətta keçmiş həyat yoldaşı ilə dost qalan şəxslər də dəvət oluna bilər.
Boşanma partilərinin populyarlaşması müxtəlif reaksiyalar doğurub. Bəzi insanlar bunu şəxsi azadlığın və psixoloji sağlamlığın təbliği kimi görsə də, digərləri ailə institutuna ciddi təhlükə kimi qiymətləndirir.
Son illərdə Azərbaycanda da bu tendensiyanın təsiri hiss olunmağa başlayıb. Xüsusilə sosial şəbəkələrdə boşanma hadisələrinin şənlik kimi qeyd edildiyi hallar müşahidə olunur. Lakin yerli adət-ənənələrə görə, boşanma hələ də ciddi və emosional bir hadisə sayıldığından bu cür tədbirlərə cəmiyyətin münasibəti birmənalı deyil.
Aydın Xan Əbilov
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Azərbaycan cəmiyyəti hər zaman yeni texnologiyalara, estetik və etik dəyişikliklərə açıq olub. Lakin iş şəxsi həyata, fərdi münasibətlərə gələndə bu yeniliklər bəzən qısqanc baxışlarla qarşılanır. Halbuki həyatın hər sahəsində olduğu kimi, ailə münasibətlərində, nikah və boşanma məsələlərində də zamanın tələblərinə uyğun dəyişikliklərə hazır olmalıyıq.
Uzun illər bir yerdə yaşayan insanlar bəzən zamanla bir-birinə dözə bilmədiklərini anlayırlar. Bu vəziyyətdə hər gün münaqişə etməkdənsə, “xalq nə deyər” qorxusu ilə saxta evlilikdə qalmaqdansa, sivil boşanma daha məntiqlidir. Bu, təkcə Azərbaycan üçün deyil, dünya təcrübəsində də belədir.
Müxtəlif ölkələrdə boşanmalara yanaşma fərqlidir. Qərb ölkələrində bu proses daha rahat qəbul edilsə də, bəzi Şərq ölkələrində hələ də ictimai qınaq faktoru mühüm rol oynayır. Buna baxmayaraq, nikahın pozulması dünyanın hər yerində yayılmış haldır. Son illər Azərbaycanda da boşanma halları artıb. Statistikaya görə, boşanmaların 70%-i qadınların məhkəməyə müraciəti əsasında baş verir. Əlbəttə ki, heç kim ailələrin dağılmasını istəməz, lakin bu, cəmiyyətin reallığıdır. Əgər bir ailədə münaqişələr bitmək bilmirsə, uşaqların psixologiyası pozulursa, bu evliliyin davam etməsi yalnız mənfi nəticələr verəcək".
Aydın Xan Əbilov qeyd edib ki, boşanma partisinin ölkəmizdə də keçirilməsi ilə bağlı təklif ilk dəfə onun tərəfindən irəli sürülüb: “İlk dəfə mən Azərbaycanda boşanma mərasimlərinin təşkil olunmasını təklif etmişdim. Necə ki, nikaha daxil olarkən təmtəraqlı toylar keçirilir, eyni şəkildə boşanma da sivil qaydada, qarşılıqlı anlaşma əsasında həyata keçirilməlidir. Ər-arvad bir-birini təhqir edib, zorakılığa əl atıb, hətta cinayətə qədər gedib çıxmaqdansa, ailə üzvlərinin, qohumların, yaxın dostların iştirakı ilə sakit, dostyana bir şəkildə ayrılmaları daha məntiqlidir. Bu, təkcə tərəflərin psixoloji rahatlığı üçün deyil, həm də dövlət orqanlarının yükünün azalması baxımından vacibdir. Çünki hər bir ailə konflikti yüzlərlə dövlət əməkdaşının - polis, məhkəmə, sosial xidmətlər, hətta bəzən təcili tibbi yardım və morq işçilərinin müdaxiləsini tələb edir. Nəticədə həm ailələr, həm də dövlət üçün vaxt və maddi resurslar itirilir.
Televiziyaların və sosial medianın boşanmış qadınları “lüks həyat yaşayan” obrazında təqdim etməsi isə ayrı bir mövzudur. Əslində reallıqda da bu cür hallar mövcuddur və sosial şəbəkələrdə, mediada bu barədə müxtəlif materiallar yayılır. Lakin burada əsas məsələ insanların düşüncə tərzinin dəyişməsidir. Bir qadın və ya kişi karyerasına görə ailəsindən ayrılırsa və həyatını müstəqil qurursa, bu, qınaq obyekti olmamalıdır. Əsas odur ki, insan özünü cəmiyyətdə dəyərli hiss etsin və pozitiv nümunə göstərsin.
Ailə institutu daim inkişaf edir və dəyişikliklərə məruz qalır. Biz artıq ənənəvi ailə modelindən fərqli birlik formalarına da rast gəlirik. Tək ana, tək ata ilə böyüyən uşaqların sayı artır. Hətta müxtəlif ölkələrdə eyni cinsdən olan cütlüklərin ailə kimi tanındığını görürük. Biz bu məsələlərə radikal yanaşmaqdansa, ailə institutunun necə möhkəmlənə biləcəyi barədə düşünməliyik. Bu istiqamətdə dövlət proqramlarının işlənib hazırlanması vacibdir. Cəmiyyət olaraq ailə dəyərlərimizi qorumaq və müasir yanaşmalarla harmonik şəkildə inkişaf etdirmək lazımdır.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ