Onlayn ictimai-siyasi qəzet
“Hər şey yaxşı olacaq!” – dedi stüardessa, səsi sanki dalğalı və bir az da dalğın idi; amma yenə də illa ötkəmlik və ümid vardı o səsdə. Əslində, bu sözlər göylərdən asılı qalıb… sanki, buludlara qarışır o səs… elə bil inam olub doğrulmasa da, yağmur olub yağacaq kimidir…
İçimdə təlatüm, ürəyimdə ağırlıq var… amma təlatümlə ağırlıq bir-birini gah cəzb edir gah itələyir və bu hal mənim hər hansı bir qərar verməmi əngəlləyir. - Göyün yeddinci qatında, qəza enişinə hazırlaşan bir uçaqda, guya nə qərar verə bilərəm ki… lap bir qərarım olsun - o bu an, bu göy üzündə nəyə yarar ki?!. Qərar - indi yalnız, yalnız və yalnız Yaradana məxsusdur. O, nə yaparsa, doğru yapar…
Pəncərədən baxıram. Göyün rəngi indi daha ağır, daha soyuqdur, sanki göylərin üzündə yox, dənizlərin dibində batırıq. Torpaq isə… ana torpaq isə hələ ün yetər, əl çatar görünmür; elə bil bizi gözləyən bir dərinlik, uçurum kimi bir yer var, amma onun nə qədər yaxın olduğunu heç kim, heç kim bilmir…
Qəza enişinə hazırlaşan, mümkün manevrlər edən pilotumuz, uçağımızın ilk öpəcəyi yerlə bağlı cilvəsinin dərin fərqindədir… (Bəli, bəli, uçaqların da cilvəsi olur, şahlanışı olur, küsdüyü, umduğu olur - bunu indi anlayıram)… Necə deyim, zəhərli öpüş kimi, bu öpüşə görə ölüm hökmü varmışcasına bir durum söz konusu - amma “könül fərman dinləmiyor” misali uçağımız fərman dinləmir ki…
Bu, aid olduğumuz torpağa – ana məkanımıza – qəribə bir dönüşdür. Bəlkə də, ən sonuncu...
“Hər şey yaxşı olacaq”… - Sanki bu sözlər qanadlarını itirmiş quş kimidir – uça bilmir, çırpınır, çırpınır, düşür… di gəl, inadına bir də, bir də qanadlanır, bir də ümidləndirir…
Ey böyük Yaradan, nə yaxşı, insanoğluna özünü aldatmaq istedadı vermisən, nə yaxşı…
Bu an bu uçaqda hamımız bir yalanın işığına ortağıq...
Yanımda oturan yaşlı sərnişin – öz-özünə pıçıldayır - yəqin dua edir. Gözləri bəlirsiz bir nöqtəyə dikilib, amma o nöqtə artıq bu dünyada deyil... Elə bil özünün son məktubunu oxuyur – ürəyinin içində, heç kimə göndərilməyəcək bir məktub...
Mənim də öz həyatım gözümün önündən keçir, yox gah keçir - gah keçmir… Bu, film deyil, əfsanə deyil, bu, yavaş-yavaş yanan bir şam misali bir qeyri-adi hadisədir.
Gözəl anılara tutunmaq necə də fövqəladə hissiymiş, Tanrım!.. Di gəl, bu fövqəladə tutunma elə fövqəladə ortama uyğun sürətlə bir yerlərdə əriyib gedir, sonra dönür bir də gəlir, bir də gedir…
Yaddaşımın qapıları bağlanır bir anlıq. Ağlım tələsik başqa suallar verir: Ömür yolumu ildırım sürətiylə vərəqləyirəm… vərəqləyə-vərəqləyə özümə sual edirəm: nə üçün?.. Nə üçünsə ağılla könül yerdəyişmə edir, hislərin burulğanına düşürəm…
Birdən uçaq çox bərk silkələnir, sövq-təbii, pəncərədən dışarı baxıram. Ah! Budur, Dənizlə Torpağın əbədi görüş yeri görünür. Dənizlə Torpaq gözəl qovuşur, əlbəttə, amma bizim ya Dəniz ya Torpaqla bu dəfəki qovuşmamız gözəl olmayacaq kimi gəlir mənə... Bu, bir aşiqlə ayrılmış sevgilinin çarəsiz geri dönüşüdürmü yahu?..
İndi sanki biz Dənizə, Torpağa yox, Dəniz, Torpaq bizə yaxınlaşır... Sanki Dəniziylə, Torpağlyla Ana Yer bizi öz bağrına basmağa hazırlaşır...
“Hər şey yaxşı olacaq” – səs indi daha sönük, daha boğuqmu gəlir, yahu?.. Yoxsa, hamı olacaqları bilə-biləmi susur? Stüardessanın sözləri son bir dua kimi dolaşır... Onun səsi bir mələyin qanad çırpıntısına çevrilir. O qanad bizə toxunur, amma artıq heç nəyi dəyişə bilmir...
Və nəhayət…
İnsanların səsindən başqa, uçağın mühərrikinin səsi də dayanır… İndi uçağın hava ilə sürtünməsini hiss edirəm sanki… Bəlkə, heç sərnişinlər susmayıb - mən eşitmirəm; uçağın mühərriki də sönməyib yəqin - yenə mən eşitmirəm…
Bəs bu bizim Torpağa son gəlişimizdirmi? - Kimsə bilmir - Ümid və yarmçıq qalmış işlər ağlın hökmünü qəbul etmir… Biz yalnız ağılla idarə olunsaydıq, dünyamız necə də bərbad olarmış, İlahi!.. Nə yaxşı duyğu var, hiss var, həyəcan var - var da var…
Dəniz böyükdür…
Torpaq böyükdür!..
Pilotumuz böyük ustadır!..
Ümid çox daha böyükdür!..
Tanrı Dənizdən də, Torpaqdan da və hər şeydən, hamıdan böyükdür, böyükdür, böyükdür!
“Hər şey təlimat üzrədir”… - Yenə belə eşidirəm, yoxsa, qulağım səsəmi düşüb?..
Yenə “Kəmərləri bağlayın!” deyirlər sanki, qulağımmı səsə düşüb, yoxsa?..
“Yerinizdə oturun”, “Qorxmayın, qorxmayın, yerinizdə oturun”!.. - Yox, yox, mənim qulağımı səsə düşüb… Kəmər, təlimat vaxtıdırmı daha?.. Qorxumu? Qorxu - o da göyüzünün nemətidir bəlkə?.. Bəlkə, qorxu özü bizə kömək olacaq?..
Kimsə “Telefonları yığışdırın!” deyir - bəlkə də heç kim heç nə demir, onsuz da mən artıq özümü yığışdırmışam…
İlahi, məndən başqa da duyan varmı bu səsləri yoxsa, mən məndə deyiləm artıq…
Yox axı deyəsən suallar da bitir… cavablar da… Sükut başlayır, sükut, sükut... Göylərdən üzü aşağı qanadsız quş kimi şığıyırıq elə bil… Dənizi də ötmüşük… demək, az sonra Torpaqla birləşəcəyik – kimimiz bir külək, kimimiz bir toxum kimi... Və bəlkə, yenidən doğulmaq üçün… Hə?.. Kim bilir?..
Bu sözü bura yazıram - yadigar qalsın: bir azdan bizi ya insanlar qarşılayacaq ya da mələklər… İnsanlar mələk olsaydı…
AZALın Bakı-Qroznı marşurutu üzrə uçub, Qroznıda vurulub, Xəzər üzərindən keçərək Aktauda Yerə çırpılan uçağındakı yolçunun duyğularını çatdırdı…
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ