İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi görüşünün nəticəsi: ermənilərlə xalq diplomatiyasına start verilir, təmaslar başlayır...

Çingiz Qənizadə: “Qərblə Rusiya arasında rəqabət bölgədə müharibəni tətikləyir, ona görə də Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan məsələləri özləri öz aralarında həll etməlidirlər”

31 oktyabrda baş tutan Soçi görüşü ən müxtəlif aspektlərdən şərh olunur. Ekspertlər bir məqamı da xüsusi olaraq vurğulayırlar ki, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu arada görüşməsi mühüm idi.

Təhlilçilər bunu aşağıdakı kimi əsaslandırır;

- Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır;

- İki il bundan əvvəl imzalanmış və münaqişəyə son qoyan üçtərəfli bəyanatın tələbləri, müddəaları üzrə işlərin sürətləndirilməsi, Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip üzrə Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin zamanı yetişib, buna görə təmaslar ciddi rola malikdir.

Habelə ekspertlər qeyd edir ki, Soçi bəyanatının imzalanması yeni mənzərə yaradır və Ermənistanın üzərinə yeni öhdəliklər qoyur.

Söhbət həm də Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.

Həmçinin bəyanatda aşağıdakı önəmli məsələlər var:

- Təxirəsalınmaz məsələlər kimi humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub;

- Beynəlxalq hüquq və normalara sadiqlik baxımından xüsusi vurğulanıb ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır;

- Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Mühüm məqamlardan biri də işlək dialoqla bağlıdır. Bəyanatda nəzərdə tutulur ki, Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.

Bəzi mötəbər qaynaqlar "Yeni Müsavat"’ qəzetinin müxbirinə bildiriblər ki, klassik "xalq diplomatiyası"’ modeli ilə təmaslar əslində Azərbaycan tərəfdən başladılmaq ərəfəsində idi. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin rəy liderləri ilə təmas halındadır və onlar vasitəsilə ayrı-ayrı zümrələrin təmsilçilərinin qarşılıqlı görüşlərini təşkil etməklə bağlı konkret proqrama malikdirlər. Erməni və Azərbaycan ictimaiyyəti, media və din xadimlərinin görüşlərini-xalq diplomatiyasını özündə əks etdirən Brüsselin də dəstəklədiyi xüsusi bir layihə hazırlanmaqdadır. Rusiya, sadəcə, bu hazır reinteqrasiya modelinə sahib çıxmaq cəhdi göstərir. Belə qələmə veriləcək ki, sanki bu cür görüşlər Rusiya istədi deyə baş verir. Əslində isə bunu Azərbaycan özü hazırlayıb, Aİ bu layihəni maliyyələşdirmək üçün donorluq etməyə də hazırdır. Putin bu plan-proqramı işğal etmiş durumdadır. İşlək dialoq, ekspertlərin, dini liderlərin dialoqu məsələsi tezliklə baş tuta bilərmi? Bu məsələdə də kreml-Brüssel yarışması vardır, bunun axırı necə olacaq? Aİ və Rusiyanın sülh modelləri bir-biri ilə rəqabətdədirsə, bütün bunlar yenidən hərbi əməliyyatları tətikləyə bilərmi?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlı və erməni ictimaiyyət, media və din xadimlərinin görüşləri ilə bağlı fikirlər Soçi görüşündən öncə də Avropa İttifaqı platformasında baş tutan danışıqlar zamanı önə çəkilmişdi. Azərbaycan həmişə bu cür görüşlərin keçirilməsində maraqlı olduğunu qeyd edir və buna hazır olduğunu bildirir: "Çox təəssüf ki, bu gün Avropa İttifaqı-Rusiya, ABŞ-Rusiya arasında soyuq müharibə, gərginliklər Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə də öz mənfi təsirini göstərir. Çünki ABŞ, Avropa İttifaqının sülh təşəbbüslərini Rusiya qısqanclıqla qarşılayır və təşəbbüslərin həyata keçməsinə mane olur, Rusiyanın təşəbbüslərini isə ABŞ və Avropa İttifaqı həyata keçirməyə problemlər yaradır. Bu mübarizə son vaxtlar daha çox kəskinləşib. Bu tendensiya narahatedicidir. Bu vəziyyət azərbaycanlı və erməni ictimaiyyət nümayəndələrinin, din xadimlərinin görüşlərinin həyata keçirilməsi məsələsinə də öz təsirini göstərəcək. Rusiya belə bir prosesin də onun vasitəçiliyi ilə baş tutmasına çalışacaq və başqalarına bu prosesdə vasitəçi olmağa imkan vermək istəməyəcək. Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bir müddət əvvəl Avropa İttifaqının təşəbbüslərini Rusiyanın təşəbbüslərini mənimsəmək kimi dəyərləndirmişdi. Ona görə də bu cür çəkişmələr prosesə mənfi təsir göstərir. Bu yarışma vəziyyəti gərginləşdirməkdədir”.

Ç.Qənizadə qeyd etdi ki, gərginlik isə hətta istənilən an Ermənistan-Azərbaycan hərbi qarşıdurmasına gətirib çıxara bilər. Yəni belə bir təhlükə var: “Bölgədə sülhün yaranmasına, xalqların bir-biri ilə yaxınlaşmasına məhz qütblər arasındakı qeyd olunan mövqe yarışı, mövqe savaşı ciddi əngəldir. Böyük ehtimalla erməni və azərbaycanlı ictimaiyyət nümayəndələrinin, din xadimlərinin "xalq diplomatiyası" formatlı dialoquna da öz təsirini göstərəcək. Bu dialoq baş tutsa belə, bölgədə mövqe savaşı aparan güclər “mən yoxamsa nəticə olmamalıdır” prinsipi ilə yanaşıb bu cür lazımlı təşəbbüslərin nəticələrinə də təsir etməyə çalışacaqlar. Qərblə Rusiya arasında rəqabət bölgədə sülhə və təhlükəsizliyə deyil, qarşıdurmaya xidmət edir, müharibəni tətikləyir. Ona görə də yaxşı olar ki, ilk növbədə Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan məsələləri özləri öz aralarında həll etməlidirlər".

 Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR