İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi görüşü haqda bir neçə söz...

Zəfər savaşından sonra Azərbaycanın bütün platformalarda sülh sazişinin imzalanması üçün öz humanist mövqeyini ortaya qoyduğu hamıya məlumdur. Hərbi darmadağından ibrət götürməyən Ermənistanın bu müddət ərzində həm Qarabağ ərazisində, həm də sərhəd bölgəsində təxribatlarına rəğmən ölkəmiz daimi sülhün əldə olunması üçün bütün vasitələrdən istifadə edib. Bu istiqamətdə istər Prezident, istər Xarici İşlər naziri səviyyəsində beynəlxalq görüşlərdə aydın mövqe ortaya qoyulub.

Azərbaycanın həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə danışıqlara hər zaman açıq olması bölgədə sabitlik üçün çalışmasının göstəricisidir və bunu beynəlxalq ictimaiyyət də görür. Halbuki, müharibəni mütləq hərbi üstünlüklə başa vuran ölkə kimi Azərbaycan qarşı tərəflə tam diktə dilində danışaraq, öz tələblərini qəbul etdirə bilərdi. Amma Prezident İlham Əliyev beynəlxalq arenada qalib komandan nüfuzuna humanist lider imicini də əlavə etməklə danışıqlarda açıq, dürüst və səmimi olduğunu göstərdi. Praqa görüşünün ardınca Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən görüş də bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu görüşə qədər də Azərbaycanın göstərdiyi konstruktiv mövqe yenə də dünyaya bəlli idi. Amma bütün bunlara rəğmən Ermənistan yenə də sülhdən yayınmaq üçün hər cür bəhanələrə əl atırdı. Lakin Azərbaycanın diktə edən tərəf olması bu bəhanələrin qarşısını da alırdı. Soçi görüşü bu baxımdan maraqla izlənilirdi.
Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Rusiya Prezidentinə təşəkkür edən Prezident İlham Əliyev iki il bundan əvvəl imzalanmış məlum üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların zəruriliyinə toxundu.

Dövlətimizin başçısının Rusiya lideri ilə ikitərəfli, eləcə də Ermənistanın baş nazirinin qatıldığı üçtərəfli görüşlər regional məsələlərin həlli üçün vacib idi. Qarabağ probleminin artıq tarixdə qaldığını vurğulayan Prezident İlham Əliyev bunun iki il bundan əvvəl həll olunduğunu və buna görə də praktik şəkildə müzakirə edilməli məsələ qalmadığını diqqətə çatdırdı.

Azərbaycan ilə Ermənistan münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə olunması üçün 5 əsas prinsipi irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd etdi ki, şərtlərimiz beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğundur, bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Prezident bir daha bəyan etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında və məqsədlərə nail olunmasında ölkəmiz Rusiyanın roluna böyük ümid bəsləyir.
Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirərəsi fonunda birgə bəyanat imzaladılar. Liderlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülhün, təhlükəsizliyin və eləcə də Cənubi Qafqazda iqtisadi inkişafın təmin edilməsi naminə göstərilən razılaşmalara riayət olunmasına sadiq olduqlarını bildirdilər.

Qeyd olunanlarla yanaşı, tərəflər BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldilər.

Beləliklə, Azərbaycan növbəti dəfə bölgədə sülh yaranması üçün danışıqlara hazır olduğunu nümayiş etdirdi, dünyaya, beynəlxalq ictimaiyyətə gərginlik və hərbi qarşıdurmada məhz Ermənistanın maraqlı olduğunu təsdiqlətdi.

Soçi görüşü həm də dövlətimizin diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Müzəffər Ali Baş Komandanımızın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədi. Bu, həm də o deməkdir ki, Prezident İlham Əliyevin yürütdüyü, ölkəmizin milli maraqlarına hesablanmış mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır. Beynəlxalq tribunalarda Prezident İlham Əliyevi qalib ölkənin qalib lideri kimi görmək qürurvericidir.

Dr. Rəşad Mahmudov,
Tibb elmləri doktoru,
YAP İdarə Heyətinin üzvü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR