İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi görüşü Əliyevin qələbəsilə bitdi - “Qarabağ münaqişəsi tarixdə qalıb!”

Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunası məsələ yoxdur; Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etdi; üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatda Qarabağla bağlı nüans yer almadı, “status” mövzusu da yoxdur!

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib. Əvvəlcə Rusiya Prezidenti Paşinyanla görüşüb.

Putin deyib ki, Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir: “Ona nə vaxtsa son qoyulmalıdır”. Putinin sözlərinə görə, rəsmi Moskva bu prosesi dəstəkləyir.

“Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə ilkin mövqelərə çəkilməsi üçün Rusiyanın aydın mövqeyi vacibdir”. Bu məntiqsiz açıqlamanı isə Nikol Paşinyan Putinlə görüşdə deyib. Sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində baş nazir qeyd edib ki, bu prosesin əvvəlində İrəvan dəfələrlə vurğulayıb ki, ilk növbədə, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün mexanizmlər yaratmaq lazımdır. “Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının yaradılması özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Biz bu mövqeyi bölüşməmişik, lakin sonda strateji müttəfiqimiz olan Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik”, - deyən Paşinyan sentyabrın 13-də Azərbaycan qoşunlarının sərhəddə irəlilədiyini və Ermənistan ərazisinə daxil olduğunu iddia edərək növbəti dəfə qeyri-konstruktiv mövqedən çıxış edib və pozuculuq yolunu tutub. “Məhz buna görə də Rusiyanın Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən əvvəlki mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı dəqiq mövqeyi Ermənistan üçün indi vacibdir” - Paşinyan iddiasını davam etdirib.

Qeyd edək ki, ikitərəfli görüşdə qəribə hadisə yaşanıb.

Belə ki, Paşinyanın öz çıxışını vərəqdən oxumasını əks etdirən görüntülər “Telegram”ın erməni seqmentində geniş yayılıb və müzakirələrə səbəb olub.

Ziddiyyətli mövqeyi ilə “seçilən” N.Paşinyan bu dəfə də iddia edib ki, “Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur. Paşinyan Putinə bildirib ki, delimitasiya işləri üçün sərhəddə təhlükəsizlik təmin edilməlidir.

“Ermənistan ərazisindən keçən kommunikasiyalar onun tam nəzarətində olmalı və ölkə qanunvericiliyinə uyğun işləməlidir”. Bunu da Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib. “Rusiya FTX-nin sərhəd departamenti öz növbəsində əldə olunmuş razılaşmaların icrasına nəzarət etməlidir”, - deyə erməni baş nazir qeyd edib.

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti arasında ikitərəfli görüşdə Vladimir Putin dövlətimizin başçısını qarşılayıb. Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:

“Hörmətli İlham Heydər oğlu! Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.

Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.

Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.

Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz".

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında deyib:

“Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Dəvətə görə təşəkkür edirəm. Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub. Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.

Soçi görüşü ilə bağlı üçtərəfli bəyanat açıqlandı - MƏTN - FED.az

Azərbaycan Prezidenti ardınca bildirib: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun”.

Prezident Vladimir Putin “Təşəkkür edirəm”, - deyə reaksiya verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusilə vurğulamaqla üçtərəfli görüşdən öncə qəti mövqeyini ifadə etmiş olub və möhtəşəm mövqedən çıxış edib. Dövlətimizin başçısı NİDALI MÖVQEYİ ilə Xankəndidə oynanılan oyunlara məhəl qoymadığını, rəsmi Bakı üçün Qarabağ münaqişəsi adlı problemin olmadığını, diqqətin Ermənistan-Azərbaycan münasibətlərinə yönəldilməli olduğunu bəyan etmiş oldu.

“Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı ilə keçirilən görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın öz əraziləri üzərindəki suveren hüquqları, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini, dünyadakı, regiondakı dəyişən geosiyasi reallıqların temporitminə uyğun olaraq davranışlar sərgiləməyə çalışan bəzi dairələrin arzu və istəklərinin Azərbaycan xalqının və dövlətinin iradəsi və maraqları qarşısında heç bir dəyər daşımadığını bir daha diqqətə çatdırdı”.

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Analitik bildirdi ki, Ermənistanın baş naziri ilə görüşdə “münaqişənin bitməsinin vacibliyindən” söz açan Vladimir Putinlə görüşdə Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdir” deməsi, həm də Rusiyanın dövlət başçısının 2 il öncə səsləndirdiyi fikirlərin onun özünə bir daha xatırladılması, həmçinin bu müddət ərzində bütün yayındırıcı manevrlərə, üçüncü ölkələr vasitəsilə oynanılan oyunlara, gündəmin məqsədyönlü şəkildə “isidib soyudulmasına” xidmət edən davranışlara rəğmən, Azərbaycanın bir addım da geri atmayacağını bir daha təsdiqləməsi kimi də qiymətləndirilə bilər: “Qənaətimə görə, Prezident İlham Əliyevin hələ 44 günlük müharibə dövründə dilə gətirdiyi və artıq aforizmə çevrilmiş "Bizim sözümüz imzamız qədər keçərlidir" cümləsi, bəlkə də ən az elə bizim özümüzə aiddir. Zənnimcə, verdikləri söz bir yana qalsın, imzaladıqları sənədlə üzərlərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışanlar, artıq postsovet məkanındakı mövqeləri barədə düşünsələr, daha yaxşı olar. Əsl dövlət adamları, gerçək liderlər üçün verilən söz həm etimad, həm də xarakter məsələsidir. Yaxın tariximiz sözünə, vədinə sahib ola bilməyənlərin, son nəticədə təmsil etdikləri dövlətləri və xalqları da gözdən, nüfuzdan salır, kimsənin etimad bəsləmədiyi, güvənmədiyi və sevmədiyi kütlənin yaşadığı torpaq parçasına çevirir".

E.Mirzəbəylinin sözlərinə görə, bu baxımdan, ən yaxın perspektiv üçün Ermənistanın üçtərəfli sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa alternativi yoxdur: “Bununla yanaşı, proses dayanmamalı, sülh müqaviləsi üzərində iş tez bir zamanda başa çatdırılmalı, bölgədə mövqelərini ənənəvi, ifşa olunmuş və artıq işə yaramayan üsullarla qorumağa çalışanlar isə reallıqları düzgün qiymətləndirməyi bacarmalıdırlar”.

              ****

İkitərəflərdən sonra sonra Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb. APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.

Əliyev, Putin və Paşinyan arasında keçirilən görüşə dair ilkin məlumat gecə saatlarında açıqlandı.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.

Putin üçtərəfli görüşü faydalı adlandırıb, eyni zamanda “hər şeyi razılaşdıra bilmədik”, - deyə vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.

Putin vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.

Putin İlham Əliyev və Nikol Paşinyanla birgə bəyanatın razılaşdırıldığını bildirib.

Gecə saatlarında məlumat açıqlandı ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi Bəyanatı qəbul olunub.

Musavat.com xəbər verir ki, bəyanatda Qarabağla bağlı nüans yer almayıb. Eyni zamanda “status” mövzusu da yoxdur ki, bu da Azərbaycanın əvvəldən irəli sürdüyü qəti tələb idi.

Ümumilikdə bəyanatda aşağıdakılar yer alıb:

- Ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilir;

- Qarabağla məsələlər Azərbaycanın daxili işləridir.

Tam mətn:

- Biz Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə bu sazişlərə ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik. Biz humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq.

- Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığını vurğuladılar.

- Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və Almatıya uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq. 1991-ci il bəyannaməsi.

- Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanıb. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.

- Onlar Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqun davam etdirilməsi, habelə üçtərəfli danışıqların başlanması üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının vacibliyini vurğuladılar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR