Onlayn ictimai-siyasi qəzet
Prezident Donald Tramp Kolorado ştatının Kapitoli binasında asılmış portreti ilə bağlı sosial şəbəkədə narazılıq bildirib.
Musavat.com ABŞ mediasına əsasən xəbər verir ki, Tramp portretin “şəxsiyyətini təhrif etdiyini” və Kolorado qubernatoru Cared Polis tərəfindən qəsdən sifariş verildiyini iddia edib. Onun bu narazılığından sonra Respublikaçı qanunvericilər portretin çıxarılması tələbi ilə çıxış ediblər. Demokratların çoxluq təşkil etdiyi ştat qanunverici orqanı da bu dəyişikliyi təsdiqləyib.
Kolorado Nümayəndələr Palatasının Demokrat sözçüsü Cərret Fridman bildirib: “Əgər Respublikaçılar Kapitoliyə hansı Tramp portretinin asılacağına vaxt və pul sərf etmək istəyirlərsə, bu onların seçimidir.”
Trampın narazılıq doğuran bu portreti əslində 2019-cu ildən Kapitoliyin divarını bəzəyirdi. Portretin sifarişi Trampın birinci prezidentlik dövründə, Respublikaçı senator Kevin Qrantem tərəfindən dəstəklənib və maliyyə vəsaiti GoFundMe kampaniyası ilə toplanıb. Portretin müəllifi rəssam Sara A. Bordmandır. O, daha əvvəl Barak Obama və Corc Buşun da portretlərini çəkib.
Tramp Truth Social platformasında yazıb: “Heç kim pis şəkil və ya portret istəməz. Lakin Kolorado Kapitoliyindəki portret o qədər təhrif olunub ki, bəlkə də bu səviyyədə heç vaxt görməmişdim.”
Qubernator Polisin sözçüsü Əli Sallivan Trampın bu reaksiyasını istehzalı şəkildə cavablandırıb: “Prezidentin Kolorado Kapitolisi və oradakı sənət əsərlərinə belə maraq göstərməsi qubernator üçün sürpriz oldu.”
Sənət tarixçisi, Mount Holyoke Kollecinin professoru Pol Staiti Trampın bu portretdə “regional bank direktoru və ya sığorta agentliyinin rəhbəri” kimi göründüyünü deyərək bildirib: “Narsist və özünəvurğun biri üçün bu qədər adi görünmək ağrılı olmalıdır.”
Tramp rəssam Bordmanı da tənqid edib: “Görünür, yaşı artdıqca istedadını itirib.” Bordman isə daha əvvəlki müsahibəsində Trampın portretini digər prezidentlər kimi neytral və apolitik şəkildə işlədiyini demişdi.
Maraqlıdır ki, bu portretin Kapitoliyə asılmasından öncə, portret üçün ayrılmış yerə Vladimir Putinin şəkli yerləşdirilmişdi – bu isə siyasi aksiya kimi dəyərləndirilmişdi. Bundan sonra Respublikaçılar Trampın rəsmi portreti üçün kampaniya başladaraq vəsait toplayıblar.
Tramp portret məsələsi ilə yanaşı, Truth Social paylaşımında Demokrat qubernatoru Polisə qarşı başqa ittihamlar da səsləndirib. O, Transmilli cinayətkar dəstə olan “Tren de Aragua”nın Koloradoya yerləşdirildiyini və buna görə Polisin “cinayətə qarşı zəif olduğunu” bildirib. Tramp bu iddialarını sübut etməsə də, 200-dən çox Venesuelalının deportasiyasını bu dəstə ilə əlaqələndirmişdi. Lakin deportasiya edilənlərin ailələri bu əlaqəni təkzib edir.
Tramp paylaşımında “Çox sayda insan bu portretdən şikayət edib, zəng və məktublar göndərib” deyə iddia etsə də, şikayətlərin kimə ünvanlandığını və konkret nə ilə bağlı olduğunu açıqlamayıb.
Professor Staiti bu reaksiyanı belə izah edir: “Tramp üçün onun bu portretdə necə görünməsi digərlərinin nə düşündüyündən daha önəmlidir. O, sanki ölkəni öz surəti ilə doldurmaq istəyir.”
Məqalənin əsli bu linkdə:
https://www.washingtonpost.com/politics/2025/03/24/trump-portrait-colorado-removed/
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ