Onlayn ictimai-siyasi qəzet
Qarşıma təsadüfən şəxsən tanımadığım, amma səhifəsinə baxanda müxalif görüşlü olduğu bilinən birinin xalq artisti Flora Kərimovanın səsvermə zamanı İlham Əliyevə səs verdiyini söylədiyi videolu açıqlaması olan paylaşımı çıxdı.
Paylaşımın altında AXCP və Müsavat mümayəndələrinin təhqirləri havada uçuşurdu.
Bəylər, xanımlar, etməyin belə! Vallahi, etdiyiniz doğru deyil, yanlışdır və ayıbdır!
Əslən Şuşadan olan 84 yaşlı bir sənətkarın - Flora Kərimovanın Şuşanın azad edilməsinə siyasi və hərbi olaraq öncüllük etmiş olan bir namizədə səs verməsinə dözümlü yanaşmaq, sayğı duymaq bu qədərmi çətindir???
Axı illərdir özünüzü demokratiya carçıları olaraq tanıdırsınız. Bəs belə olan halda sizdən fərqli düşünənlərə qarşı bu aqressiya, bu kin, bu nifrət nədəndir?
Axı dünyanın hər yerində insanların öz fikirlərini, siyasi seçimlərini və hətta siyasi mənsubiyyətlərini zaman-zaman dəyişmələri çox normal qarşılanır. Necə deyərlər, "Bir ölülər, bir də dəlilər fikirlərini dəyişmirlər".
Heç olmasa, ölkəmizdə siyasi gündəmi Azərbaycanın siyasi gündəmindən daha çox müzakirə edilən qardaş Türkiyəyə baxın: hər seçkidə həm iqtidar, həm də müxalifət namizədləri demirlərmi ki, "Bizə oy versin, ya verməsin - fərq etməz, 85 milyonun tamamını qucaqlayacağıq".
Bu, siyasi təfəkkürü formalaşmış toplumlarda çox normal qarşılanan bir haldır ki, bir şəxs bir seçkidə bir siyasi qüvvəyə səs versin, növbəti seçkidə onun tam ziddi olan başqa bir siyasi qüvvəyə. Hətta insanlar prezident seçkilərində bir partiyanın, parlament seçkilərində ayrı bir partiyanın, bələdiyyə seçkilərində isə tamamən fərqli bir partiyanın namizədinə də səs verirlər və buna görə həmin cəmiyyətlərin ağlı başında olan "yekə-yekə" adamları qalxıb da həmin şəxsə "xain, satqın" damğası vuraraq linc etmirlər, mənəvi terrora məruz qoymurlar.
Axı hər hansı bir sənətçinin, ziyalının, media mənsubunun borcu deyil müxalifəti iqtidara gətirmək.
Hər hansı bir müxalifət partiyasını hakimiyyətə gətirmək həmin o partiyanı quran və idarə edənlərin vəzifəsidir. Bunun üçün həmin sənətçi, ziyalı və jurnalistin də içinə daxil olduğu böyük kütləni, yəni bütövlükdə xalqı inandırmaq lazımdır.
Əgər sənin inandırıcılığın yetərsizdirsə, buna xalq neyləsin? Əgər sən bu 31 ildə başlanğıc nöqtəsi olan A-dan başlayıb, Z-yə qədər getmək əvəzinə, yerində saymaq bir yana, A-dan da geriyə - mənfilərə geriləmisənsə, buna "Floralar" neyləsinlər???
Siz iqtidara gəlirdiniz də, 84 yaşlı Flora Kərimovamı əlinizi tutub, mane oldu sizə?
Axı bir zamanlar Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, mediasının bir çox parlaq nümayəndələri sizin yanınızda, sizinlə birgə idilər və sizin üçün çalışırdılar.
Tamam, anladıq - biri, üçü, beşi, on beşi... xaindir, satqındır. (Sizin "məntiq"lə).
Bəlkə bir az da, Anadolu türkü qardaşlarımız demişkən, özeleştiri (özünütənqid) yapasınız bu adamlar indi niyə bizim yanımızda deyillər deyə?! Yaxud siz belə düşünürsünüz ki, Floraları (simvolik olaraq) anaları doğanda qulaqlarına pıçıldayıb ki, "bax övladım, səni bu dünyaya ona görə gətirirəm ki, siyasi səhnədə uğur qazanıb-qazanmamasından asılı olmayaraq, filan siyasətçiyə ölənə qədər sədaqətlə xidmət edəsən"?!
Ölkəmizdə bir çox sahələrdə kifayət qədər problemlər var - bu hamımıza məlumdur.
Amma bu təfəkkürlə hakimiyyətə gəlib də mövcud problemləri həll edəcəyini iddia etmək sadəcə gülüş doğurur.
Bu təfəkkür, bu düşüncə əksinə, Azərbaycanı tamamən batırar.
Belə çıxır ki, bu cür düşünən şəxslərin hakimiyyətə gələcəkləri təqdirdə, onlara deyil, rəqiblərinə səs verənlər vətəndaş sayılmayacaqlar və ya sayılsalar belə min cür təhqirlərə və təzyiqlərə məruz qalacaqlar???
Təfəkkürü dəyişmək, yanlış və zərərli düşüncələrdən qurtulmaq iqtidarı dəyişməkdən daha önəmli və daha öncəliklidir!!!
Zaur Bayramlı, Vaşinqton
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ