Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov yollardakı özbaşınalığa diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, “Ödənişli yollarda özbaşınalıq edənlərə, heç olmasa, 15 gün küçə süpürtmək lazımdır. Biri 200-lə sürərək özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, - deyə deputat qeyd edib.
Siyavuş Novruzov həmçinin Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib:
“Şəhərdə 3 yol formalaşıb. Avtobus, velosiped və digər maşınlar üçün yol ayrılıb. Bəs bunları necə idarə edirlər? Avtobus və velosiped yolları adətən boş olur, adi avtomobil o yola girən kimi cərimələnir. Bunun bir yolunu tapmaq lazımdır. Məsələn, avtobus və velosiped yolu boş olanda digər avtomobillərin o yoldan istifadə etməsinə icazə verilməlidir. Avtobus və velosiped gələndə isə məcburi yol vermək tələbi qoyulmalıdır. Çünki o iki yol boş olur, amma adi avtomobillər üçün nəzərdə tutulan dar yol tıxacdır. Tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, Birləşmiş Ərəb Əmirliklərində göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.
Spiker də yol mədəniyyəti sarıdan problemlərin olduğunu bildirib.
E.Paşasoy,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ