Onlayn ictimai-siyasi qəzet
Dünən saytlarda belə bir xəbər vardı ki, aləmin tanıdığı məşhur adamın - Rusiyanın baş təbliğatçısı Marqarita Simonyanın qazancı Rusiya prezidenti Vladimir Putinin qazandığından 4 dəfə çox olub.
Söhbət, əlbəttə ki, rəsmi qzancadan edir, qeyri-rəsmi gəlirlərin bu işə dəxli yoxdur. Ona qalsa, 2000-ci ildə bir redaktor tanışımız vardı, orda-burda söz düşəndə lovğa-lovğa deyirdi, maaşı baş nazir Artur Rasizadənin maaşından 10 dəfə artıqdır. Əslində o, düz deyirdi, o vaxt onun maaşı 500 dollar idi, baş nazirinki isə 50 dollar. (Sonradan fərq baş nazirin xeyrinə dəyişdi).
Elə dünən internet resurslarında qarşıma belə bir bilgi də çıxdı ki, sovet dönəmində SSRİ-nin ən varlı adamı Viktor Lui adlı bir jurnalist olub. Yəni rəsmi olaraq. Qeyri-rəsmiyə qalsa, rayonlarda elə trest müdirləri, “vinotdel”lər vardı ki, barələrində əfsanələr qoşulmuşdu, deyirdilər, onlar pullarə “samosval”lara, yəni yükünü özü boşaldan “KamAZ”-lara və “ZİL”-lərə elevatorla yükləyilər. (Bir az şişirtməydi, amma rəqəmlərin şişirdilməsi dövründə ona bənzər haqq-hesablar olurdu).
Hə, o Viktor Lui (əsl adı Vitali Levin olub) İngiltərənin CBS agentliyinin Moskva bürosunda işləyib, “İvninq Nyus” və “Sandi Ekspress” qəzetləri ilə əməkdaşlıq edib, onlara sensasion sovet xəbərləri ötürüb, maaşı da onlardan o ölkənin standartları ilə alıb. O vaxt SSRİ-də yaşayan jurnalistlərı, eləcə də müəllimlər, mühəndislər, həkimlər ən çox 200-300 rubl maaş alanda və ucuz sovet avtomobili almaq üçün 10 il pul yığıb, 5 il növbə gösləyəndə Lui bir “Jiquli”nin pulunu bir ayda qazanırmış. Ona görə də adamın bu qədər avtomobili olub: “Mercedes-Benz”, “Volvo”, “Porsche 911”, “Ford Mustang”, “Land Rover”, “Москвич-424”, “ВАЗ-2103”, “Bentley 4”, “BMW 328”, “Mercedes-Benz 320” və s.
İstedadlı və fərasətli həmkarımız orda-burda qürrələnərək deyirmiş ki, onun avtomobillərinin sayı Brejnevinkindən çoxdur. (Bildiyiniz kimi, Brejnev indiki oliqarx övladları kimi maşın manyakı olub, qarajında xeyli “inomarka” saxlayıb).
İndi sual çıxa bilər ki, bəs nə əcəb KQB (yəni DTK) ingilislərə işləyən Viktor Lui ilə maraqlanmırmış. Onu kim deyir? Viktor Lui elə KQB-nin işçisi olub və dünyanın bir çox yerində bu strukturun tapşırıqlarını icra edib, üstəlik, Andropovla da şəxsi dostluğu varmış və onun xaricə ötürdüyü bir çox informasiyaları məhz KQB şefi tövsiyə edirmiş. Bu sayədə 10 avtomobillə yanaşı, onun Moskvanın yaxşı yerində malikanəsi də olub.
Simonyanın hazırkı varidatının da qaynağı Rusiya dövlətinin xüsusi tapşırıqlarını icra etməsi və Putinlə şəxsi dostluğudur. Ona görə də onun “Şahzadə gölü” adlı kottec kəndində 900 metrlik malikanəsi də var, lüks avtomobilləri də, bank hesabları da. Hələ jurnalist qadının əri Tiqran Keosayan da bir tərəfdən qazanır, gətirir, bununla belə, göründüyü kimi, Marqarita ər çörəyi yeyən arvadlardan deyil.
Bu səbəbdəndir ki, Simonyan Rusiyanı rusların 99 faizindən çox sevir. Niyə də sevməsin? Ölkənin gülünü bu dərir, balını bu yeyir, delikateslərini bu dadır. Rus mujikləri və “baba”ları araq yerinə losyon, odekolon içib qırılanda Simonyan 2500 dollarlıq konyak sümürür. Ona görə də patriotluqdan söz düşəndə məhz o bağırır: “Biz ruslar Ukraynanı dağıtmalıyıq”.
Bu baxımdan Simonyanın var-dövlətinin çox olması təbiidir. Amma Rusiyada Simonyanın yüzünü birdən saxlaya bilən varlı oliqarxlar var. SSRİ dönəmində yaşayan adamların nostalji ilə xatırladığı “ürəyi təmiz”, “iki konyakla 10 min rublluq işi aşıran” sovet məmurlarına ağlınız getməsin, indi onların korrupsiya teştində milyardlar qaynayır, arada üstünün kəfini alıb Simonyan kimilərə verirlər.
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ