Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya əsgərləri müasir müharibə təcrübələrini sürətlə mənimsəyərək Ukrayna Silahlı Qüvvələri üçün ən təhlükəli düşmənlərdən birinə çevriliblər.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşr yazır ki, Kursk bölgəsindəki həlledici döyüşlər göstərir ki, Şimali Koreya qoşunları bir vaxtlar köhnəlmiş taktikasını sürətlə Ukrayna müharibəsinə uyğunlaşdıraraq, Ukrayna əsgərləri üçün ciddi rəqibə çevriliblər.
İlk döyüşlərdə KXDR əsgərləri iri qruplar şəklində, artilleriya, dronlar və zirehli texnika dəstəyi olmadan döyüşə daxil oldular, bu da onları Ukrayna müdafiəçiləri üçün asan hədəf edirdi. Lakin fevral ayında bu qoşunların böyük sayı, fiziki dözümlülükləri və atəş altında irəliləməyə hazır olmaları, kiçik qruplarla hərəkət etmə taktikasının tətbiqi və Rusiya silah arsenalının dəstəyi ilə birləşərək onları daha ciddi rəqibə çevirdi. Şimali Koreya əsgərləri artıq Rusiya qoşunları ilə daha çox inteqrasiya ediblər.
"Onlar qanla ödəyirlər, amma bu təcrübə boşa getmir," – 225-ci alayın komandiri, kapitan Oleq Şiryaev bildirib.
Dekabr ayında Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrini sıxışdırmağa çalışdığı Kursk bölgəsinə təxminən 12 min Şimali Koreya əsgəri göndərilib.
“Əsgərlər taktiki biliklərindən daha çox ideoloji həvəs və fiziki dözümlülükləri ilə fərqlənirdilər. Ukrayna dronları ilə çəkilmiş videolarda onların qış soyuğunda, artilleriya və ya zirehli texnika dəstəyi olmadan böyük qruplarla boş sahələrdə irəlilədiyi görünürdü” – deyə WSJ yazır.
Şimali koreyalılar həmkarları yaralananda və ya yaxınlıqda öldürüləndə belə irəliləməyə davam edirdilər. Hücumdan sonra bir qədər geri çəkilir, yenidən qruplaşır və yenidən hücuma keçirdilər.
“Bu, İkinci Dünya müharibəsinin səhnələrinə bənzəyirdi, onlar sadəcə qaçırdılar” – deyə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsünün biri bildirib.
Lakin KXDR əsgərləri tez bir zamanda döyüş şəraitinə uyğunlaşdılar. Hərbi analitiklərin, döyüşən əsgərlərin və Ukrayna qoşunları tərəfindən ələ keçirilən sənədlərin məlumatlarına görə, əsgərlər əvvəlcə dronlara qarşı heç bir taktika tətbiq etməsələr də, tezliklə onları zərərsizləşdirmək və ya onlardan qaçmaq üçün taktika öyrəndilər.
“Ən sürətli uyğunlaşmalardan biri dronlara qarşı oldu. Onlar ilk dəfə meydana çıxanda şimali koreyalılar sadəcə dronlara baxırdılar və onların təhlükə olduğunu başa düşmürdülər. Amma çox tez bir zamanda onlardan qaçmaq və ya məhv etmək taktikasını öyrəndilər” – WSJ yazır.
Bundan əlavə, Ukrayna pilotsuz təyyarələrinin hücumları nəticəsində itkilərin qarşısını almaq üçün Şimali Koreyalılar düşməni qabaqlamağı, bir tərəfi arxadan zərbələr endirməklə yanaşı, daha kiçik qruplara bölünməyi öyrəndilər.
“Onlar müasir müharibəni görüb və ondan dərs götürürlər” – deyə xüsusi təyinatlılar arasında döyüşmüş KXDR əsgərləri ilə qarşılaşan “Kot” adlı bir əsgər bildirib.
Başlanğıcda böyük itkilər verən Şimali Koreya qoşunları yanvarın əvvəlində döyüşdən geri çəkildilər, lakin təxminən bir ay sonra döyüşə geri döndülər. O vaxtdan etibarən KXDR əsgərləri döyüş meydanında ən dəyərli qüvvələrdən birinə çevriliblər. Rus qoşunları ilə yaxşı inteqrasiya edilmiş və mükəmməl taktika ilə birləşən fiziki dözüm və hazırlıq onları çox güclü bir rəqib edib, deyə ukraynalı əsgərlər və analitiklər bildirirlər.
Cənubi Koreya kəşfiyyatına görə, KXDR Rusiyaya yeni əsgər dəstəsi göndərib. Kəşfiyyat məlumatlarına görə, onların sayı azı 3 min nəfərdir.
Bundan başqa, Britaniya kəşfiyyatının məlumatlarına görə, bu ilin martına qədər Şimali Koreya qoşunları Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinə qarşı hücum əməliyyatlarında 5000-dən çox itki verib. Bu itkilərin təxminən üçdə biri döyüşlərdə həyatını itirən əsgərlərdir.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ