Onlayn ictimai-siyasi qəzet
“Oyun” inklüziv teatrının kollektivi psixoloji dram janrında olan “Parkda” tamaşasını Azərbaycan Dövlət Kukla Teatrında yenidən səhnəyə qoyub.
Musavat.com xəbər verir ki, tamaşada tanınmış aktyorlar Türkay Cəfərli (Murad), Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Gülçöhrə Abdullayeva (Bibixanım), Səbinə Məmmədova (Ofsiant) rol alıb.
Həmçinin Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Selcan Xatun, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva və İlkin Həsənli də tamaşada səhnəyə çıxıb.
Tragikomik səhnələrin üstünlük təşkil etdiyi tamaşada əsasən qadınların problemlərinə – ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi aktual mövzulara toxunulub.
Hadisələr parkda baş verir. Tamaşa inklüziv teatrın həvəskar aktyorlarının parkda əylənməsi ilə başlayır. Daha sonra səhnəyə Murad (Türkay Cəfərli) və Aynur (Zülfiyyə Qurbanova) çıxır. Evli olan cütlüyün xəyanətə görə mübahisəsi, Aynurun ayrılma istəyi və Muradın bununla razılaşmaması nümayiş olunur. Murad hətta boşanmaq istəyən həyat yoldaşını hədələməkdən də çəkinmir.
Aynur həyat yoldaşını və iki övladını çox sevdiyini, lakin artıq boşanmaq istədiyini dilə gətirir. Çünki onun bu evliliyə inamı qalmayıb. Murad isə həyat yoldaşının könlünü almaq əvəzinə ona fiziki şiddət göstərir.
Hadisələr parkda cərəyan etdiyindən bu səhnəciyin ardınca fərqli insan taleləri ön plana çıxır. Məlum olub ki, Murad da xəyanət və şiddət yaşanan ailədə böyüyüb və öz travmaları var.
Murad gecə parkda gecələməyə qərar verir. Bu zaman erkən nikahın qurbanı olan, fahişəliyə məhkum Sərgül (Selena) ilə tanış olur. Sərgül çəhrayi geyimi, şən , əyləncəli davranışı ilə diqqət çəksə də, daha sonra o da cəmiyyətin qurbanı olduğu bəlli olur. O bütün yaşadığı çətinliklərdən sonra hazırda tiktokerlik edir.
Sərgül başqa bir qrupla birləşərək Murada tələ qurur və onun pulunu almalarına səbəb olsa da, sonda Muradla dostlaşaraq səhnəni tərk edir.
Murad daha sonra Diana ilə tanış olur. Diana psixoloqdur. O xəyanət yaşayan, ilk sevgisinin onu dövlətli, yaşlı qadına dəyişməsi ilə travma alan qadındır. Diana kişilərə yalnız pul, mənfəət mənbəyi kimi baxır. Muradın ünsiyyəti onunla da çox çəkmir.
Tamaşanın bir də məhdudiyyətli, həvəskar aktyorları var ki, onların da səhnələri maraq doğurur. İlk səhnəyə çıxan həvəskar aktyor itini axtarır və bir canlıya təmənnasız sevgisini nümayiş etdirir.
Daha sonra digər aktyor səhnədə görünür. O gecə saatlarında parkda yatan Murada yaxınlaşıb, ona kömək əlini uzatmağa çalışır. Onu evinə dəvət edir. Öz hekayəsini də nəql edir. Əlilliyi olan insanların heç də sağlam insanlardan fərqlənməməsi kimi cəmiyyət üçün əhəmiyyətli mesajlar verir.
İnsan talelərinin fərqli rakurslardan ön plana çıxarıldığı tamaşanın bir də Bibixanım adlı park süpürgəçisi qəhrəmanı var. Onun yaşı keçsə də, ailə qurmayıb. Ən böyük kədəri də budur. Taledən tək istəyi ərə gedib, ana olmaqdır. Onun üçün də hansısa ailənin dağılmasına göz yuma bilmir, hər cəhdlə Murad ilə Aynurun barışmasına vəsilə olur.
Tamaşa ümid çağırışlı müsbət notlarla – Muradın səhvlərini anlaması, ailənin barışması, tamaşaçıların alqışları və gözyaşları ilə sona yetir.
Könül İbrahim
Fotolar müəllifindir
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ