Onlayn ictimai-siyasi qəzet
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qazandığımız Qarabağ Zəfərindən sonra hər bir azərbaycanlının qəlbi tarixi ədalətin bərpasına görə daha böyük qürur və iftixarla döyünür.
Musavat.com xəbər verir ki, bu fikirləri QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının toplantısında çıxışı zamanı bildirib.
"Müqəddəs Vətən torpağının işğaldan, məscid və ibadətgahlarımızın əsarətdən qurtulması, əzəli torpaqlarımızda Azan səslərinin ucalması, şəhər və kəndlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdış Azərbaycan xalqının onilliklərlə sürən nisgilini aradan qaldırdı. Şükürlər olsun ki, Uca Allahın Lütfü və köməyi, möhtərəm dövlət rəhbərimizin öndərliyi ilə xalqımız bu arzularına çatdı. Ulu Rəbbimiz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!
Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır.
Tarixən dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda – Qafqazda ənənəvi Qazılıqlarımız fəaliyyət göstərib. Dini mərkəzə tabe olan Qazılıqlar azərbaycanlıların tarixən yaşadığı ərazilərdə xalqımızın dini-mənəvi mənafeləri və ehtiyaclarının ödənilməsini təmin etməklə yanaşı, milli özünüdərk, özünütəsdiq və təqdimatında böyük rol oynamış, xalqımızın mənsub olduğu İslam sivilizasiyasının yüksək səviyyədə təmsilçiliyini həyata keçirib.
Azərbaycanlıların indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından mərhələ-mərhələ didərgin salınması, etnik təmizləmə və deportasiyalar Qazılıqların fəaliyyətini məcburi dayandırmasına səbəb olmuşdur. İrəvan-Naxçıvan qazısı olduğum müddətdə - 1978-79-cu illərdə mən indiki Ermənistan ərazisində yerləşən şəhər, kəndlərimizi, oradakı 300-dən yuxarı məscidləri, ziyarətgah və pirləri qarış-qarış gəzmiş, soydaşlarımızla ünsiyyət imkanına malik olmuşam. İndi həmin məkanlarda vəziyyət acınacaqlıdır. Xalqımızı deportasiyalara və soyqırımılara məruz qoyaraq tarixi torpaqlarımızda dövlət yaradan ermənilər həmin ərazilərdə milli-mədəni abidələrimizə qarşı vandalizm aktları törətmiş, dini-mədəni irsimizə təcavüz etmiş, dədə-baba torpaqlarımızda izimizin silinməsi məqsədilə məscidlərimizi dağıtmış, əmlaklarını mənimsəmiş, qəbirstanlıqlarımızı məhv etmişlər", - o qeyd edib.
Şeyülislam əlavə edib ki, Qərbi Azərbaycan torpaqlarındakı xalqımıza məxsus maddi-mənəvi mədəniyyət nümunələri, məscidlərə məxsus əmkaklar talan edilib, nadir Quran nüsxələri, nəfis əlyazmalar xarici ölkələrdə hərraclarda satılıb:
"İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin İran iş adamlarının ziyarəti üçün təmir edilib, fars məscidi kimi təqdim olunması da erməni saxtakarlığının və vandalizminin bariz nümunəsidir. Məscid, ibadətgah binalarına həqarət edərək mənşəyinə uyğun olmayan məqsədlər üçün istifadə etmiş ermənilər bu gün də İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında bilərəkdən alkoqol satışı həyata keçirirlər. Halbuki, biz münaqişə davam etdiyi illərdə belə paytaxtımızın ən mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlayıb, kitabxanasını mühafizə etmişik.
Qarabağda uydurma, dırnaqarası "erməni tarixi-mədəni irsini məhv etməkdə" bizi günahlandıran erməni dairələri Azərbaycanın dini-mənəvi irsinə qarşı həyata keçirdikləri vandalizm aktlarını, barbarlıq əməllərini unudurlar. Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində son illər olduqca mühüm addımlar atılır. Monoetnik Ermənistandan fərqli olaraq multukultural Azərbaycanda Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəttilə azad Qarabağda bütün dinlərə məxsus ibadət məkanları xüsusi diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur.
Hörmətli toplantı iştirakçıları! Bu bir faktdır ki, erməni dini dairələri soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyətı olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olublar. Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis ediblər. Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi "Böyük Ermənistan" kimi xəstə erməni xülyasına dəstək vermək olub. Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmüədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər.
Bəli, reallıq budur – dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin, Vatikansayağı qriqoryan dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir".
QMİ sədri qeyd edib ki, belə bir şəraitdə Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan Qazılığının fəaliyyətini bərpa etməsi zamanın tələbidir:
"Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltməliyik. Tarixi ədalət bizdən bunu tələb edir. Bölgənin tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirir, statusunu qoruyub saxlayır. Dini mərkəz olaraq, keçmişimizə ehtiram və gələcəyimizə inamla, ənənəvi olaraq Tiflisdə, Batumda, Dərbənddə olduğu kimi, İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan Qazılığının yenidən fəaliyyətə başlamalı olduğuna əminik. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin vurğuladığı kimi: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.
Qazılar Şurasının hörmətli üzvləri! Bütün bunları nəzərə alaraq, habelə, Qərbi Azərbaycan İcması ilə məsləhətləşərək İrəvan Qazılığının bərpası barədə tarixi əhəmiyyətli qərarımızı elan edir, İrəvan Qazılığının Əsasnaməsini diqqətinizə çatdırır, səsə qoyulmasını təklif edirik".
Afaq Mirayiq,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ