İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx niyə Turançı ola bilmir?

Dini və siyasi ekspertlərdən “problemlərin dərin kökləri var” açıqlaması

Dini sahədə son illər başladılan islahatlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə geniş səlahiyyətlər verilməsi ilə dini ibadət yerlərində yerli kadrların yerləşdirilməsi prosesi başlayıb. Sirr deyil ki, Qafqaz Müsəlmanları İdarəsi(QMİ) uzun illər İran təhsilli kadrları məscidlərə yerləşdirib. Dövlət Komitəsinin bu təsirləri azaltması üçün zaman lazımdır. Türkiyə modelinə adaptasiyaya da bilinən və bilinməyən əngəllər qalır. Məsələn, QMİ-yə görə əsl molla irançı qiyafəsində olmalıdır.

Dini ekspert T.İrfan bildirib ki, Azərbaycanda ali dini mütəxəssislər yetişdirilməsi üçün şərait yaradılmalıdır. “Azərbaycanda  ali din xadimi yetişdirmək üçün heç bir şərait yoxdur. QMİ Təhsil Nazirliyi ilə birgə Bakı İslam Universitetinin 1989-cu ildən bu yana yetişdirmiş olduğu ali təhsilli ruhanilərin, ilahiyyatçıların diplomlarını ləğv etdi, diplomlarını tanımadı. Halbuki, buna qədər həmin diplomu alan şəxslər  gedib AMEA-da ali ilahiyyatçı dərəcələri alırdılar, müdafiə edib elmlər doktorları olurdular, ali ayətullahlar olurdular, müctəhid məqamına çatırdılar. Bunun qarşısını kimlərsə Azərbaycanda aldı. Qənaətimə görə, bunu İran və Rusiyayönümlü qüvvələr aldı ki, qoy Azərbaycanın özündə ali ruhanilər yetişməsin, Azərbaycan dövlətində ali ruhanilər yetişsə, bütün inanclı insanlar Azərbaycanda oturanı təqlid edəcək, İrana təqlid etməyəcək. Bu baxımdan, Azərbaycanda İlahiyyat İnstitutundan da əvvəl mövcud olan ilk  ilahiyyat alimi, ”Şöhrət" ordenli Hacı Sabir Həsənlinin qurmuş olduğu Bakı İslam Universitetini bağladılar, onun verdiyi bütün diplomları ləğv etdilər, akademiyada elmi iş müdafiə edənlərin hamısının elmi işlərini ləğv etdilər. Bunu İrana, Rusiyaya bağlı olan təxribatçı qüvvələr etdi. Bu gün diplomu ləğv edilən, təsdiqlənməyən məzunlar məhkəmələrdə sürünürlər. Bakı İslam Universitetinin 3700-dən çox məzunu var, onların hamısı 5 ildən artıqdır ki, məhkəmələrdə sürünür. Hamısını başqa yerlərdən də, Dini Komitədən də, QMİ-dən də işdən çıxarıblar, onlara heç cür şərait yaradılmır, Təhsil Nazirliyi də birmənalı şəkildə diplomlarını tanımır. Bu məhz İrana xidmətin bir bariz nümunəsidir ki, Azərbaycanda ali dini ruhani yetişməsin, İranı təqlid etsinlər" deyə, o bildirib.

Şuşa İslam dünyasının paytaxtı elan olunsun” təklifi dəstəklənir, ancaq...

 Emil Rahiloğlu

İlahiyatçı ekspert Emil Rahiloğlu isə “Yeni Müsavat”a şərhində bildirdi ki, məsələnin kökündə İran, Turan, Türkiyə modeli və ya kimin hara daha yaxın olması amili dayanmır: “Ümumiyyətlə, din barəsində danışarkən dini başa düşmək və anlamaq lazımdır. Din barəsində qərar verərkən, qanun tərtib edərkən də dini anlamaq və başa düşmək lazımdır. Bu vaxta qədər dini vəzifəlilərin içərisində dinə hörmətlə yanaşan və başa düşən adam olmayıb. Əvvəla, bunu qeyd edim ki, Azərbaycanda nə İran, nə də Türkiyə modeli keçərlidir. Təqlid isə tam başqa bir mövzudur. Hətta İran və ya Türkiyə modeli bizdə keçərli olsa belə, siyasi məsələlərə görə problem həllini tapmayacaq. Çünki bizimkilərdə yanaşma belədir ki, bura yararlı olan model ziyansız, ancaq əxlaq hədislərindən, bir də bəzi şəriət məsələlərindən ibarət olan dindir. Daha sadə desək, İslam dinindən namaz, oruc,  həcc ”bizim" üçün kifayətdir. Bizdə dinə belə yanaşıldığı üçün problemlər də bundan qaynaqlanır".

Dövlət partiyaların peşəkarlaşmasında maraqlı olmalıdır"

 Əhəd Məmmədli

Siyasi şərhçi Əhəd Məmmədli isə bildirdi ki, dini alim, teoloq yetişdirmək asan məsələ deyil. Təbii ki, Bakı İslam Universiteti kimi ali dini təhsil verən qurumlar Azərbaycanda teoloqların, savadlı din xadimlərinin hazırlanmasına təkan verə bilərdi. Bu gün də ali dini təhsil verən müasir İlahiyyat İnstitutu var və savadlı mütəxəssislər yetişdirir. Ancaq bütün bunlar ölkədə dinlə bağlı bütün problemləri həll edə bilməz: “Çünki məsələ təkcə hansısa ali məktəblə, hansısa məktəbin bağlanması və ya açılması ilə bağlı deyil. Məsələ göründüyü kimi sadə deyil, problemlərin dərin kökləri var. 1990-cı illərində din sahəsi sanki nəzarətsiz buraxıldı və bundan bir sıra xarici dövlətlər öz maraqları üçün istifadə etməyə başladılar. Azərbaycanda hətta qanunumuzda da yazılıb ki, din dövlətdən ayrıdır. Bu, səhv ifadə və yanaşmadır. Problemlərin kökündə dayanan amillərdən biri, bax, bu yanlış yanaşmadır. Dinin dövlətdən ayrı olması təfəkkürü, hətta bu təfəkkürün qanuna daxil edilməsi çoxsaylı problemlərə gətirib çıxardı, çox böyük boşluqlar yaratdı. Bu boşluqlardan da kənar ölkələr, eləcə də ölkənin baş dini idarəsinin rəhbəri öz maraqları üçün istifadə etməyə başladılar. Son illərdə hökumət dini sahədə bir düzən yaratmağa çalışır. Ancaq hələ ki, bu çalışmalar da arzu olunan effekti verməyib. Dini sahə ilə məşğul olan rəsmi qurumlara mütləq yüksək dini savadı olan,  İrana və ya başqa ölkəyə bağlılığı olmayan insanlar rəhbərlik etməlidir. Bu gün nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, nə də Qafqaz Müsəlmanları İdarəsinin dini sahədə gördüyü işlərdən tam razılıq etmək mümkündür.  Çünki ciddi problemlər hələ də qalır. Bu problemlər nə xüsusi olaraq İranla, nə də xüsusi olaraq Türkiyə ilə yaxın olmaqla, onlardan birində mövcud olan modeli tətbiq etməklə həll olunan deyil. Dövlətin dinlə bağlı xüsusi strateji siyasəti hazırlanmalı və tədricən həyata keçirilməlidir. Bu olarsa, dini sahədə Azərbaycanın öz modeli tədricən formalaşar və bu daha uğurlu olar”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR