Onlayn ictimai-siyasi qəzet
7-8 il öncəydi, dekabrın 30-da data kart məsələsi ilə bağlı abonenti olduğum mobil operatorun yaxınlıqdakı müştəri xidmətləri məntəqəsinə getmişdim. Operator gənc müraciətimə cavab verərkən qayıdıb dedi ki, müəllim, sizin adınıza daha bir telefon nömrəsi var.
Təəccüblü idi, çünki heç vaxt heç yerdən ikinci nömrə almamışdım. Operator izahat verdi ki, ola bilər, şəxsiyyət vəsiqənizin surətini harasa vermisiniz, onlar da götürüb istifadə ediblər.
Güman 50 yerə getdi. Çünki şəxsiyyət vəsiqəmin surətini tələb olunan hər yerə vermişdim. Kim bilir, onların hansı belə bir nadürüstlüyə yol vermişdi.
Müştəri xidmətlərində oturan oğlandan adıma olan nömrəni soruşdum, dedi və əlavə etdi ki, tələb edərəmsə, o, həmin nömrəni bloklaya bilər. Dedim, hələ dəymə, adamın özüylə danışım, görüm, kimdir, nəçidir. Fikrim vardı ki, bayram ərəfəsi olduğuna görə adama 3-4 gün möhlət verim, bayram təbrikləşməsini yola versin, sonra gedib öz adına nömrə alsın. Xüləs, adıma olan nömrəyə zəng etdim, adıma nömrə alıb işlətdiyini dedim. Xəttin o başındakı məxluq eşşəyin biri çıxdı, anqırdı ki, mən nə səni tanıyıram, nə də tanımaq istəyirəm, bu nömrəni də almışam, işlədirəm, lap yaxşı eləyirəm. Dedim, ta hessad, blok elə bu nömrəni, əmoğlu.
Operator nömrəni bağladı və dedi ki, əslində vaxtaşırı yoxlamaq lazımdır ki, adınıza başqa nömrə var, ya yox, çünki xətalı işdir, cinayət işlərində adınıza olan nömrədən istifadə oluna bilər, yaxanız əllərdə qalar, gerçəyi sübut edənəcən başınız ağrıyar.
Heç demə, adamın adından istifadə edərək təkcə telefon nömrəsi almırmışlar, kredit də götürüb xərcləyirmişlər.
Ələsgər adlı taksi sürücüsü qonşusu olan yaşlı ər-arvadın başına elə bir pəstəha açıb. Onları 10 manatlıq konturla aldadıb, adlarına 7700 manat kredit götürüb, özü demişkən, “şəxsi ehtiyaclarına sərf edib”. Sonra işin üstü açılıb. 40 gün çəkib, yoxsa daha artıq vaxt gedib, bilmirəm, axır ki, gənc dələduz yaxalanıb.
Xirtdəyi ələ keçəndən sonra o, peşman olduğunu deyib, zərəri ödəyib, zərərçəkmişlərin şikayətçi olmamalarını təmin edib, bir sözlə, canını qurtarıb. Qonşular onu bağışlayıblar. Məhkəmə də Ələsgərə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Hazırda başqasının adına kredit alıb irəli düşmək istəyən gənc xeyli ziyana düşmüş halda (bağladığı kredit, üstəgəl, məhkəmə, vəkil və sair xərclər) aramızdadır və fikirləşir ki, necə etsin, nə qayırsın, 5-10 manat pul qazansın.
Ələsgər yeni qazanc yolları fikirləşməkdə olsun, sizə o yolu artıq tapmışlardan deyim. Hər gün yüzlərlə adam əllərində mobil telefon, oturub, özləri demişkən, “lox” axtarırlar ki, aldadıb soysunlar. Yüz minlərlə bizim kimisi də hər gün çalışır ki, necə etsin, bu gün virtual aləm dələduzlarının fikirləşdiyi yeni-yeni tələlərə düşməsin. Təbii ki, bu barədə düşünməyən və həyatda bu cür fırıldaqçıların necə çoxaldığından şübhələnməyən minlərlə adam da var və əvvəl-axır onların yolları dələduzlarınkı ilə kəsişir. Ara yerdə DİN-ə iş artırırlar.
Belə anlaşılır ki, virtual dələduzlar yaxalanmayacaqlarına, camaatın cibindən, daha dəqiqi, kartından çəkdiyi pulları rahatca “şəxsi ehtiyaclarına sərf edəcəklər”inə əmindirlər. Yoxsa, vallahi, adam tutulacağını bilə-bilə belə riskə getməz. Gedərsə, demək, çox ağılsız adamdır.
Hərçənd adamın yadına düşür ki, 3-4 il öncəyə qədər bir mənzili ən azı 3 adama sataraq, hərəsindən orta hesabla 100 min manat qapazlamış tikinti şirkətlərinin məsul işçilərinin ard-arda məhkəmələri gedirdi. Mat qalırdıq ki, onlar bunu niyə ediblər, düşünməyiblərmi ki, bu işin üstü açılacaq və 100 min manatı qarət olunmuş və evsiz qalmış iki nəfər bu işin dalınca düşəcəklər.
Heç demə, bu yolla bir neçə milyon qazananlar elə düşünmürmüşlər, düşünürmüşlər ki, əsas saxlancda bir neçə milyona malik olmaqdır, sonra onun yarısını vəkilə, ona-buna verirsən, bir azını da türmədə xərcləyirsən, axırda yenə də bir ətək pul qalır, türmədən çıxırsan, özünə yeni biznes qurursan.
Bəs zərərçəkənlər necə olur, onlar pullarını geri ala bilirlərmi? Bax, zurnanın “zırt” elədiyi yer burasıdır. Məlum olur ki, onların bir qismi “it aparan olsun” deyir, axıracan getmirlər, bir yarısı əldən verdiyi pulun yarısının geri qaytarılmasına razılaşır, bəziləri ümidlə gözləyir ki, zərərvuranın hansısa əmlakı satılacaq, o zaman bunların da pulu geri veriləcək. Beləcə, “ya bəy ölər, ya eşşək” sütuasiyası yaranır.
Türkiyə universitetləri üçün “attestatla qəbul aparan”, 60 valideyni aldadıb hərəsindən 5 min dollar qoparan adam var, iki-üç ildən bir tutulur, yatır, çıxır, “biznes”ini davam etdiridi. Aldatdıqlarının yarıdan çoxu ondan şikayətçi olmurdu. Nəticədə adam özü də dolanırdı, onu cəzalandıranları da dolandırırdı. Axırıncı dəfə o, 3 il öncə tutulmuşdu, bu il çıxmalıdır. İnşallah, yayda yenidən “attestatla qəbul” aparacaq.
Ona görə də, əziz oxucular, məndən sizə tövsiyə: adınıza əlavə telefon nömrəsi və kredit olub-olmadığını tez-tez yoxlayın, bir də bu il attestatla Türkiyə, Ukrayna, Dərbənd universitetlərinə üz tutmayın. Kartlarınızın nömrəsini də heç kəsə verməyin.
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ