İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı rəsmisi: Ciddə sammitində neft hasilatının artırılması müzakirə olunmayıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud iyulun 16-da Ciddədə ABŞ Prezidenti Co Baydenin iştirakı ilə keçirilən ərəb liderlərinin Təhlükəsizlik və İnkişaf Sammitinin yekunları ilə bağlı mətbuat konfransında neft hasilatının artırılması məsələsinin müzakirə olunmadığını bildirib. O əlavə edib ki, qlobal neft bazarında tələbat əvvəlki kimi, “OPEC+” formatında müəyyən ediləcək. Nazirin sözlərinə görə, neft sektoruna sərmayələrin həcmi artırılmalıdır, əks halda, qiymətlər daha da qalxa bilər. Feysəl bin Fərhan diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının neft hasilatında maksimum potensialı gündəlik 13 milyon barreldir.

AZƏRTAC xəbər verir ki, səudiyyəli nazir İranla problemləri siyasi dialoq yolu ilə həll etməyin tərəfdarı olduğunu, bu yaxınlarda Ər-Riyad və Tehran arasında görüş keçirildiyini, lakin onun nəticəsiz başa çatdığını bildirib. Onun sözlərinə görə, mətbuatda gündəmdə olan “Ərəb NATO-su” adlı hərbi alyans xəbərləri əsassızdır və ərəb dövlətləri heç bir hərbi alyans yaratmaq niyyətində deyil. ABŞ-ın Səudiyyə Ərəbistanının əsas strateji tərəfdaşı olduğunu qeyd edən nazir bildirib ki, iki ölkə arasında əməkdaşlıq davamlıdır və imzalanmış sənədlərin həyata keçirilməsi üçün müəyyən zaman tələb olunur.

Ukraynadakı müharibə nəticəsində qlobal ərzaq böhranı ilə bağlı Bin Fərhan deyib: “Ciddə Təhlükəsizlik və İnkişaf Sammitində biz ərzaq və taxıl məsələsini müzakirə etdik və ərəb ölkələri arasında koordinasiya səviyyəsini yüksəltməyə çalışırıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR