Onlayn ictimai-siyasi qəzet
Dəm qazından boğulmalar başladı; təhlükəsizlik üçün bunları bilməli
Havaların soyuması ölkə üzrə qış istilik rejiminə keçidi yaxınlaşdırır. Bu isə kombi sistemi olmayan mənzillərdə, fərdi evlərdə qaz sobalarının təzədən istismarı deməkdir. Bu da öz növbəsində “səssiz qatil” sayılan dəm qazı təhlükəsini yenidən aktual edir.
Təəssüf ki, bunca maariflənmə işləri aparılmasına baxmayaraq, hər il neçə-neçə can alır.
Artıq boğulmalar başlayıb. Sabunçu rayonunda yerləşən evlərdən birində İlqar Mehdiyevin və həyat yoldaşı Failanın meyitləri tapılıb.
İlkin məlumata görə, onlar dəm qazından boğulublar.
Təhlükəsizlik qaydalarının pozulması səbəbindən digər faciələr də baş verir. Bilavasitə qazla əlaqəli olmasa da bu qəbildən başqa faciə də yaşanıb.
Hadisə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Abbasov evdə odun sobasını qalamaq üçün benzindən istifadə edib. Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqdakı uşağa, 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal onun paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.
Uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Lakin bədən səthi 90%-i yandığı üçün dünyasını dəyişib.
Bəs belə hallardan qaçmaq, qaz və odun sobalarından düzgün istifadə üçün ailələr nələrə qarşı diqqətli olmalıdır?
Məlum olduğu kimi, mərkəzləşdirilmiş isitmə sistemi nəzərdə tutulmayan binalarda, həmçinin fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla, o cümlədən odunla işləyən sobalardan istifadə edilir. Fövqəladə Hallar Nazirliyi bununla bağlı qeyd edir ki, bu cihaz və sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ciddi məsuliyyət tələb edir. Belə ki, yanğınlar əsasən odla ehtiyatsız davranış səbəbindən, məişətdə istifadə edilən elektrik qızdırıcı, təbii və mayeləşdirilmiş qaz ilə işləyən cihazların, həmçinin odun sobalarının istismarı qaydalarına düzgün əməl edilmədikdə baş verir.
Bildirilir ki, məişətdə işlədilən qaz cihazlarından baş verən yanğınların əsas səbəbi boru xətlərinin birləşmə yerlərində kipliyin pozulması, qaz cihazına qoşulmada standartlara uyğun olmayan rezin və digər materiallardan istifadə edilməsidir. Nəzərə almaq lazımdır ki, mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Propan qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməli, gün şüaları və mexaniki təsirlərdən qorunmalı, zirzəmidə saxlanılmasına yol verilməməlidir. Qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya ayırmaq olmaz.
Qeyd etdiyimiz kimi, qış mövsümündə evlərdə bərk yanacaqla işləyən sobalardan da istifadə olunur. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalama qapısı önündə 70x50 santimetr ölçüdən kiçik olmayan metal təbəqə döşəməyə bərkidilməlidir. Tüstü borusu tavan hissədən keçdikdə yanmayan və istilik keçirməyən materiallarla yanar konstruksiyalardan təcrid olunmalı, borunun tüstü çıxan sonluğu evin dam hissəsindən ən azı 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya azyaşlıların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafında odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır. Sobaların, qaz cihazlarının üstündə və bilavasitə yaxınlığında paltar qurutmaq təhlükəlidir.
Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməsi tövsiyə olunur:
FHN-in "112" qaynar telefon xəttinə məlumat verin;
Odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;
Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;
Mümkündürsə elektrik və qaz cihazlarını söndürün;
Ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və sair ilə tutaraq tüstüdən qorunun;
Yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;
Döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;
Yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;
Uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;
Mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;
Xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;
Liftdən istifadə etməyin;
Qonşuları xəbərdar edin.
Qaz detektorlarının, bacaların təmizlənməsinin önəmi. Binalarda bacaların təmizlənməsinə kim cavabdehdir?
Elmar Nurəliyev
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a danışıb: “Qış fəsli, havaların soyuması ilə əlaqədar olaraq, qaz cihazlarına tələbat artır ki, bu da qaz cihazlarının təhlükəsizlik məsələsini aktual edir. Ona görə qaz cihazları quraşdırılarkən mütləq şəkildə standartlara uyun olaraq quraşdırılmalı, istismarı da təhlükəsizlik qaydalarına əsasən həyata keçirilməlidir.
Qaz kifayət qədər özündə təhlükəni ehtiva edir, ona görə qaz cihazı harada varsa, harada quraşdırılırsa, mütləq onun istismarı təhlükəsizlik şəkildə həyata keçirilməlidir.
Qaydalardan biri budur ki, qaz cihazı qoyulan otaqların kvadratı nəzərə alınmalıdır. Belə ki, 2 gözlü qaz piltəsi qoyulan otağın həcmi minimum 7 kvadrat metr olmalı, 3 gözlü qaz piltəsi qoyularsa, 12 kvadrat metr, 4 gözlü qaz piltəsi qoyularsa isə 15 kvadrat metr olmalıdır".
Ekspert bildirir ki, qaz cihazı olan yerdə mütləq qaz sızması və dəm əleyhinə dedektor qoyulmalıdır: “Dəm qazı əleyhinə olan dedektor dəm qazı əmələ gələndə bu barədə istifadəçiyə siqnal verir, istifadəçi də otaqda dəm qazının olduğunu bilir. Bu zaman dərhal otaqlar havalandırılmalıdır.
Qaz sızmasının əleyhinə olan detektor isə qaz sızma zamanı anında qazın təchizatını dayandırır, istifadəçi bu barədə məlumatlı olur.
Bəs dəm qazı, ümumiyyətlə, nədən yaranır? Dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Standartlara cavab verməyən qaz cihazlarından istifadə etdikdə, qazı cihazlarına kənardan müdaxilə olunduqda, qaz cihazlarının quraşdırılması zamanı düzgün texniki normativ qaydalara riayət edilmədikdə, kənar müdaxilələrlə qazın istiliyinin artırılması, azaldılması kimi proseslərin həyata keçirilməsi nəticəsində, həmçinin tüstü bacalarının vaxtında təmizlənməməsi, tüstü bacalarının dəlik-deşik, çat olması, nasazlıq səbəbindən yanma prosesi düzgün getmir və nəticədə dəm qazı yaranır. Məlum olduğu kimi, dəm qazı rəngsiz, iysiz, dadsız olur, adi gözlə görünmür və bu baxımdan istifadəçi bunun fərqinə varmadan bədbəxt hadisənin qurbanı olur.
Nəzərə almaq lazımdır ki, dəm qazı əsasən hamam otaqlarında yaranır. Hamam otaqları standartlara uyğun olmalıdır. Belə ki, hamam otaqlarının uzunluğu minimum 7 kvadrat metr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Həmçinin hamam otağının qapısında xırda dəliklər olmalıdır.
Ümumiyyətlə isə hamam otağında qaz cihazının olması yolverilməzdir. Əgər hamam otağında qaz cihazı quraşdırılıbsa, mütləq havalandırma olmalı, qapıda xırda dəliklər olmalıdır. Əgər hamam otağında su çəni quraşdırılıbsa, çən olan hamam otağı minimum heç olmas 6 kvadrat metr olmalıdır.
Qaz sobası olan hamam otağında əgər su tutumlu çən quraşdırılıbsa, çən yanmayan materialdan olmalı, ən azı 2 sm divardan aralı olmalıdır. Mətbəxdə isə qaz sobası ilə qarşı tərəfdəki divar arasında ən azı 1 metr məsafə olmalıdır. Bəzən görürük ki, bir otağı 2 otağa çevirirlər və yaxud mətbəxlə havamın yerini dəyişirlər, bu zaman qaz boruları, qeyri-metal borularla çəkilir ki, bu da qətiyyən yolverilməzdir. Qaz xətti metal boru ilə çəkilməli, bir otaqdan digər otağa keçməsi təhlükəsizlik baxımından yolverilməzdir".
Dəm qazından zəhərlənmənin ilkin əlamətləri hansılardır?
Mütəxəssislər bildirir ki, dəm qazından zəhərlənən zaman insanda başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, bəzən, oyanıqlıq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları müşahidə olunur.
Dəm qazından zəhərlənmə hallarında ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür. İlk növbədə isə zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonium tərkibli məhlul iylətmək lazımdır.
Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq. Odur ki, zəhərlənən şəxsə həkim gələnə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir. Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o deməkdir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır. Bu məsələdə hər saniyə çox önəmlidir. Vaxt itirilsə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm də nevropatoloqun nəzarətində olmalıdır.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ