İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərti sərhəddə erməni istehkamları qurulur

Ermənistanın “sülh” pərdəsi arxasında yürütdüyü aqressiv siyasətinə Bakıdan sərt reaksiyalar

Rusiya Prezidenti Putin Ukrayna ilə sərhəddə “bufer zona” yaradılması barədə ilk dəfə deyil danışır. Buna beynəlxalq münasibətlərdə daha çox “sanitar , silahsızlaşdırılmış zonalar” da deyirlər. Putinin dediyinin “tərcüməsi” budur ki, Belqorod, Bryansk və Kursk vilayətlərini qorumaq üçün Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətinin içərlərinə doğru irəliləmək lazım gələcək. Kreml kuluarlarında Rusiyanın Ukraynanın dərinliyinə daha 300 kilometr(!)irəliləyərək “sanitar zona” yaratmaq iştahasından danışırlar.

Son aylar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan atəşə tutması halları artıb. Doğrudur, Azərbaycanın qətiyyətli cavabından sonra son iki ildə Ermənistanın diversiya qruplarının sərdəddən ərazlərimizə soxulmaq cəhdləri yoxdur. Amma Ermənistan ordusu Azərbaycanla şərti sərhəd boyunca yeni hərbi istehkamlar qurmağa da davam edir. Erməni hərbçilərin müxtəlif növ silah və sursatları əraziyə topladığı, mövqeləri möhkəmləndirdiyi fiksə edilir. İrəvan sülh müqaviləsi üçün son iki şərti yerinə yetirməyi ləngidir. Ermənistan baş nazirinin “İrəvan Dialoqu” zamanı ərazi iddialarını aradan qaldırmaq üçün ölkə konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, sülhə sadiqliyi ilə bağlı suallar doğurub. Yeri gəlmişkən, Ermənistanda 2026-da parlament seçkilərində Paşinyanın məğlub olarsa, revanşist qüvvələrin hansı dövlətlərin təxribatçı planlarda yer alacağını proqnozlaşdırmaq çətin deyil. Unutmayaq ki, Ermənistan sülh sazişini gecikdirməsinə paralel olaraq, sürətlə silahlanmağa davam edir. Pisi odur ki, uzaqmənzilli, hətta istifadəsi qadağan olunan silahlar əldə edir, alınan silahlar isə sərhədə yaxın yerlərdə yerləşdirilir. Ermənistan hər zaman deyir ki, müdafiə üçün silahlar alırıq, lakin son dövrlər aldıqları silahlar müdafiə deyil, əksinə, hücum silahlarıdır. Azərbaycanda bəzi ekspertlər hesab edir ki, Ermənistanın bu təxribatlarnın qarşısını almaq üçün “atəş açılan yer ordumuz tərəfindən azad edilməli, Azərbaycan bayrağı dalğalanmalıdır”. Qulağa yaxşı gəlir, amma bu, artıq yeni gərginlik, yeni savaşın fitilini yandırmaq deməkdir. Bəs Azərbaycan nə etməlidir?

Arzu Nağıyev: “Minimum əməkhaqqının artırılması vətəndaşların sosial  rifahını yaxşılaşdıracaq”

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhəddə baş verən hadisələr, əsasən də Ermənistanın uzaq vuran silahları yerləşdirməsi, istehkamlar qurması, hərbi təxribatların artırılması bu sülhün bərqərar olmasına ən ciddi zərbə vuran məsələlərdən biridir: “Nə üçün sərhəddə bu addımlar atılır? Əsas məsələ odur ki, vaxtilə Rusiya tərəfi də Ukrayna ilə sərhəd boyu "sanitar zona", bufer zona deyilən bir ideya ilə çıxış edirdi və düşünürəm ki, Ermənistan da bundan istifadə edib, guya təhlükəsiz, ya da başqa ad altında müəyyən bir zona yaratmağa çalışır. Ermənistan bundan zaman-zaman istifadə edib, əvvəllər Qarabağda bufer zona yaradaraq guya ki, Qarabağı “qoruyurdu”. Məlum məsələdir ki, absurd ideyalardır, Azərbaycan bunu dərk edir və çox ciddi izləyir, bu da əsas səbəb deyil. Əsas səbəb odur ki, Ermənistan sülh prosesini əngəlləyir. Bu, sülh müqaviləsini imzalamamaq üçün bu addımları atır. Yəni əsas problemlərdən geridə durmaq, konstitusiyada dəyişiklik etməmək, ərazi iddialarından əl çəkməmək, bunlar hamısı vaxtı uzatmaq, status-kvonu saxlamaq üçün atılan addımlardır. Yəni bu gün hücum xarakterli silahların alınması, sərhəddə yerləşdirilməsi də mesajdır. Bu hallarda belə Azərbaycan təbii ki, öz sülh prosesinə sədaqətli olmağını, sadiq olduğunu davam etdirir və diplomatik masada bu sahədə güclü olduğunu göstərməkdədir". Milli Məclisin komitə sədri Ermənistanın eskalasiya hazırlığından və rəsmi Bakının müvafiq addımlarından da bəhs etdi: “Təbii ki, paralel olaraq, Ermənistan sərhəddə hərbi istehkamlar qurursa, silah yığırsa, Azərbaycan da nəzarəti gücləndirir. Yəni Azərbaycan tərəfə əgər erməni atəş açarsa, bu atəşin susdurulması üçün lokal cavablar verilməlidir. Bu məsələdə beynəlxalq tərəfdaşlarla koordinasiyalı işlər aparılır və ya aparılmalıdır. Mütəmadi olaraq, beynəlxalq ictimaiyyət bununla bağlı məlumatlandırılır. Təbii ki, xüsusi xidmət orqanları Ermənistanın əldə etdiyi bu silahların mənşəyi nədir, texniki xarakteristikası nədir, nə məqsəd alınır, sərhədin yaxın hansı ərazini vura bilər. Bunların hamısı detallı şəkildə öyrənilir və düşünürəm ki, tam şəkildə xarakteristikası artıq müvafiq orqanlarımızda var. Bəzi ekspertlərin qeyd etdiyi kimi, həmin ərazilər vurulmalıdır! Məlum məsələdir ki, bu işlərdə çox ehtiyatla davranmaq, strateji baxımından ehtiyatlı olmaq lazımdır. Hər hansı bir təxribat olarsa, daha doğrusu, atəş açılarsa, o ərazilər, silahların yerləşdiyi yerlər birmənalı şəkildə məhv ediləcək. Yəni biz bu gün həqiqət çərçivəsində hər addımımızı atırıq və belə də edəcəyik. Ermənistan vaxt udmağa çalışır. İnformasiya savaşını unutmamalıyıq. Ermənistan təxribatı müdafiə adı altında pərdələməyə çalışır və biz bunu dünyaya çatdırıq ki, bu pərdələmə heç də müdafiə xarakterli deyil. Yəni bunun qarşısını almaq üçün həm daxildə, həm də beynəlxalq informasiya məkanında biz öz işimizi görürük və görəcəyik də. Yəni burada bizim üçün hər hansı kompromis yoxdur”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistan hakimiyyəti “İrəvan dialoqu” təşkil etməklə, özünün sülh siyasətini manipulyasiya edir. M.Əsədullazadə bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Ermənistana səfərində məhz bu ölkəyə təhlükəsizlik təminatı verəcəklərini qeyd etdi: “Bu, Ermənistanı eskalasiyaya sövq etməkdir. Rusiya Ukraynada bufer zona yaratmaq istəyir ki, ərazilərin təhlükəsizliyini təmin etsin. Amma regionda Ermənistanı Azərbaycana qarşı silahlandırmaq niyyətindədir. Göründüyü kimi, İrəvanın konstitusiyanı dəyişməməsı beynəlxalq şərtlərin dəyişməsinə hədəflənib. Nikol Paşinyan hesab edir ki, Rusiya Ukraynada həlledici üstünlük əldə edərsə, Moskvaya yaxınlaşa və yeni dəstək almaqla Azərbaycana qarşı hərbi təxribatlara gedə bilər. Bununla da Moskvanın siyasi dəstəyini almış olar”. Ekspert qeyd etdi ki, Ermənistan sürətli şəkildə silahlanarsa, hərbi təxribatlara gedərsə, Azərbaycan Zəngəzurda bufer zona yarada bilər: “Biz imkan verə bilmərik ki, Ermənistan yenidən Azərbaycana qarşı yenidən işğalçı müharibəyə başlasın. Ermənistan hakimiyyətinin bu siyasəti ölkəsini faciəyə aparır. Çıxış yolu isə praqmatik olaraq sülh müqaviləsindən keçir. Sülh müqaviləsi Ermənistanın gələcək inkişafı və Nikol Paşinyanın hakimiyyətdə qalması deməkdir. Bilirik ki, Ermənistan müstəqil siyasətə malik deyil. Davamlı olaraq siyasətini dəyişir. Ona görə də Azərbaycan sülh müqaviləsində daha ciddidir və Ermənistan konstitusiyasının referendum yolu ilə dəyişdirilməsinin ardınca sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Düşünürəm ki, Ermənistan hakimiyyəti bu ildə sülh müqaviləsini bağlamayacaq. Həmçinin sülhə əngəl olan şərtləri aradan qaldırmayacaq. Azərbaycan əlindən gələni edir ki, tezliklə sülh müqaviləsi bağlansın. Amma biz də silahlanırıq. Çünki Ermənistanın praktiki olaraq silahlanmasını görürük”.

E.PAŞASOY,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR