İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyanın simpatizanı Bakıya niyə gəlmək istəyir? - deputatdan reaksiya

Fazil Mustafa: “Ermənistanın hansısa müxalifət partiyasının təmsilçisinin belə bir təkliflə çıxış etməsi qeyri-ciddidir və yaxşı niyyətdən irəli gəlmir”

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, radikal-müxalifətçi deputat Ayk Mamicanyan Bakıda saxlanılan erməni diversantlara baş çəkmək üçün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya rəsmi məktub göndərmək niyyətindədir. O, bu barədə sosial şəbəkədə yazıb.

Mamicanyan “əsir ermənilər”i görmək, onların durumu və saxlanma şəraiti ilə tanış olmaq istəyir. Məktubla bağlı o, MDB, Avropa Şurası, Avronest parlament assambleyaları və Avropa Parlamentinin sədrlərini, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərini məlumatlandıracağını deyib.

Qeyd edək ki, “Şərəfim var”  bloku əsasən sabiq prezident, Xocalı hərbi canisi Serj Sərkisyanın tərəfdarlarından və partiyadaşlarından ibarətdir.

Bəs rəsmi Bakı Ayk Mamicanyanın səfərinə icazə verəcəkmi?

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

 Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əgər Ermənistanın iqtidar partiyasının təmsilçisi Bakıya gəlmək üçün müraciət edərdisə, bu məsələyə baxmaq olardı: “Çünki Azərbaycanla Ermənistanın arasında münasibətlər qurulur-xarici işlər nazirləri səviyyəsində görüşlər, Prezidentlə baş nazir səviyyəsində görüşlər və digər səviyyələrdə təmaslar olur. Ona görə də Ermənistandan dövlət səviyyəsində rəsmi təklif, müraciət gələrsə, bunu müzakirə edib dəyərləndirmək olar. Amma Ermənistanın hansısa müxalifət partiyasının təmsilçisinin belə bir təkliflə çıxış etməsi qeyri-ciddidir və yaxşı niyyətdən irəli gəlmir. Bu, sadəcə, daxili auditoriyada bir xal qazanmaq üçün düşünülən addımdır. Hər yerindən duranın müraciətinə müsbət cavab vermək mümkün deyil. Ona görə də müraciət olsa belə, Bakının icazə verməsi məqsədəuyğun deyil. Amma hökumətlərarası razılaşma əsasında həmin ermənilərin durumu ilə maraqlanmaq məsələsi olsa Azərbaycan onsuz da bunu gizlətmir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də bu məsələlərlə bağlı maraqlanır, o ermənilərin saxlanması ilə bağlı hər hansı hüquq normalarının pozulması faktı qeydə alınmayıb.

Hökumətdən rəsmi müraciət olarsa, qarşılıqlı şəkildə özümüzün də şərtlərimizi qoyaraq məsələyə baxıla bilər. Onda Azərbaycana da imkan verilməlidir ki, Birinci Qarabağ müharibəsində əsir düşmüş, girov götürülmüş, itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyini gedib yerində araşdırsın. Azərbaycan müharibə zamanı əsir düşmüş şəxsləri xoşməramlı jest olaraq Ermənistana təhvil verdi. Qarşılığında isə Ermənistan 4 min azərbaycanlının taleyi barədə ciddi izahat vermədi, Azərbaycana onların taleyinin Ermənistanda araşdırılması üçün şərait yaratmadı".

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Ayk Mamicanyan və onun təmsil olunduğu müxalifətçi adlanan deputatların Azərbaycan ərazisinə gəlmək və bunun üçün Bakıya müraciət etməyə heç bir mənəvi haqları çatmır. Çünki bu adamların və onların liderlərinin hakimiyyətdə olduğu dövrlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxvektorlu cinayətlər həyata keçirilib: “Serj Sərkisyanın yüksək vəzifələrdə olduğu dövrlərdə və Prezidentliyi zamanında işğal altında saxlanan Azərbaycan torpaqlarında mədəni, ekoloji və digər bir çox sahələr üzrə terror hadisələri həyata keçirilib. Eyni zamanda Xocalı soyqırımı və digər qətliamlarda birbaşa Serj Sərkisyan və onun ətrafında olan adamların əli olub. Yəni bu dəstə qatı cinayətkarlardan ibarətdir. Digər tərəfdən, Ayk Mamicanyan Bakıda həbsdəki cinayətkar erməniləri görmək istəyinə düşməzdən öncə Ermənistan hakimiyyətindən tələb etməlidir ki, birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydın gətirsinlər. Bu günə qədər Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir aydınlıq gətirilməyib. Ermənistan tərəfindən bu məsələ barədə real addımlar atılmadığı halda hansısa erməni deputatın Bakıdakı erməni ”əsirləri" görmək istəyinə düşməsi elə istək olaraq da qalacaq. Mən hesab edirəm ki, əslində Mamicanyanın canı hansısa erməniyə yanmır, sadəcə, o, daxili auditoriyaya hesablanan populist açıqlama verib. Azərbaycanda saxlanan ermənilər 10 noyabr üçtərəfli bəyanatı imzalanandan sonrakı dövrdə Azərbaycan ərazisinə qanunsuz daxil olub müxtəlif terror, təxribat hərəkətlərinə yol verən cinayətkarlardır. Yəni onlar qətiyyən əsir deyillər. Azərbaycanda erməni hərbi əsir yoxdur. Mən düşünmürəm ki, Bakı Azərbaycana qənim kəsilmiş bir qüvvənin, bir qrupun təmsilçisinin səfərinə icazə versin".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR