İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhəddə toqquşmaları kim dayandırdı” dartışması

Erməni spikerin “gərginliyi ABŞ dayandırdı” fikri etiraz doğurub, Əliyev isə Putinə təşəkkür etmişdi, amma Blinkenin zəngində də incə nüans var - bəs kim atəşkəsdə vasitəçi olub?

Ermənistan parlamentinin sədri Alen Simonyanın sərhəddə gərginliyin stabilləşməsindən danışarkən “Azərbaycanla Ermənistan arasındakı gərginliyi ABŞ dayandırdı” fikirləri ciddi etirazlar doğurub. “Yeni Müsavat” qeyd edir ki, sentyabrın 16-da Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü olub.

Sözügedən görüşdə Azərbaycanın dövlət başçısı “...sərhəd zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə” Putinə təşəkkürünü bildirib. Putin isə “...Əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində, hər halda, eskalasiyanı dayandırmaq mümkün olub...” - deyə bildirib.

Bəzi ekspertlərə görə, atəşkəsin saxlanmasında ABŞ da diplomatik kanallarla hərəkətə keçib. Blinken həm Paşinyanla, həm Azərbaycan Prezidenti ilə danışıb ki, bunları da atəşkəsin saxlanmasında diplomatik səylər kimi qiymətləndirmək olar. Bu mövzu ətrafında “Trend”in etibarlı mənbədən əldə etdiyi məlumat da maraqlıdır. “Trend” yazır ki, Simonyanın açıqlaması yalandır, atəşkəs rejiminin təmin olunmasında ABŞ-ın hər hansı xüsusi rolu olmayıb, tərəflərin birbaşa təmasları vasitəsilə atəşkəs təmin edilib. Maraqlıdır ki, Pelosinin İrəvanda anti-Azərbaycan bəyanatlarından sonra ABŞ dövlət katibi Entoni Blinken son 1 həftədə növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

O zaman açıq suallar qalır: Ermənistanın təxribatlarını kim dayandırdı - Putin, yoxsa ABŞ? Blinkenin zənginin Pelosinin səsləndirdiyi sərt bəyanatlara Bakının mövqeyini loyallaşdırmaq, Vaşinqtonun onun dediklərini bölüşmədiyi, Azərbaycan-ABŞ münasibətlərini əvvəlki məcrada saxlamaq istəyi kimi izah etmək olarmı? Bəs “Sərhəddə qarşıdurmanı kim saxladı” dartışması regionda ABŞ və Rusiyanın mövqe savaşının gücləndiyini göstərirmi?

Hər şey qaydasındadır, yaxşıyam" -

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sərhəd münaqişəsinin dayandırılmasında həlledici rolu Rusiya oynadı. Onun fikrincə, çünki Moskvanın hər iki dövlətə əli çatırdı, təsir rıçaqları vardı, liderlər bu ölkənin sözünü qəbul edirdilər: “Kreml iki dəfə atəşkəsə nail olmaq üçün cəhd göstərdi. Birinci atəşkəs rejiminə qayıtdıqdan sonra ermənilər təxribatlara başladılar, təkrar Rusiyanın işə qarışmasına zərurət yarandı. Belə bir gərgin dövrdə isə Blinken yalnız tərəflərə zəng etməklə məşğul idi və onun sözünü saya salan da olmadı”. Professor qeyd etdi ki, Vaşinqton sərhəd münaqişələri zamanı özlərinin “küpəgirən qarısı” Pelosini təlimatlandırıb İrəvana göndərməklə məşğul oldu: “Onun bölgəyə səfəri isə əsəbləri tarıma çəkən, yeni münaqişələr üçün zəmin yaradan addım oldu. ABŞ bu bölgəni yaxşı tanımır. O səbəbdən də hadisələrə qarışmasa daha yaxşı olar. Ancaq supergüclərin regionda mövqe qarşıdurması getdikcə güclənir və bundan zərər çəkən kiçik dövlətlər olur, onların  müsibət yaşamasına səbəb olur. Əslində ABŞ və Rusiyanın rəqabəti sülhə deyil, qarşıdurmaya xidmət edir”. Q.Hüseynli hesab edir ki, bununla belə, Brüssel platformasında danışıqları davam etdirməyə hələ də əl yeri qalıb: “Çünki sülhün alternativi yoxdur. Vasitəçilik səylərində Avropa Birliyinin təklifləri daha cəlbedici görünür”.

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova da düşünür ki, Putin atəşkəsin əldə edilməsində əsas fiqurdur: “Simonyan Amerikanın qulağına xoş gəlsin deyə bu cür fikirlər səsləndirə bilər. Təbii ki, Paşinyan administrasiyası Pelosinin səfəri ərəfəsində sərhəd toqquşmalarının dayanmasına görə Rusiyanın rolunu qabarda bilməzdi. Ancaq Moskva da İrəvandakı hakimiyyətin son davranışlarını, çıxışlarını diqqətlə izləyir. Əgər İrəvan küçələrində Putinin şəkillərini endirib Pelosinin fotolarını vururlarsa, deməli, Ermənistan yönünü açıq göstərib. İndi isə Simonyan Rusiya deyil, ABŞ gərginliyi dayandırıb deyirsə, deməli, İrəvan-Moskva əlaqələri getdikcə pisləşəcək. Ola bilsin ki, bu hadisələrdə Blinkenin çağırışları olub, amma Putin eskalasiyanı saxladıb. Nəzərə almaq lazımdır ki, noyabrın 9-u gecəsi də müharibəni saxladan Rusiya lideri olmuşdu. Sadəcə, ermənilər ağıllanmırlar və başlarına iş açmaqda davam edirlər”.

Ekspert güman edir ki, Azərbaycan və Ermənistan müdafiə nazirləri səviyyəsində hansısa birbaşa rabitə mümkündür: “Bununla bağlı bir razılıq da əldə edilmişdi. Nazirlər səviyyəsində danışıqlar nəzərdə tutulurdu. Amma bu haqda rəsmi informasiya olmadığı üçün biz ehtimal edə bilərik. Odur ki, yekun olaraq Rusiyanın sərhəd münaqişəsini dayandırdığı qənaətinə gəlməliyik. Sadəcə, bununla proseslər gərgin fazaya daxil oldu. Qərblə Rusiyanın Cənubi Qafqazda toqquşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə töhfə vermədi. Bütün hallarda yüzlərlə hərbçisi meyit olan və strateji yerləri itirən Ermənistan hakimiyyəti tezliklə ağlını başına yığıb Brüssel danışıqlarına qayıtmalıdır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR