İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə görüşün keçirilməsinə heç kim qarışa bilməz - millət vəkili

 

“Azərbaycan tərəfi görüşün məhz sərhəddə keçirilməsini təklif edib. İki dövlət arasında vasitəçi olmadan görüşün keçirilməsinin anonsu daha öncə verilmişdi. Ermənistan prezidentinin İraq prezidenti ilə görüşündə də bu məsələ qaldırılmışdı”. 

Bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili diqqətə çatdırıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar delimitasiya və demarkasiyadan başlayır: “Sərhədlər müəyyən edildikdən, verilən təkliflər müzakirə olunduqdan sonra növbəti addım üçün zəmin yaranır. Düşünürəm ki, Ermənistan XİN Azərbaycan XİN-nin səsləndirdiyi təklifə müsbət cavab verib. Vasitəçilər olmadan birbaşa təmasla mövcud problemlərin həll edilməsi üçün addımların atılması əhəmiyyətlidir. Bu, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımdır. Görüşdən sonra hansı məqamların üzə çıxacağı barədə danışmaq tezdir. Azərbaycanın irəli sürdüyü 5 prinsip bəllidir. Ermənistan isə Qərbin təkidi ilə 3 prinsipi qabartmağa çalışır. Sərhəddə görüşün keçirilməsinə heç bir havadar, təzyiq vasitəsindən istifadə etmək istəyən dövlətlər qarışa bilməz”.

Xatırladaq ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb:

 -Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

 -Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 -Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 -Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 -Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR