Onlayn ictimai-siyasi qəzet
Bu gün- dekabrın 17-də Serbiyada növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilir. 2012-ci ildən bəri ilk dəfədir ki, seçkilərdə sürpriz nəticələr ola biləcəyi proqnozlaşdırılır.
Demək olar ki, on ilə yaxındır ki, hazırkı prezident Aleksandr Vuçiçin Serb Tərəqqi Partiyası seçkilərdə parlaq qələbə qazanıb. Son aylar isə bu mövqe xeyli zəifləyib və Vuçiç serb siyasi sistemində üstünlüyünü təsdiqləmək üçün erkən seçkilərə qərar verib. Vuçiçin gözlənilən nəticələrdən narahat olduğunu onun siyasi kampaniyasının tempi və miqyası da sübut edib. Kampaniyanın davam etdiyi 44 gün ərzində Vuçiç milli televiziya kanallarında 45 dəfə çıxış edib.
Vuçiç üçün vəziyyətin ciddiliyini heç bir araşdırma agentliyinin seçkilər öncəsi partiyaların reytinqi ilə bağlı təhlilini dərc etməməsi də təsdiqləyir. Ciddi mərkəzlər hər seçkilər öncəsi adətən, belə rəy sorğuları keçirib, lakin indi cəmiyyət o qədər qütbləşib ki, istənilən nəticə tərəflər arasında narazılıq doğurur.
Amma əksər sosioloqlar konkret rəy sorğularına istinad etmədən birləşmiş liberal müxalifətin Vuçiçin parlamentindəki səs çoxluğuna birbaşa təhlükə ola bilməyəcəyini proqnozlaşdırırlar. Bununla belə, Serbiyadakı əksər politoloqlar Belqradda yerli seçkilərdə liberal müxalifətin qələbəsini real hesab edir.
Vuçiçin partiyası ilə rəqabət aparan blok “Serbiya zorakılığa qarşı” adlanır. Bu, liberal, sosial-demokrat və ekoloji partiyaların koalisiyasıdır.
Bildirilir ki, Vuçiçin Serb Tərəqqi Partiyası və onu dəstək verənlərin reytinqi 40%-ə yaxındır. Birləşmiş liberal müxalifətin isə reytinqi 35%-ə çatır. Belqradda Vuçiçin partiyasının reytinqi liberallar isə müqayisədə cüzi də olsa, azdır.
2012-ci ildə olduğu kimi bu seçkilərdə də əsas fiqurlardan biri xarici işlər naziri və Vuçiçin siyasi müttəfiqi İvitsa Daçiç ola bilər. Nazir və prezident ictimaiyyət arasında yaxşı münasibətlərini saxlayırlar, amma göz qabağındadır ki, əslində onlar rəqibdirlər. Daçiç əlverişli anda Vucic ilə ittifaqını liberallarla koalisiyaya dəyişə bilər. Vuçiç Serbiya parlamentində çoxluğu əldə etmək üçün indilikdə Daçiçin dəstəyinə ciddi ehtiyacı var.
Vuçiç üçün millətçilərin də bu gün necə səsə verəcəyi əsasdır. Miloş Yovanoviç və Boşko Obradoviç rəhbərlik etdiyi millətçi partiyalar anti-Qərb mövqeyi ilə seçilirlər. Lakin Miloş Yovanoviç seçkilərdən sonra liberal blokla əməkdaşlığa hazırdır, digər millətçi kəsim isə müxalif bloka qarşıdır. Millətçilər populyarlıq səviyyəsinə görə deyil, seçkidən sonrakı tərəfdaşlıq perspektivlərinə görə vacibdir. Məhz onların kimə dəstək verməsi xüsusən də Belqradda həlledici amil ola bilər. Miloş Yovanoviç paytaxtda üstün səs toplayarsa, Vuçiçin partiyası Belqradda ciddi səs itirə bilər.
Ekspertlərə görə, indiki mərhələdə çətin ki, liberal blok ölkədə qanunverici hakimiyyəti ələ keçirə bilsin. Vuçiç hələ də çox güclüdür və ona dəstək verən inzibati resurslara malikdir. Amma Belqradda liberal blokun səs çoxluğu əldə etmək üçün real şansı var, xüsusən də yuxarıda bəhs etdiyimiz kimi millətçilərlə razılığa gəlmək mümkün olsa...
Orxan ƏLİYEV,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ