İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi: “Zelenski kimi səhvə yol verdilər”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən biri – KOS-in komandir müavini, general Yadulla Cavani Azərbaycan və Ermənistanı sərt bəyanatlarla hədələyib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə “Ukrayna kimi səhvə yol verib” və bu, onların gələcəyinə ağır nəticələr gətirə bilər:

“Əliyev və Paşinyan eyni səhvi etdilər ki, bundan əvvəl Zelenski etmişdi; bu səhv onların ölkələrinə oxşar nəticələr gətirə bilər.”

General bildirib ki, İran sərhədində ABŞ-ın dəstəyi ilə “Tramp yolu” adlandırılan kommunikasiya xəttinin açılmasına imkan verilməyəcək:

“ABŞ-ın Qafqaza girməsinə Rusiya, İran və Çin qarşı duracaq, Qafqaz isə Trampın muzdlu əsgərlərinin məzarlığı olacaq.”

Musavat.com-un şərhi

İran daxilində bu məsələdə ciddi fikir ayrılığı müşahidə olunur. Ölkə iki böyük düşərgəyə bölünüb: dini idarəçiliyə və ruhaniyyətə bağlı olan mühafizəkar qanad, xüsusilə SEPAH rəhbərliyi hədə və sərt bəyanatlarla çıxış edir; Prezident Məsud Pezeşkian və komandası isə prosesə daha soyuqqanlı, diplomatik və korrekt yanaşır.

Prezident Pezeşkian jurnalistlərə açıqlamasında vurğulayıb ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək yol Ermənistan ərazisindən keçəcək, amma bu, “dəhliz” statusunda olmayacaq. Yol Ermənistan və ABŞ şirkəti tərəfindən idarə ediləcək, İranın suverenliyinə və maraqlarına təhlükə yaratmayacaq. İranın xarici işlər naziri Abbas Əraqçı da prosesin hər iki ölkənin rəsmiləri ilə dialoq şəraitində davam etdiyini, Ermənistan XİN rəhbərinin yaxın vaxtlarda Tehrana səfər edəcəyini bildirib.

Buna baxmayaraq, dini elita və ona bağlı hərbi qurumlar Zəngəzur dəhlizini “qırmızı xətt” elan edərək Azərbaycan və Ermənistanı hədələməyə davam edir. Halbuki, SEPAH özünün belə təhlükəsizlik zəifliklərini aradan qaldıra bilmir: 12 günlük İsrail - ABŞ bombardımanlarında 20-dən çox iranlı general və yüksək rütbəli zabit öz evində, maşınında, yatağında İsrailin dəqiq zərbələri ilə zərərsizləşdirilib.

Musavat.com olaraq bildiririk ki, əgər SEPAH rəhbərliyi hədə ünvanlamaqda israrlıdırsa, bu hədəflər ilk növbədə prosesin əsas siyasi fiquru olan ABŞ prezidenti Donald Trampa ünvanlanmalıdır. Çünki artıq Zəngəzur dəhlizinin Ermənistan - İran sərhədindən keçəcək 43 km -i "Tramp yolu"dur. Və ABŞ -a bu hədiyyəni sizin hər zaman dəstəklədiyiniz Ermənistan edib.
Buyurun, iddialarınızı, etirazlarınızı İrəvana ünvanlayın!

Bizə görə artıq nə İran, nə də Rusiya bu yolun açılmasının qarşısını ala bilməyəcək. “Tramp yolu” adı ilə bizim “Turan dəhlizi” istənilən halda açılacaq və Azərbaycan vətəndaşları tezliklə Naxçıvana quru yolu ilə sərbəst gedə biləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR