Onlayn ictimai-siyasi qəzet
Səmərqənd şəhərində maarifpərvər ziyalı, alim, jurnalist və tərcüməçi, tanınmış azərbaycanlı Seyid Rza Əlizadənin anadan olmasının 137-ci ildönümü münasibətilə Səmərqənd vilayəti rəhbərliyi, Özbəkistan Jurnalistlər Birliyinin vilayət şöbəsi, Özbəkistan və regional informasiya və kütləvi kommunikasiyalar idarəsinin Səmərqənd vilayəti şöbəsi ilə birgə mənəvi-maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə vilayət hakiminin müavini Rüstəm Qabilov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə, Özbəkistan Ali Məclis Senatının üzvü Fərman Toşev və məktəblilər, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Seyid Rza Əlizadə adına Səmərqənd şəhərdəki 14 saylı ümumi orta məktəbdə təşkil olunan tədbir böyük maarifpərvər insanın sözügedən təhsil ocağında ucaldılmış büstü önündə onun xatirəsinin anılması ilə başlayıb.
Daha sonra məktəbin böyük akt zalında davam edən tədbiri giriş sözü ilə açan Səmərqənd vilayət hakiminin müavini Rüstəm Qabilov böyük maarifçi, tanınmış azərbaycanlı Seyid Rza Əlizadənin Özbəkistan tarixində iz qoymuş ziyalı bir şəxs kimi dəyərləndirərək onun əziz xatirəsinin hər zaman dərin ehtiramla anıldığını qeyd edib.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə azərbaycanlı maarifpərvər bir ziyalı olmuş Seyid Rza Əlizadənin Mərkəzi Asiya xalqları arasında həyata keçirdiyi maarifçilik işlərindən söz açaraq elmli, təhsilli bir nəslin yetişməsində Azərbaycan xalqının nümayəndəsi olan bu görkəmli ziyalının böyük xidmətlərinin olduğunu vurğulayıb.
Seyid Rza Əlizadənin həyatı, yaradıcılığı və ədəbi irsinin tədqiqi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə söz açan K. Məmmədzadə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Səmərqənd Dövlət Universitetində Seyid Rza Əlizadə adına Azərbaycan Mərkəzinin açıldığını, Azərbaycan Mədəniyyət Mərkəzində qurulmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyində isə onun büstünün qoyulduğunu, həyatı və yaradıcılığından bəhs edən guşənin yaradıldığını qeyd edərək, böyük maarifpərvər ziyalının yaradıcılığı ilə bağlı bundan sonra da bir-çox layihələrinin həyata keçiriləyəcəyini bildirib.
Çıxış edən Özbəkistan Ali Məclisi Senatının üzvü, eyni zamanda “Zərəfşan” qəzetinin baş redaktoru Fərman Toşev Seyidrza Əlizadənin Özbəkistanda milli mətbuatın inkişafında böyük xidmətlərinin olduğunu, Səmərqənddə qəzet və jurnalların yaranmasında fəal iştirak etdiyini, “Səmərqənd” (indiki “Zərəfşan”) qəzetinin ilk redaktoru olduğunu vurğulayıb.
Daha sonra Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə çıxış edərək babasının qoyub getdiyi zəngin elmi-maarif irsindən söhbət açıb, onun acı taleyindən danışıb.
Məktəb şagirdlərinin Seyid Rza Əlizadə haqqında hazırladıqları səhnə təqdimatı və şeir kompozisiyaları maraqla qarşılanıb.
Tədbir iştirakçıları daha sonra Seyid Rza Əlizadənin Səmərqənd şəhərindəki Pəncab qəbristanlığında yerləşən məzarını ziyarət edib, böyük ziyalının vaxtilə yaşadığı evdə yaradılmış ev-muzeyinə baş çəkiblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ölkəmizə dair nəşr olunmuş kitab kolleksiyası Seyid Rza Əlizadənin ev-muzeyinin kitabxanasına hədiyyə olunub.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ