İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqənd sammitində Zəngəzur dəhlizi müzakirəsi

 

Azərbaycan Prezidenti: “Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq”

Sentyabrın 15-i və 16-da Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü keçirilib. Sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, “Bir kəmər, bir yol” layihəsi də müzakirə olunub. Nəzərə çatdıraq ki, son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət - Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət - Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak ediblər. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, sentyabrın 14-də onun səfərinin ləğv edildiyi məlum olub. Şanxay sammitinin ilk günü maraqlı detallar və rəngli lövhələrlə yadda qalıb. Qədim türk yurdu, Əmir Teymurun məqbərəsinin yerləşdiyi Səmərqənddəki Şanxay zirvəsi iştirakçı türk dövlətlərinin rəhbərlərinin rahat və üstün davranışları ilə fərqlənib. Türkiyə prezidenti Ərdoğanın sammitdə sərgilədiyi ağsaqqal tövr bir sıra foto və video görüntülərdə də əks olunub.

Bir sıra təhlilçilər tədbir başlamadan iddia edirdilər ki, regionun gələcəyi məhz Səmərqənddə müzakirə edilib. Rəylərə görə, Azərbaycan, Türkiyə, Rusiya və İran liderləri mütləq şəkildə Qafqaz xəritəsini də müzakirə ediblər.

Nəzərə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib. Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Prezident İlham Əliyevin həmçinin Türkiyə Prezidenti R.T.Ərdoğan və Rusiya lideri V.Putinlə, Pakistan baş naziri ilə də görüşləri keçirilib. Bu görüşlərdə, şübhəsiz ki, Qarabağ məsələsi də müzakirə olunub.

Sentyabrın 16-da Sammitdə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində “iqtisadi eqoizm” və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb. Putin deyib ki, bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik. Putin Rusiyanın siyasətində heç bir “eqoizm” olmadığını vurğulayıb: “Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar”.

Rusiya prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: “Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır”.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycan qarşısında böyük  perspektivlər açır - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə geniş çıxış edib: “İlk növbədə, məni Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmək istərdim. Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam. Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib. Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Oxu.az - İlham Əliyevin ŞƏT sammitində çıxışının tam mətni – YENİLƏNİB +  FOTO/VİDEO

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək".

Türkiyə Prezidenti Ərdoğan isə sammitdə çıxışında deyib ki, Orta dəhlizin Qafqaz, Çin, Mərkəzi Asiyada mühüm bir arteriya olaraq bölgəmiz və xaricində stabilliyin və inkişafın təmin edilməsində böyük rol oynadığı bəllidir. Türkiyə son 20 ildə nəqliyyat sahəsində nəhəng yatırımları ilə çox önəmli uğura imza atıb: “Ölkəmizin Qərb və Şərq arasında körpü olmağı bizə müqayisəolunmaz imkanlar yaradır. Bu məqsədlə təhlükəsizlikdən iqtisadiyyata, energetikadan nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər bir sahədə əməkdaşlığa hazırıq”.

Səmərqənddə İlham Əliyevlə Ərdoğanın görüşü olub - FOTOLAR

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul edilib. Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Qurumun baş katibi Çjan Min deyib ki, Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a şərhində bildirdi ki,  Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti bütün dünyada çox diqqətlə izləndi. Sammitdən daha çox gözləntisi olan Rusiyanı maraqlandıran bir sıra suallara müsbət cavab verilməsi mümkünsüz idi. Belə də oldu: “Bəzi dövlətlər, ilk növbədə Çin nə qədər istəsə də Rusiyaya sammitə qədər etdiyi yardımları ciddi şəkildə artıra bilməz. Bir az daha çox neft və qaz almaqdan o tərəfə keçmək Çin üçün ciddi problemlər yarada bilər. Çünki Çinin ötən il 6 trilliyonu keçən ticarət dövriyyəsinin təqribən yarısı ABŞ-ın və ona yaxın olan dövlətlərin payına düşür. Son dərəcə ağıllı və ehtiyatlı siyasət apararaq dünyanın ikinci iqtisadi gücünə çevrilən Çin çox güman ki, bu siyasətdən imtina etməyəcək və Qərbin ”qırmızı xətlərini" keçməməyə çalışacaq. Bu baxımdan rəsmi şəkildə hərbi yardım göstərilməsi ehtimalı yoxdur və Rusiyanın gözləntilərinin özünü doğrultmayacağı şübhə doğurmur.

Qəbul edilən bəyanatdan belə nəticəyə gələmək olar ki, bölgənin nəhəng dövlətləri əsasən iqtisadi, ticari əlaqələrin dərinləşməsinə hazır olduqlarını ortaya qoyublar. Bu sammitin qərarlarının, aparılan danışıqların, əldə edilən razılaşmaların bölgənin gələcək taleyinə necə təsir edəcəyini zaman göstərəcək: “Aparıcı dövlətlər çox ciddi problemlərlə üz-üzədir. Rusiya böyük potensialı olan NATO ilə ölüm-dirim mübarizəsi aparır. Çinə qarşı qərbin təxribatları günbəgün artmaqdadır və onun yaxın 10-15 ildə dünyanın birinci iqtisadi gücə çevrilməsinin qarşısını almaq cəhdləri davam edir. Hindistanla Çin və Pakistan arasında ziddiyyətlər azalmayıb. Yüksək sürətlə inkişaf edən bu dövlət ABŞ və Rusiya arasında seçim edərək, qəti addımlar atmaq istəmir və mümkün qədər hərəkət sərbəstliyini qorumağa çalışır. Pakistandakı ”mübahisəli" hakimiyyət dəyişikliyi təəssüf ki, onun nüfuzuna təsir göstərdi. 

Şanxay əməkdaşlıq təşkilatındakə böyük dövlətlər hələ uzun müddət bu vəziyyətdə qalacaqlar. Bu baxımdan bölgəmiz üçün mühüm qərarlar ikitərəfli, əgər mümkün olsa üçtərəfli görüşlərdə qəbul oluna bilər. Ona görə də mən Səmərqənddə dövlət başçıları arasında ikitərəfli görüşlərə, onların arasında əldə olunan şifahi anlaşmalara daha çox önəm verirəm. Bu mənada də Azərbaycan Prezidentinin səfərinin məhsuldar olduğunu söyləmək üçün ciddi əsaslar var. Rusiya prezidentinin Azərbaycan, Türkiyə və Ermənistan prezidentləri ilə keçirəcəyi görüşlərdə mühüm qərarların qəbul olunduğu haqda danışmaq mümkündür. Rusiya Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ almaq üçün fəallaşmaq məcburiyyətindədir. Brüssel danışıqları və sərhəddə baş verən şiddətli qarşıdurma Rusiyanı tələsməyə və həm Türkiyə, həm də İranla bu istiqamətdə daha intensiv fəaliyyət göstərməyə  məcbur edir.  Bu səbədən Səmərqənddə Azərbaycan, Türkiyə, Rusiya və İran liderlərinin mütləq şəkildə Qafqaz xəritəsini də müzakirə etdikləri şübhə doğurmur. Bu müzakirələrin nəticələri necə olacaq? Bunu yaxın günlər və həftələr göstərəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR