Onlayn ictimai-siyasi qəzet
Sələmə pul götürdüyü şəxsi öldürməkdə ittiham edilən hərbçinin cinayət işi üzrə məhkəmə iclası baş çatıb. Onun ittihamı yüngülləşdirilib.
Muavat.com xəbər verir ki, Əsədov Elvin Səyavuş oğlunun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Elvin Əsədov 12 il müdətinə azadlıqdan məhrum edilib.
Prokuror Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məhkəmə belə qənaətə gəlib ki, Elvin mərhumu tamah niyyəti ilə öldürməyib. Belə ki, telefon danışıqları və mesajlardan məlum olub ki, Elvin hər ay Zamiqə götürdüyü pul üçün faiz ödəyirmiş. Sadəcə, son aylarda ödəniş edə bilməyib və Zamiqdən vaxt istəyib. Elvin növbəti ay 13 və 14-cü maaşlarını alacağını və borcunu tam bağlayacağını deyib. Lakin Zamiq bununla razılaşmayıb. Onlar arasında bu mövzuda bir neçə dəfə mübahisə olub. Sonuncu danışıqda onlar bir-birlərini təhqir edəndən sonra görüş təyin ediblər.
Elvin görüşə gələn zaman mağazadan bıçaq alıb. Elvinin sözlərinə görə mübahisə zamanı Zamiq onun ölən anasını söyüb. O da bıçaqla Zamiqi vurub.
İstintaq zamanı məlum olub ki, mərhum Zamiq narkotik vasitə istifadəçisi olub. Bunu təyin edilmiş ekpertiza da sübut edib.
Elvin ifadəsində deyib ki, mərhumu öldürmək niyyəti olub, amma yolda olan zaman fikrindən daşınıb: “Zamiqlə görüşəndə ana söyüşü söydü. Mən də vurdum. Onu tamah niyyəti ilə öldürməmişəm. Ayda 1800 manat maaş alırdım. Faizi də verirdim. Axırıncı dəfə dedim ki, səbr elə, hamısını verəcəm. Amma razılaşmadı”.
Elvin əməlindən səmimi peşman olduğunu və irəli sürülmüş ittihamın qəsdən adam öldürməyə tövsif edilməsini istəyib.
Məhkəmənin hökmündən mərhumun anası narazı qalıb. O, Elvinə ağır ittihamla cəza verilməsini istəyib.
Xatırlatma:
Məlumata görə Elvin qətlə yetirdiyi şəxsdən faizə pul götürübmüş.
Elvinin atası Səyavuş Əsədovun sözlərinə görə oğlu mərhum Zamiqdən 2500 manat faizə pul götürüb. Onun sözlərinə görə hərbçi olan oğlu bir ay ərzində 13 və 14-cü maaşlarını alaraq borcunu ödyəcəkmmiş. Lakin belə bir hadisə baş verib. Əlavə edib ki, oğlunun borcunu vermək üçün özü də kredit üçün banklardan birinə müraciət edibmiş. Qətl hadisəsindən bir gün sonra ona kredit verilib.
Hadisə otən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.
Rəsmi məlumata görə aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlkin Muradov,
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ