Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominitsisla görüş keçirilib. Görüşdə, həmçinin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin səlahiyyətlərini icra edən Ceyhun Mirzəyev iştirak ediblər.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla UNİCEF arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb: “Azərbaycanda insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ölkəmizlə BMT-nin Uşaq Fondunun arasındakı ikitərəfli əlaqələr çərçivəsində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə layihələr reallaşdırılır”.
Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi, həmçinin səhiyyənin modernləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Öz növbəsində Regina De Dominitsis Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, BMT-nin Uşaq Fondunun ölkəmizdə fəaliyyətinin 1993-cü ildən başladığını bildirib. O, UNİCEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqət vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual məsələlərə yönəlməsini diqqətə çatdırılıb. BMT-nin Uşaq Fondunun regional direktoru Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində ciddi addımların atılmasını müsbət qiymətləndirib.
Görüşdə, həmçinin prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ