Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. Tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu gün Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar.
Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib.
Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib.
Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib.
Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ