İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri həmkarları ilə ikitərəfli görüşlər keçirib

İstanbul şəhərində keçirilən “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalıyev, Gürcüstanın səhiyyə naziri Zurab Azaraşivili, Şimali Makedoniyanın səhiyyə naziri Fatmir Meciti və Kuba Respublikasının ictimai səhiyyə nazirinin müavini Tania Margarita Cruz Hernandezilə ikitərəfli görüşlər keçirib.

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə, tibb təhsilində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Keçirilən görüşlərdə tərəflər arasında Türk dünyası ölkələri üçün səhiyyənin rəqəmsallaşdırılmasının əhəmiyyəti, dünya səhiyyəsində yeni çağırışların tətbiqi və müxtəlif platformalara ehtiyac olduğu vurğulanıb.

Həmçinin, ölkələrdə səhiyyədə həyata keçirilən uğurlu islahatların nəticələri, elmi araşdırma mərkəzlərində aparılan tədqiqatlar, stomatologiya, daxili xəstəliklər, transplantasiya və tibbi turizmin inkişafı ilə bağlı əməkdaşlıq barədə danışılıb.

Həmçinin qeyd olunub ki, “IX Türk Tibb Dünyası Qurultayı” türkdilli dövlətlərdə tibb elminin müasir əsaslarla inkişafı, səhiyyədə mütərəqqi texnoloji həllərin, müasir müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, tədbirin səhiyyədə süni intellektin tətbiqi imkanlarının elmi əsaslarla araşdırılması, yeni tibb xidmətinin fəlsəfəsinin bərqərar olması, müasir standartların formalaşmasında əvəzsiz töhfələr verəcəyi bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR