Onlayn ictimai-siyasi qəzet
Jurnalist Elşad Paşasoy sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Paylaşımda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Zəfər gününə həsr olunmuş tədbirdən bəhs olunur.
Belə ki, Akademiyanın tələbələrinin hazırladıqları səhnəcikdə Şuşaya bayraq sancılması əksini tapır. Düşmən bayrağını endirərək dişləri ilə parçalayan yaralı əsgərin həmin an şəhid olması, digər əsgərin isə özünü yetirərək Azərbaycan bayrağını qoynundan çıxararaq azad olunmuş Vətən torpağından asması elə canlı oynanılır ki, həyəcanlanmamaq olmur. Zaldakı tamaşaçıların alqış sədalarından hiss olunur ki, tələbələrimiz real döyüş səhnəsini çox ustalıqla canlandırıblar.
Düşmən bayrağını dişləri ilə parçalayan və şəhidliyə qovuşan əsgərin obrazını olduqca canlı şəkildə oynayan tələbə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, 44 günlük müharibədə Kəlbəcər uğrunda döyüşlər zamanı yaralı yoldaşını xilas etmək istəyərkən şəhidliyə qovuşmuş Əli Nuru oğlu Rzalının qardaşı, Akademiyanın 3-cü kurs tələbəsi Elmir Rzalıdır. Qeyd edək ki, Yardımlı rayonu, Bilnə kəndində anadan olmuş və 19 yaşında şəhidliyə qovuşduqdan sonra doğma kəndindəki qəbristanlıqda dəfn edilmiş şəhid Əli Rzalı Elşad Paşasoyun bacısı oğludur.
Vətən Müharibəsi şəhidi Əli Rzalı Prezidentin Sərəncamı ilə “Rəşadət” Ordeni, həmçinin “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ