Onlayn ictimai-siyasi qəzet
Dəqiq yadəmdadır, Aleksandr Rıbakın “Evrovosoin” yarışmasında qalib gəldiyi günün ertəsi idi. (İndi də Google-də dəqiqləşdirdim ki, Rıbak 2009-cu ilin may ayının 16-da qalib gəlib, deməli, bu hadisə ayın 17-də olub).
Üç jurnalist bir məkanda yüksək mənsəbli bir dövlət məmuru ilə söhbət etməzdən qabaq məhz Rıbakın qələbəsindən, bizim Araşla-Ayselin 3-cü, Hadisənin 4-cü olmasından danışmışdıq və yekun rezümemiz də belə olmuşdu ki, kopolunun gədəsi çox yaxşı çıxış etdi. (Burada “kopolunun gədəsi” titulunu qazanan Rıbak idi).
Bu detalın məmurla söhbətə sırf günün təqvimini dəqiqləşdirmək üçün dəxli var. Amma məmurla söhbətimiz də çox səmimi alınmışdı. Ordan-burdan danışandan sonra həmin yüksək mənsəbli məmur dedi ki, siz bilmirsiniz (düz deyirdi, bilmirdik), bu hökumətdə elə adamlar var ki, xalqa xor baxırlar.
Əslində “xor” hissəsini bilirdik, amma xorda kimlərin solo oxuduğunu bilmirdik. Məmur bu sirri açdı, dedi ki, komandada şəhər uşaqları olan nazirlər var və bu yaxınlarda elə bir plan qurublar ki...
Biz elə bildik ki, məmur bundan o tərəfə getməyəcək, amma o, planın nə olduğunu, harada tərtib edildiyini dedi. Düzü, o riskə gedirdi, çünki necə olmasa da, jurnalistik, gedib yazardıq, danışardıq, adamın torbasını tikərdilər. Amma biz elə şey eləmədik, adam ürək qızdırıb, söz deyir, sensasiya yaratmaq xətrinə niyə etibarsızlıq edək, ona da, özümüzə də problem yaradaq?
Məmur dedi ki, bu yaxınlarda həmin şəhər uşaqları olan nazirlər şəhərətrafı lüks restoranlardan birində yeyib içirmişlər. Forel kababı, döymə lülə-kabab, təmis rus arağı, super şotland viskisi və s. təamların olduğu masada dəmləşən nazirlərdən biri deyib ki, uj eti bejentsı sovsem nadoyeli e, bratya (“yəni bu qaçqınlar tamam boğaza yığıblar e, qardaşlar”). O biri şəhər uşağı nazir maraqlanıb ki, v çyom delo (yəni “nə məsələdir”). Bu biri izah edib ki, heç nə, şəhərin ən yaxşı yerini tutublar, həm paytaxtın estetik görünüşünü pozurlar, həm də yolda-filanda əl-ayağa dolaşırlar.
Görünür, o şəhər uşağı nazir işə gələndə hansısa bir köçkün öz cırıq “Jiquli”si ilə bunun hərəkətinə mane olubmuş.
O biri şəhər uşaqları nazirlər də bu fikirlə razılaşıblar ki, paytaxta qaçqın-köçkün yaraşmır.
Əlbəttə, forel kababı uda-uda, şotland viskisi hortlada-hortlada söhbət edəndə adam özünü Hindistandakı kşatri zümrəsindən sayar, qaçqın-köçkün və kəndçi-kündçülər də gözünə şudralar kimi görünə bilər.
Bəs çıxış yolu nədədir? Nədə olacaq, şudraları paytaxtdan çıxarmaqda. Məclisi-üns bu qərara gəlib ki, səhər açılsın, yığışıb getsinlər ali rəhbərliyin qəbuluna, bu məsələni qaldırsınlar, şəhərdəki köçkünləri yığıb aparıb töksünlər aran rayonlarına.
Amma məclisdə ya şəhər uşağı olmayan, ya da dövlətçilik hissi daha ayıq olan bir nazir də olub və o, bu söhbətə görə əndişələnib, məclis tamama yetəndən sonra zəng edib “Qaçqnkom” Əli Həsənova, şəhər uşaqlarının planını ona çatdırıb. Əsli kənddən olsa da, “Sumqayıt uşağı” olan Həsənov narahat olub, köçkünlərin xasiyyətinə və mübarizə üsullarına bələd olduğundan düşünüb ki, elə bir şey olsa, köçkünlər Dərnəgüldə, “Şamaxinka”da, Şərizadədə yolları kəsərlər, özlərini yandırarlar, nə bilim, nələr edərlər, qarşıdurma yaranar, qanqaraçılıq olar. Ona görə də o, səhər açılan kimi, gecədən yeyib-içib, xurt düşüb yatmış şəhər uşaqlarını qabaqlayıb və planı pozub.
Bu söhbəti dinləyəndən sonra maraq güc gəldi, məmurdan şəhər uşaqlarının kimliyini soruşduq, demədi, eləcə onu dedi ki, ikisi mədəniyyət və idman sahələrinə baxırlar, o biri ikisini də özünüz araşdırın, görün, komandada şəhər uşaqları kimdir.
Bunu bilməyə nə vardı ki. Həmin adamların kimliyini bildik, amma yazmadıq. Çünki əldə video yox, səs yazısı yox, içki məclisində, türkün sözü, saçma-sapan bir söhbət olub, bunu necə ictimailəşdirəsən. Ara yerdə bir-iki elcanlı adamın başı yanacaqdı, onları ən azı işdən çıxaracaqdılar, ya da tutub salacaqdılar MTN-in 6-cı mərtəbəsindəki “zirzəmi”sinə.
İndi bu söhbəti iki səbəbdən yazıram: 1. Həmin şəxslərin hamısı artıq iş başında deyillər. 2. Saytlarda gedən xəbərlərdə həmin şəxslərin, yəni 16 il öncə kimliklərini təxmin etdiyimiz “şəhər uşağı nazirlər”i Rusiyaya işləməkdə ittiham edirlər.
“Rusiyaya işləmək” deyəndə bəzilərinin ağlı gizli casus olmağa, informasiya toplayıb ötürməyə gedir. Amma nazirlər başqa ölkəyə işləyəndə informasiya ötürmürlər, eləcə, özlərini yad ölkənin gələcək kadrları kimi aparırlar. O tərəfdəkilər də bilir ki, filan ölkədə filan qədər kadrları var, sabah lazım olacaqlar.
Yalan yazmışamsa, Etibar Seyidağanın cəddi barmaqlarımı bükülməz eləsin. O da ordaydı.
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ
elxan 27.02.2025 01:48