İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirlər səviyyəsində etirazlar bitdi - bəs sonra?

Rusiya təyyarə cinayətinə görə məsuliyyətdən yayınmağın yollarını axtarır və imperiya təfəkkürü tənqidləri həzm etmir - mütəxəssislər növbəti addıma da adekvat reaksiya olacağını açıqladılar

Azərbaycan təyyarəsinin Qroznı səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra Bakının hadisə ilə bağlı Moskvaya qarşı haqlı tələbləri, dövlət televiziyasında və ümumilikdə mediada əsaslı tənqidlərin səslənməsi, görünən budur ki, Rusiyanın xoşuna gəlməyib. Rəsmi Moskva qabaqdangəlmişlik edərək Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırıb.

Yada salaq ki, yanvarın 27-də Moskvadakı səfirimiz Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və onu nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Yanvarın 28-də isə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan XİN-ə dəvət olunub. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb. “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib. Beləliklə, səfirlər səviyyəsində etirazlar bitdi. Bundan sonra davamı nə olacaq? Diplomatik gərginliyin səngiməsi üçün xarici işlər nazirləri görüşməlidir, yoxsa dövlət rəhbərləri özləri yenidən danışmalıdırlar?

Yeri gəlmişkən, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadakı səfirimiz Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilməsinə münasibət bildirib. Sitat: “Səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır”. Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasının səfiri Mixail Yevdokimov da Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və rəsmi Bakının müxtəlif məsələlər üzrə, həmçinin əsas müzakirə mövzusu olan məsələ (təyyarə qəzası) barədə mövqeyi çatdırılıb.

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

Çingiz Qənizadə

Hüquq müdafiəçisi Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan mövqeyindən çəkilmir və tələblər qüvvədə qalır: “Rusiya gördü ki, biz də onların səfirini çağırıb mövqeyimizi çatdırdıq, geri çəkilmədik. Azərbaycan bu məsələdə tam haqlıdır və heç bir təzyiq qarşısında geri addım atmayacaq. Moskva bunu bilməlidir və növbəti addım nə olacaqsa, adekvat reaksiya verəcəyik. Fikrimcə, Kreml daha artıq gərginliyin olmasını istəməz. Çünki təzyiqin dozası artdıqca Azərbaycan da sərt cavablar verməli olacaq. Hazırda istintaq gedir, yaxın vaxtlarda həm Qazaxıstan, həm Azərbaycan təhqiqatın ilkin nəticələrini açıqlayacaq. İnanırıq ki, həm istintaqın ilkin nəticələri, həm "qara qutular"da olan məlumatlar elan edildikdən sonra Rusiya dövləti üzərinə düşəni yerinə yetirəcək". Ç.Qənizadə hesab edir ki, bunun əksini etmək müttəfiqlik sənədinin mahiyyətinə zidd addım sayılacaq, Rusiyaya olan güvən daha da itəcək: “Onsuz da ictimai rəy Rusiya siyasətinin əleyhinədir. Ancaq Rusiya Azərbaycanı özünə dost sayırsa, həqiqətləri etiraf etməlidir, tələbləri yerinə yetirməlidir. Bu halda, müttəfiqlik bəyannaməsinə sadiq qaldığı görünəcək. Hələ Rusiyadan dost hərəkət görmürük və son olaraq da səfirimizin çağırılması təzyiq xarakterli idi. Bundan sonrakı addımların nə olacağını söyləmək çətindir, amma istənilən halda, istintaqın ilkin nəticələri Rusiya üçün tələbləri yerinə yetirməyə kifayət qədər əsas olacaq”.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlıya görə, son günlər Rusiya mediası üzərindən Azərbaycana qarşı aparılan kampaniya Kremlin məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir. Onun zənnincə, təyyarənin vurulmasından sonrakı dövrdə Rusiya iki belə cəhd edib: “Vurulma faktın gizlədilməsi məqsədilə müxtəlif versiyalar tirajladılar; vurulma faktını gizlədə bilməyəndə məsuliyyətin bölüşdürülməsi gedişini etməyə çalışdılar. Hər iki cəhd nəticə vermədi, hazırda Bakıya qarşı informasiya hücumları, səfirin Rusiya XİN-ə dəvət edilməsi və s. üçüncü - təzyiq cəhdidir. Buna paralel olaraq, diplomatik kanallarla müzakirələr də davam edir. Putinin xüsusi nümayəndəsi Titovun 27-28 yanvarda Bakıya səfəri də bu kontekstdə diqqət çəkir”.

Təhlilçinin fikrincə, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək istəməyən Rusiya məsuliyyətdən yayınmaq, yaxud ən azı bölüşdürməyin yollarını axtarır: “AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı materialların bu həftə açıqlanması gözlənilsə də, proses uzanır. Əslində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nizamnaməsinə görə, mülki təyyarə qəzalarının səbəbləri ilə bağlı ilkin hesabat bir ay müddətində dərc olunmalıdır. Dekabrın 25-də baş verən qəzadan bir ay 4 gün keçməsinə baxmayaraq, hesabatın açıqlanması uzanır. Problemin Rusiyadan qaynaqlandığı sirr deyil”.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl

Təhlükəsizlik mütəxəssisi İlham İsmayılın sözlərinə görə, rəsmi Bakı bu illər ərzində iki ölkə arasında münasibətlərə xələl gəlməməsinə çalışıb: “Baxmayaraq ki, Rusiya həm tarixən, həm də son illərdə, xüsusilə 44 günlük müharibədən sonrakı üç il ərzində Azərbaycanın maraqlarına əks olan siyasət sərgiləyib. Son təyyarə qəzasına Rusiyanın hədsiz sayqısız yanaşması isə necə deyərlər, "bardağı daşıran son damla" oldu. Biz beynəlxalq hüquqa, təcrübəyə əsaslanan reaksiya gözləsək də, olmadı. Bu duruma tənqidi yanaşan Azərbaycan mediasının mövqeyi, görünür, Kreml üçün gözlənilməz olub və diplomatik etiraz qərarı verib. Hələlik diplomatik yolla. Rusiya Federasiyası bu gün nə qədər çətin dövrünü yaşasa da, imperiya ambisiyaları təfəkkürlərə hakim kəsildiyindən postsovet respublikası tərəfindən kiçik tənqidi belə sinirə bilmirlər".

Xatırladaq ki, dekabrın 25-də Azərbaycanın “Embraer-190" təyyarəsi Aktau hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb. Təyyarə Qroznı üzərində hava hücumundan müdafiə sistemi ilə vurulub. Prezident təyyarənin vurulmasının Rusiya tərəfindən ört-basdır edildiyini açıqlayıb və tələblər irəli sürüb - təzminat ödənilməsi və məsuliyyəti olanların istintaqa cəlb edilməsi...

Emil SALAMOĞLU,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR