İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirlər çağırış etdi: " Qadınlar onlayn bullinqə məruz qalır"- FOTOLAR, VİDEO

Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “DigitALL: Gender bərabərliyi üçün innovasiya və texnologiya” adlı konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfrans bir həftə öncə başlayıb. Təşkilati dəstəyi Böyük Britaniya səfirliyi, İsveç Səfirliyi və "Gender Hub" göstərib.

Konfransda regionlar da daxil olmaqla, 40 azərbaycanlı xanımla innovasiya, texnologiya və rəqəmsal bacarıqlar üzrə sahələrdə gender asaslı stereotiplər, bu stereotiplərlə mübarizə, rəqəmsal savadlılıq mövzuları müzakirə olunub.

Regionlardan gələn qızların 1 günlük nəqliyyat, yerləşdirmə və qidalanma xərcləri təşkilatçı tərəfindən qarşılanıb.
Bu gün keçirilən bağlanış mərasimində
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson çıxış edib.

Britaniyalı səfir rəqəmsal bərabərsizliyin aradan qaldırılmasında konfransın önəmini vurğulayıb. O, gender bərabərliyi ilə bağlı stereotiplərin aradan qaldırılmasının vacibliyindən danışıb:

"Rəqəmsal məkan daim inkişaf edir. Bu, bir sıra üstünlüklər yaratsa da, yeni problemlər də yaradır. Rəqəmsal platformanın qızlar üçün tam əlçatan olmasını gözləyirik. Rəqəmsallaşma geniş fəaliyyət sahəsini əhatə edir. Texnologiya vasitələri qızların təhsilini təkmilləşdirməyə, qadınların, qızların bizneslərinin inkişafını dəstəkləməkdə önəmli rol oynayır. Biz həmçinin texnologiya ilə bağlı sahələrdə qadınların fəaliyyətini dəstəkləməklə gender stereotiplərini qırmalıyıq".

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson isə bildirib ki, bəzən xanımların rəqəmsal platformalara girişi məhdud olduğu üçün onlar öz potensialını reallaşdıra bilmirlər. Səfir zorakılıq hallarının məyusluq doğurduğunu diqqətə çatdırdı: "Qadınlar onlayn bullinqə məruz qalır. Rəsmi statistikaya görə qadın jurnalistlərin 73 faizi rəqəmsal platformalarda bullinqə məruz qalırlar. İsveç hökumətinin gündəliyində əsas məsələlərdən biri məhz gender bərabərliyidir. Hökumətlərin gender əsaslı zorakılığı aradan qaldırmaq üçün müxtəlif imkanları var. "İstanbul Konvensiyası" nı misal çəkmək olar. Ümid edirik ki, Azərbaycan da "İstanbul Konvensiyası" na qoşulmaq istiqamətində irəliləyəcək".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR