Onlayn ictimai-siyasi qəzet
Bir neçə günə, inşallah, aprelin 10 və 11-də uca millətimiz Yaradanın və Nazirlər Kabinetinin qərarları ilə Ramazan bayramını qutlayacaqdır. Həmişə olduğu kimi, bayram fitrə zəkatının verilməsi qaydası müzakirə və mübahisələr doğuracaqdır. Əslində belə də olmalıdır, çünki bu ciddi məsələdir, bütün müsəlman aləmi fitrə, zəkat, sədəqə, yardım, ümumiyyətlə xeyriyyəçilik işlərinə qəlbən sədaqətlə yanaşır.
Məsələn, bir torpağın yağış suyu, yoxsa motorla suvarılmasının, fermerin qoyun, ya dana saxlamasının, gəlirin təmiz korrupsiya, yoxsa bir az da maaşla formalaşması kimi hallar zəkatın miqdarına təsir edən şəri hökmlərdir. Zəkat veriləsi şəxslər arasında pulu qurtarıb yolda qalan adamlar da qeyd edilir, biz qabaqlar “20 Yanvar” metrosu tərəfdə Sumqayıta getmək üçün pulu çatmayan xeyli insanlar görərdik. Lakin daha görmürük. Niyə? Çün, mübarək müsəlmanlarımız fond yaradıblar, kim Sumqayıta getmək istəsə ordan götürür, mürəxxəs olur. Nəticədə bir ictimai problem aradan qalxmışdır. İnşallah, Xırdalana metro tikiləndə lap yaxşı olacaq.
Ümumiyyətlə, bu cür fond, vergi, cəmaətin toplaşıb pul yığması kimi işlər müsəlman aləmində geniş yayılıbdır. Hara baxsan müsəlman həmrəyliyi görürsən. Bunlardan xüsusi qeyd edə bilərik İran-Ərmənistan, Fələstin-Livan, Qırğızıstan-Özbəkistan-Tacikistan qardaşlığını. Çoxdur, yadıma düşdükcə yazacam.
Elə bugünlərdə qədim dostum, şahmat üzrə FİDE ustası Loğman Quliyevlə görüşərkən ona böylə sual etdim ki, kimə fitrə vermək fikrindədir. Əziz hacı ərklə söylədi: “Əlbəttə, varlılara!” Dedim, bəs niyə böylə, cavabıyla məni “detski” mat qoydu: “Qardaş, Allah kimə verirsə, ona da vermək lazımdır”. Həqiqətən, fitrə zəkatını icra hakimi, rəis, prokuror, deputat, nazirlərə verməliyik.
Dərindən baxanda, Yaradanın hökmünə qarşı çıxmaq olmaz. O bilir kimə, nə, harda, nə zaman verir. Lazım olsa kasıba, yetim-yesirə bu dünyada özü də verərdi. Kasıblara o tayda cənnət var, varlılara bu tayda. Məsləhət belədir. Məsləhətinə şükür.
Dini motivdə bir əhvalat isə gözümüzün qabağında cərəyan etdi. Bu yaxında ABŞ səfiri Mark Libbi türmədəki jurnalistlərin vəkillərini yığıb görüşmüşdü. Həmkarlarımız arasında qısa ümid yarandı ki, yəqin Mark müəllim Azərbaycan hökumətindən xahiş eləyəcək, jurnalistləri azadlığa buraxacaqlar. Ramazan bayramı qabağı yaxşı xəbər olardı. Lakin ardıyca biz nə gördük? Səfir Xızı-Siyəzən tərəfə gedib və Beşbarmaq dağındakı məşhur Xıdır Zində pirinə çıxmışdır. Görünür mesaj verir ki, mənlik bir iş yoxdur, sizin əlacınız pirə qalıb. Əgər yaxın zamanda jurnalistlər azad olunsa, şübhəsiz, Beşbarmaq pirinin əhəmiyyəti artacaqdır. Mən səfirin foto-reportajını izlədim, pirə çoxlu nəzir verdiyini gördüm. Allah verən əlini kəsməsin. İnşallah, bir gün Qarabağa da getsin! (Üzərində çalışdığımız əsas milli ideyalardan, dövlətçilik planlarından biri ABŞ və Fransa səfirlərini nəyə görəsə İsa bulağına aparmaqdır, hələlik dirəniş göstərirlər).
Allahın şapalağı olmur ki. O bəzən işarələr verir, biz qanmırıq. Misal üçün, bu yaxında bir çoxqatlı bina təhvil verilmişdi, məlum olmuşdu onun birinci mərtəbəsində pilləkən qoyulmayıb. Sakinlər (nə gözəl sözdür, mənası qədim türkcə “sakit duranlar” deməkdir) ikinci qata faktiki uça-uça getməliymiş. Bundan narazılıq edirdilər. “Əcnəbi göydə balonlarla uçur”, sakinlərimiz ikinci mərtəbəyə uçmağa ərinir.
Halbuki, o binadan ev alanlar hansı yuvaya quş olduqlarını öncədən anlamalıydı. Niyə? Yazıram, özünüz baxın: binanı tikən şirkətin adı “Pilot Rezidens” imiş!
Mənzilə uça-uça çıxacaqlarını bu xalqa daha necə başa salmaq lazımdır?
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ