İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə qoşulanları təhqir edənlər - qanun məsuliyyət yaradır

Hüquqşünasdan xəbərdarlıq: “Seçkidə iştirak edən şəxslərə və siyasi partiyalara qarşı təhqirə və böhtana yol verilməsi halları qeydə alınarsa...”

Artıq 1 həftədir ki, seçki prosesinə start verilib. Mahiyyətcə tamamilə yeni dövr seçkisidir, əvvəlkilərdən ciddi fərqlənəcək, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycan üçün tarixi bir seçkidir. Bu prosesdən kənarda qalmaq siyasi təşkilatların aktivinə qara ləkə kimi yazıla bilər. 

Artıq müstəqil namizədlər sənədlərini MSK-ya təqdim edir, siyasi qurumlar namizədlərini müəyyənləşdirir və s. Bir kiçik qrip isə seçkiyə qatılanları yenə də təhqir etmək, aşağılamaq yarışına girişib. Milli Şura birmənalı olaraq bu xətti seçib. Seçki prosesini bu şəkildə qaralamaq, seçkiyə qatılan siyasi təşkilatları təhqir etmək məsuliyyət yarada bilərmi? Qanun nə deyir?

Demokratiya Və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a öncə bildirdi ki, özündə güc, təpər hiss edən partiya seçkilərdə iştirak etməlidir və mübarizəsini sivil yolla aparmalıdır: “Parlamentin buraxılmasını Milli Şura heç bir hüquqa sığmayan formada davranaraq Milli Məclisin buraxılmasını sual altına alır. Halbuki, Milli Məclisin buraxılması konstitusiyaya tamamilə uyğun şəkildə həyata keçirilib. Milli Şuradakı şəxslər, seçkidə uduzacaqlarını, güclərinin olmadığını əvvəlcədən hiss eləyən partiyalar seçkiyə qatılmaqdan imtina etməklə müxtəlif bəhanələr ortaya atırlar, seçki prosesini, seçkiyə qatılanları hədəfə alaraq hüquqa zidd mövqe ortaya qoyurlar. Bu yol düzgün yol deyil və heç bir partiyanı və heç bir siyasətçini irəli apara bilməz. Seçkidə iştirak eləyən siyasi partiyaları, siyasətçiləri, müstəqil şəxsləri, tanınmış ictimai-siyasi xadimləri seçkidə iştirak etdikləri üçün təhqir eləmək, aşağılamaq, seçkini indidən şübhə altına almaq əslində hüquqların pozulmasıdır, qanun pozuntusudur. Hər hansı namizədə və siyasi partiyaya qarşı tənqid ola bilər, amma təhqir və böhtana yol verilirlirsə şübhəsiz ki, bu hüquqi məsuliyyət yaradacaq. İstər seçki dövrü olsun, istər seçkilər olmayan dövrdə  təhqir və böhtan hüquqi məsuliyyət yaradır”.

Ç.Qənizadə qeyd etdi ki, kimlərinsə seçki kampaniyası dövründə seçkidə iştirak edən şəxslərə və siyasi partiyalara qarşı təhqirə və böhtana yol verməsi halları qeydə alınacaqsa yəqin ki, müvafiq orqanlar qanunun dili ilə həmin şəxslərlə danışmalı olacaq: “Heç kim düşünməsin ki, təhqir və böhtana, başqasının şərəf və ləyaqətini aşağılayan hərəkətlərə yol verəcək, ancaq məsuliyyətdən uzaq dayanacaq. 

Seçkidə iştirak edən namizəd və ya siyasi partiya təhqirə və böhtana məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmək hüququna malikdir. Kimlərsə qanunsuzluqla üzləşərlərsə bu hüquqlarından istifadə edə bilərlər". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR