İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə bir ay qalmış: İddiaçılar üçün son gün - bülletendə kimlər qalacaq?

Namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə bu gün başa çatır

Bu gün - yanvarın 8-də, saat 18:00-da prezidentliyə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. İndiyədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib, üç nəfərin - Prezident İlham Əliyevin, Razi Nurullayev və Zahid Orucun namizədliyi qeydə alınıb. 

Bu arada prezidentliyə namizəd İlham Əliyevin seçki fondu öz büdcəsini açıqlayıb. MSK-dan bildirilib ki, hazırkı prezidentin seçki fondunun rəsmi bəyan edilmiş büdcəsi 250 min manat məbləğində göstərilib. Bu məbləğ hakim partiya tərəfindən ayrılıb. 

Qüdrət Həsənquliyev: Vahid İstintaq Komitəsi yaradılmalıdır

Qüdrət Həsənquliyev

BAXCP sədri, prezidentliyə iddialı Qüdrət Həsənquliyev isə İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı danışarkən maraqlı bir təklif verib. Sitat: “Ölkəmizdə prezident seçkisi kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın”.

Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı - GlobalInfo.az

 Zahid Oruc 

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc “Yeni Müsavat” a şərhində qeyd etdi ki, qeydə alınmaq üçün tələb olunan sənədlər sırasında ilkin maliyyə hesabatı tələb olunur. Z.Oruc bildirdi ki, rəsmi bank hesabına daxil olunan ümumi vəsaitlər, o cümlədən ilkin maliyyə hesabatı verilməlidir: “Qanunvericilik normasına uyğun olaraq bizim hesabımızda öz vəsaitim və bir neçə şəxsin ianəsindən formalaşan 19 min manat vəsait göstərilib. İmzatoplama, texniki və təşkilati işlərin həyata keçirilməsi məqsədilə həmin məbləğdən 8 min manat xərclənib. Hesabatda həmçinin, özümün, ailəmin malik olduğu daşınan və daşınmaz əımlaka dair məlumat öz əksini tapıb. MSK hər namizədə aid məlumatı rəsmi saytında dərc edir.  Hesabat şəffaf şəkildə cəmiyyətə təqdim olunmalıdır. Biz də bunu həyata keçirmişik”.

Z.Oruc Q.Həsənquliyevin təklifini belə şərh etdi: “Qüdrət Həsənquliyev uzun illər ərzində siyasi həyatda mövqeyi ilə seçilən, prinsipiallığı ilə tanınan, dövlət və millət məsələlərində fəal şəkildə siyasi iradə ortaya qoyan, hər zaman belə məsələlərdə prinsipial davranış sərgiləyən parlament üzvü, namizədliyi irəli sürülmüş şəxs kimi fikirlərini mühüm arqumentlərə, ciddi faktlara dayanaraq ictimailəşdirir. Əlbəttə, məqsəd seçkiöncəsi terror hadisəsi baş verəcək mesajı vermək deyil. 44 günlük Vətən müharibəsində əldə oluna qələbə Azərbaycanın daxili sabitliyini, təhlükəsizliyini gücləndirmək baxımından müstəsna yer tutur. Azərbaycana qarşı terror təhlükəsi  hər zaman Ermənistandan, işğal edilmiş ərazilərdən, Qarabağda özünü xunta kimi aparan qüvvələrdən gəlirdi.  Artıq dövlətin və millətin əminliyi var ki, biz təhlükələrdən qorunuruq. Eyni zamanda terror üzərində qələbə qazanmışıq. Buna görə də sağlam mövqeyi ayırmalıyıq. Əminəm ki, 7 fevraldan öncə və sonrakı dövrdə millətimizin təhlükəsizliyi ən yüksək səviyyədə qorunacaq. Bununla yanaşı, müəyyən ictimai görüşlərin, aksiyaların, müxtəlif zallarda keçirilməsi məsələsində hər hansı fikir ayrılığı yoxdur. Hesab edirəm ki, Qüdrət Həsənquliyev bu prosesin istiqamətini daha fərqli yönlərə aparmağa çalışan qüvvələri nəzərdə tutur. Biz bu mövqeyə anlayış göstəririk. Məsələ terrorun olmaması üçün hər birimizin məsuliyyətinin artırılmasıdır”. 

Razi Nurullayev prezidentliyə namizəd oldu

Razi Nurullayev

MCP-nin prezidentliyə namizədi Razi Nurullayev isə “Yeni Müsavat”a bildirdi ki, büdcə böyük deyil. R.Nurullayev qeyd etdi ki, imzatoplama kampaniyasına müəyyən dərəcədə maddi yardım edən insanlar oldu, lakin seçki kampaniyası üçün maliyyə ciddi şərtdir: “Bütün qüvvəmizi səfərbər etmişik. Bu günə qədər üzvlərimiz və yerlərdə bizə yardım edən insanlar vəziyyətimizi bilərək, o cümlədən sonrakı mərhələdə vəsaitin daha çox təbliğat materiallarına xərclənəcəyini nəzərə alaraq, könüllü maddi dəstək olublar. Nəzərdə tutulan vəsaiti isə seçki təbliğatının materiallarına xərcləyəcəyik. Proses yekunlaşdıqda hesabatları təqdim edəcəyik. Ümumilikdə seçki prosesi ilə bağlı müşahidələr onu göstərir ki, insanların seçkiyə marağı zəifdir. Ölkədə seçki ab-havası Türkiyə, ABŞ və başqa ölkələrdəki kimi deyil. Bəlkə də bunun obyektiv səbəbləri var. Ortada çox güclü namizəd var. Ola bilər bu da insanların fəallığına təsir edir. Hələ ki, seçki kampaniyası başlamayıb. İnsanların fəallığı buna görə də aşağı ola bilər. Çalışırıq ki, elə proqram hazırlayaq, elə platforma təqdim edə bilək ki, həm fərqli olsun,  həm də insanları inandıra bilək. Fərqli yanaşma yaratmaq üzərində ciddi çalışırıq. Buna nail olacağımıza inanırıq. İnanıram ki, buna gücümüz çatacaq, vəziyyəti xeyli dəyişməyə nail ola biləcəyik”.

O ki qaldı Qüdrət Həsənquliyevin  açıq havada kütləvi tədbirlərin təşkilindən imtina edilməsi təklifinə, R. Nurullayev bu çağırışa qoşulduğunu bildirdi. 

Qeyd edək ki, namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb. Bu barədə Musavat.com-a Mərkəzi Seçki Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, STM-in sədri vəzifəsi mərkəzin İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğluna həvalə edilib.

Növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə bu gün başa çatır. Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Heydər oğlu Səfərovun, dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, 2024-cü il 6 yanvarda keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Növbədənkənar prezident seçkisində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb. Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və artıq təşviqat materialları üçün yerlər müəyyənləşdirilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR