İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidə bu dairələrdə kəskin RƏQABƏT OLACAQ - Sürpriz ADLAR

“Elə namizədlər ortaya çıxıb elə  təbliğat apara bilər ki, bu, sürpriz olar”

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası  avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Yada salaq ki, Yeni Azərbaycan Partiyasının namizədləri 125 dairənin hamısında mübarizə aparacaq.  İndi əsas diqqət hansı dairələrdə daha kəskin rəqabətin olacağıdır. Ekspertlər xüsusilə müxalifət partiya sədrlərinin qeydə alındığı dairələrdə kəskin rəqabətin olacağı gözlənilir.   

Məsələn, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə mübarizə aparır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri  Zahid Orucla 33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli  sürmüş iqtisadçı ekspert, REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli arasında da yarış maraqla gözlənilir. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin  namizədliyini irəli sürdüyü 81 saylı İmişli seçki dairəsindən YAP-ın namizədi Məmmədov İsrafil, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirhahmud Mirəlioğlunun isə 43 saylı Sumqayıt İkinci seçki dairəsindən  hakim partiyanın namizədi Tahir Mirkişili arasında da ciddi rəqabət olacağı söylənilir. 

Azad Vətən Partiyasının sədri Akif Nağı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən ciddi rəqibi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Xalq Partiyasının sədri Pənah Hüseynin 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən  rəqibi də zəif hesab edilə bilməz. YAP həmin seçki dairəsində  Kamal Cəfərovu yenidən deputat görmək istəyir. 

AĞ Partiyanın başqanı Tural Abbaslının 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən rəqibi isə tanınmış YAP-çı xanım  Məlahət İbrahimqızıdır. O, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin  36 saylı Xətai-Suraxanı dairəsindən rəqibi də YAP-çı xanımdır.  

10 saylı Binəqədi üçüncü seçki dairəsində də mübarizə diqqəti çəkir.  Bu dairədə  Müsavat Partiyasının başqan müavini Razim Əmraslanlı və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əsas iddiaçılar qismində görünür.  YAP bu dairədən bələdiyyə sədri Hümbət Hüseynovun namizədliyini irəli sürüb. 

Bu dairədən Demokratik İslahatlar, Yeni Zaman və Milli Cəbhə partiyaları da namizədlər irəli sürüb. 

Bəs seçkidə hansı dairələrdə ən kəskin rəqabət olacaq var?

Tural Abbaslı seçkilərin vaxtını və namizəd olacağını açıqladı

Tural Abbaslı

Mövzu ilə bağlı AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, bu ehtimalları indidən demək doğru deyil. Çünki elə namizədlər ola, elə təbliğatlar apara bilərlər ki, bu sürpriz olar. Yəni insanların tanımadığı elə namizədlər ortaya çıxa bilər ki, onların dairələri qeyd etdiyiniz dairələri kölgədə qoyar. 

Burada əslində təbliğat-təşviqat dönəminin gedişatından, yaradılan mühitdən, rəqabətə girən insanlardan çox şey asılı olacaq. Məsələn, rəqiblər çox gizlənməyəcəksə, debat dəvətlərini qəbul edəcəklərsə və yaxud aktiv təbliğat aparacaqlarsa, o zaman rəqabət mümkündür. Amma birtərəfli rəqabət maraqlı deyil".

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

Natiq Cəfərli 

33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli  sürmüş iqtisadçı ekspert, REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli isə qeyd edib: “Təbii ki, REAL nümayəndəsi kimi deyə bilərəm ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsində partiyanın sədri İlqar Məmmədovun qalib gəlmək şansı çox güclüdür və onunla rəqabət apara biləcək bir tək Asim Mollazadədir, o da ona görə ki, uzun illərdir həmin dairədən deputat olub. Təbii ki, digər partiya sədrləri, o cümlədən AĞ Partiya sədri Tural Abbaslının dairəsində də kəskin rəqabət gözlənilir.

Lakin qeyd etdiyim kimi, İlqar Məmmədovun qalib gəlmək şansı həddindən artıq yüksəkdir. Bu baxımdan, hesab edirəm ki, seçkidə 22-ci dairədə çox maraqlı mübarizə olacaq". 

Pənah Hüseyn barədə qərar verildi - FOTO - Turkustan.az

Pənah Hüseyn 

Xalq Partiyasının sədri Pənah Hüseyn isə sorğumuza bu cür cavab verdi: “Hesab edirəm ki, ortada heç bir rəqabət yoxdur. Amma  bilmək olmaz, bəlkə elə dairədən  elə namizəd olacaq ki, daha böyük təsir imkanına malik olacaq və rəqabət mühiti yarada biləcək. Bunu seçkinin gedişatında görəcəyik. İndidən nəsə konkret fikir söyləmək olmur”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirib: “Öncə qeyd edim, REAL sədri İlqar Məmmədov nə vaxt seçkilərdə heç olmasa 8-ci yer tutub? Amma mən 5 dəfə 2-ci yer tutmuşam. Ona görə də hesab edirəm ki, müqayisə bir qədər qüsurludur. Bəli, Mirmahmud Mirəlioğlu həmişə səs götürüb, amma elə adamlar var ki, onlar heç 3-cü yeri belə götürə bilməyiblər”.

Onu da qeyd edək ki, parlament seçkiləri ilə bağlı qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Belə ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, indiyə qədər 46 ölkə və 29 qurumdan 267 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK sədri əlavə edib ki, ATƏT Parlament Assambleyasının 60 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib. TBMM, Gürcüstan, Qazaxıstan, Rusiya parlament nümayəndələri, GUAM Qaradəniz İqtisadi Əməkdaşlıq təşkilatı seçkini müşahidə edəcək.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR